Siyasət 14:28 27.01.2023

Zahid Oruc: "Cinayətkar cəzalandırılmasa, Azərbaycanın cavabı fərqli və güclü olacaq"

"Cinayətkar cəzalandırılmasa, Azərbaycanın cavab tədbirləri fərqli və güclü olacaq”. 

Bunu Qaynarinfo-ya Sosial Tədqiqatlar Mərkəzinin (STM) Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Oruc deyib. Deputat vurğulayıb ki, hadisənin operativ hüquqi qiymətləndirilməsi və cinayətkarların dərhal cəzalandırılması baş verməsə, Azərbaycanın cavabı sərt olacaq:

"İranda Azərbaycan səfirliyinə edilən terror hücumu son 3 ildə ölkəmizə qarşı Tehran hakimiyyətinin yürütdüyü siyasətinin biləvasitə nəticəsidir. Bu hərəkətlərə sinxron səsləşən addımdır. Belə bir hadisə başqa bir zamanda gerçəkləşsəydi, hadisənin hüquqi kriminogen qiymətləndirməsi mümkün ola bilərdi. İndiki halda bizim siyasi mövqeyləri qabartmağımızın ən önəmli səbəbləri Vətən müharibəsindən sonra Azərbaycanının regional çəkisinin, nüfuzunun artması, millətimizin yeni kimliyə qovuşması, öz tarixi haqlarını daha çox dərk etməsi ilə bağlıdır”.

Zahid Orucun sözlərinə görə, bu hadisəni Ocaqnecat da daxil olmaqla İranın Azərbaycanda müxtəlif pərdələr, örtüklər, qüvvələr, ideologiyalar altında yerləşdirdiyi inhisarların zərərsizləşdirilməsinə cavab tədbiri kimi də qəbul edə bilərik. Deputat vurğulayıb ki, hadisəyə müxtəlif prizmalardan baxıla bilər:

"Əlbəttə, bu hadisə təkcə İranda baş verməyib. Eyni zamanda, bir müddət əvvəl elə həmin İran dairələrinin Londonda səfirliyimizə hücumunu da gördük. Orada da bayrağımızı yerə atmaqla mənliyimizə toxunmağa çalışdılar və səfirliyə ciddi maddi ziyan vurdular. Fransada da oxşar hadisələr gördük. Bu onun sübutudur ki, Azərbaycan bir çox dairələr üçün regional güclü bir dövlət kimi göründüyündən bunu "nəzərə” alanlar var. Onlar fərqlidirlər və bu, başa düşüləndir. Ancaq Xudafərin körpüsü ətrafında "əzələ nümayişi”nə çalışan, amma Yaxın Şərqdə daha çox terror fəaliyyətləri ilə öz maraqlarını sürdürən və xalqın milyardlarını bu cür təxribatlara xərcləyən qüvvələrin səfirlikdəki dəsti-xətti aydın görünür”.

Zahid Oruc bildirib ki, hadisəni ailə münaqişəsinə, kiminsə şəxsi davasına bağlanması, son dərəcə ucuz və qəti şəkildə dəlil kimi qəbul olunmayacaq arqumentdir:

"Bu, özlüyündə yekun olaraq Azərbaycanın qələbə hərakatından, azad torpaqlarımıza qayıdışdan, böyük milli idialardan, vahid dil, tarix və xalq anlayışından, Ermənistana qarşı apardığımız savaşdan daşındırmaq cəhdidir. Belə şantajlarla millətimizi qorxutmaq mümkün olmayacaq. Bakının cavab tədbirləri fərqli və güclü olacaq. Bunu hər kəs bilsin. Digər tərəfdən, dövlətimizi bu vasitələrlə strateji kursdan geri çəkindirmək mümkün deyil". 

Əhməd