Siyasət 10:29 13.02.2023

Yaxın dövrlərdə Azərbaycanı nələr gözləyə bilər?

İndi geosiyasi vəzifələrin yerinə yetirilməsində aktiv faza başlayıb ki, bu da Azərbaycan və bütövlükdə region üçün qarşıdurma, müharibə risklərini artırır. İndiki mərhələdə həm də geosiyasi maraqlar ətrafında birləşmə prosesləri dərinləşir.

Elə həmin məqsədlə də Moskva Tehrandan silah almaqla və həmin silahlardan nümayişkəranə şəkildə Ukraynada mülki infrastruktura zərbələr endirməklə İranı öz təcavüzkar müharibəsində müttəfiqinə çevirməyə nail oldu. Bu haqda hələ o zaman bildirilmişdi. 

Qərb bundan sonra artıq İranla onun nüvə proqramına dair danışıqlar prosesinə qayıda bilməzdi. Bu gün görünən də budur. Belə vəziyyətdə Moskva-Tehran münasibətlərində daha da sıx əməkdaşlıq mərhələsi başlayır. 

Bu isə Qərbin, ilk növbədə də ABŞ-ın İranla bağlı daha bir qlobal layihəyə qarşı çıxmasına da əsas verir: "Şərq-Qərb Dəhlizinə". Daha doğrusu, onun İran üzərindən keçən hissəsinə. Demək, Tehranın artıq istəməsə belə Rusiyanın "Şimal-Cənub Dəhlizi" layihəsinə qoşulmaqdan başqa seçimi qalmır. 

Beləliklə, Azərbaycanı faktiki olaraq həmin dəhliz üzərində tranzit ölkəyə çevirə və həm də ölkənin suverenliyini məhdudlaşdıra biləcək layihə aktuallaşır. Bu arada sual yarana bilər ki, bəs "Orta Dəhlizə" qoşulan Azərbaycan suverenliyini itirmir? 

Xeyr, çünki həmin layihədə Azərbaycana tərəfdaş olan Qazaxıstan, Gürcüstan və Türkiyə iştirak edir. Amma məsələlər yuxarıda qeyd olunan itkilərlə də bitmir: həmin layihəyə qoşulacağı halda Azərbaycan həm Qərbdən, həm Mərkəzi Asiyadan, həm də Türkiyədən xeyli dərəcədə kənarlaşmış olur. 

Amma, bu da hələ tam siyahı deyil. Azərbaycan mənbələri Misir prezidenti Əbdül Fəttah əl-Sisinin Azərbaycana və Ermənistana səfərinin səbəbləri haqda demək olar ki, heç bir tutarlı arqument və ya analiz təqdim etmədilər.  

Odur ki, uzaq Misirin Azərbaycana və bölgəyə qəflətən artan marağının arxasında dayanan səbəblərə bir qədər aydınlıq gətirməyə çalışaq. Məsələ burasındadır ki, "Şimal-Cənub Dəhlizi" açılacağı halda bundan ən çox ziyan çəkən ölkələrdən biri də Misir olacaq. 

Ona görə ki, həmin dəhliz Süveyş kanalı vasitəsilə həyata keçirilən daşımaları kəskin şəkildə azaldacaq, bu isə iqtisadiyyatı onsuz da çətin durumda olan Misir üçün təkcə maliyyə itkisi deyil, həm də ölkənin bölgədəki rolunun azalması deməkdir.

Belə olduqda Yaxın Şərqdəki boşluğu sürətlə İran və Rusiya dolduracaq. Deməli, "Şimal-Cənub" layihəsinə qoşulmaq Azərbaycanın ərəb ölkələri tərəfindən daim və birmənalı olaraq dəstəklənməsinə də xələl gətirəcək.

Başqa bir təhlükə isə Rusiyaya tətbiq olunmuş sanksiyalar səbəbindən "Şimal-Cənub Dəhlizinin" ümumiyyətlə səmərəsiz ola biləcəyidir. Bu gün Rusiyanın Avropaya əksər yolları bağlanıb və onların nə zaman açılacağı da hələlik müzakirə predmeti deyil.

Yaranmış şəraitdə yuxarıda göstərilən səbəblərdən (Rusiya və İran tərəfindən təhdidlər) Azərbaycan üçün risklər daşıyan "Orta Dəhliz" "Bir Yol, Bir Qovşaq" layihəsinin ən əhəmiyyətli parçalarından birinə çevrilir. Baxmayaraq ki, onun nəzəri baxımdan gücü Çin-Avropa daşımalarının təxminən 10% təşkil edəcək.

"Orta Dəhliz" Azərbaycan üçün həm də ölkənin sınanmış ənənəvi müttəfiqləri və tərəfdaşları olan Türkiyə, Qazaxıstan və Gürcüstan kimi ölkələrə həm iqtisadi, həm də hərbi-siyasi əlaqələrin daha da möhkəmlənməsi deməkdir. 

İndi belə bir versiyanı da nəzərdən keçirək. Deyək ki, Azərbaycan "Şimal-Cənub" layihəsindən imtina edir. Bu halda ölkə həmin layihədə maraqlı olan Rusiya və İran tərəfindən hansı potensial təhdidlərlə üzləşə bilər və onlardan necə qaçmaq olar?

Ərəstun Oruclu