Dünya 17:39 02.03.2023

Yunanıstanda dəmiryolçular dəhşətli qatar toqquşmasından sonra tətilə başladı

Martın 1-də 46 nəfərin ölümü ilə nəticələnən böyük dəmir yolu qəzasından sonra Yunanıstanda dəmiryolçular və metropolitan əməkdaşları asossiasiyaları tətilə başlayıb.

Bu barədə Qaynarinfo Yunanıstanın "Protothema” nəşrinə istinadən xəbər verir.

Ümumyunanıstan Dəmir Yolları Federasiyasının faciəvi fəlakətə səbəb olan "hökumətin Yunanıstan dəmiryollarına göstərdiyi hörmətsizliy”ə görə 24 saatlıq tətil elan etməsindən sonra Afina metropoliten işçilərinin həmkarlar ittifaqı da oxşar addım atıb.

Afina metropoliten işçiləri həmkarlar ittifaqı cümə axşamı səhər saat 6:00-dan 12:00-a qədər tətilə çıxıb.

"İllərdir bizim həmkarlar ittifaqımız materialların, ehtiyat hissələrinin, texniki xidmət materiallarının böyük çatışmazlığından və istismar və texniki xidmət sahəsində bütün peşələr üçün böyük kadr çatışmazlığından şikayətlənir ki, bu da mövcud əməkdaşların işini yorucu edir", - deyə Afina metropoliten işçiləri həmkarlar ittifaqının bəyanatında bildirilir. 

Ümumyunanıstan Dəmir Yolları Federasiyası cümə axşamı dəmir yolu şirkətlərində çalışan bütün personalı əhatə edən 24 saatlıq tətil elan edib.

"Təəssüf ki, kadrların işə götürülməsi, daha yaxşı təlim, lakin hər şeydən əvvəl müasir təhlükəsizlik texnologiyalarının tətbiqi ilə bağlı daimi müraciətlərimiz həmişə zibil qutusuna atılır”, - federasiyadan bildiriblər.

Xatırladaq ki, irimiqyaslı qəza çərşənbə axşamı gecə yarısında baş verib. Təxminən 350 nəfərin olduğu sərnişin qatarı tuneldən çıxarkən yük qatarı ilə toqquşub.
Yerli dəmir yolu stansiyasının rəhbəri ehtiyatsızlıqdan adam öldürməkdə ittiham olunub və Yunanıstanın nəqliyyat naziri fəlakətdən sonra istefa verib.
Baş nazir Kiriakos Mitsotakis bildirib ki, qəza "faciəli insan səhvi" nəticəsində baş verib.

Nizami Bağırov