Dünya 18:58 20.08.2022

Yunanıstan və Almaniyadan sonra Portuqaliya da rusiyalılara viza qadağasına qarşı çıxdı

Portuqaliya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Eco” qəzetinə verilən məlumata görə, Portuqaliya hakimiyyəti bütün Avropa İttifaqı səviyyəsində rusiyalılara Şengen vizalarının verilməsinin qadağan edilməsi ideyasını dəstəkləmir

Nazirlik qeyd edib ki, Avropa sanksiyalarının məqsədi Rusiya xalqına deyil, "Rusiya hərbi maşınına” zərər verməkdir. Eyni zamanda, Lissabon avqustun 30-31-də Praqada keçiriləcək Aİ xarici işlər nazirlərinin görüşündə Rusiyaya qarşı viza məhdudiyyətlərinin müzakirəsində iştirak etmək niyyətindədir. Portuqaliya hakimiyyəti hesab edir ki, bu, Aİ-yə üzv dövlətlərin ümumi mövqeyinin inkişafına töhfə verəcək.

Paralel olaraq Almaniyada "yaşıllar”ın lideri Omid Nuripur müxalifət lideri Aleksey Navalnının sadə vətəndaşları cəzalandırmaq əvəzinə yüzlərlə rus oliqarxına məhdudiyyətlər tətbiq etmək təklifini müdafiə edib.
 
Nuripur qeyd edib ki, rus elitaları "Putin sisteminin bir hissəsi” olmaqla, Sankt-Tropezdə alış-veriş etməkdə davam edirlər. "Bu qəbuledilməzdir", - deyə o vurğulayıb.

Bundan əvvəl Yunanıstan və Kipr Rusiya vətəndaşları üçün turist vizalarının qadağan edilməsinə qarşı çıxıblar. Kipr Xarici İşlər Nazirliyinin katibi Kornelios Korneliu "Biz bu tədbirin ruslara münasibətdə heç bir dəyəri olduğunu düşünmürük", - deyib.

O, adada böyük rusdilli icmanın yaşadığına, məsələn, Limassolda Rusiyadan gələn 50 minə yaxın mühacirin yaşadığına diqqət çəkib. Həmçinin, Rusiya Federasiyasının vətəndaşları Kiprə gələn bütün turistlərin ümumi sayının 25%-ə qədərini təşkil edir.

Berlin də Avropa sərhədlərinin ruslar üçün bağlanmasına razı deyil. Almaniya kansleri Olaf Şolts bütün ölkə vətəndaşlarını Ukraynada müharibənin başlamasında günahlandırmamağa və onların həyatını çətinləşdirməməyə çağırıb. O qeyd edib ki, Kremlin siyasəti ilə razılaşmadıqları üçün Rusiya Federasiyasından çox adam qaçıb. Almaniyanın mövqeyi Fransa və Niderland tərəfindən dəstəklənir.

Viza qadağası təşəbbüsü müxtəlif dərəcələrdə Estoniya, Latviya, Litva, Çexiya, Slovakiya, Sloveniya, Finlandiya, Belçika, Polşa, Danimarka və Ukrayna tərəfindən dəstəklənir. Avropa Komissiyası tam qadağanı qeyri-mümkün və qanuna zidd hesab edir, lakin Avropa dövlətləri bunu milli səviyyədə tətbiq edə bilər.

Rusiya Xarici İşlər Nazirliyi xəbərdarlıq edib ki, əgər viza məhdudiyyətləri ayrı-ayrı ölkələr və ya bütün birlik səviyyəsində qəbul olunarsa, Moskva Aİ ölkələrinə cavab verəcək. Rusiyanın müdafiə naziri Sergey Şoyqu avropalı siyasətçiləri nasizmdə və rusofobiyada ittiham edib.

Nizami Bağırov