Ölkə 14:29 30.05.2023

Zakir Fərəcovun qudasının restoranından oğurluq edən üç nəfərə ağır cəza verildi

Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qudasının yeni tikilməkdə olan restoranında oğurluq edən şəxslərə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, oğurluq hadisəsi Sumqayıt şəhəri, Sahil küçəsi, "Diana” restoranının yaxınlığında olub. 

Oğurluğu Ağdam rayon sakinləri  1979-cu il təvəllüdlü  Roman, 1974-cü il təvəllüdlü İbrahim və Sumqayıt şəhər sakini 1995-ci il təvəllüdlü Rüstəm törədiblər. Onlar yaşadıqları Sumqayıt şəhəri, Əlvan metal pansionatında "Diana”nın yanında yeni tikilən restorandan dəmir konsturuksiyaları götürmək qərarına gəliblər. 

Onlar Kənan Zeynalova məxsus ümumi dəyəri 1850 manat olan 115 ədədə yaxın armatur və 500 ədəd dəmir xamutları götürərək, sonradan satıblar. 

Məhkəmə iclasında təqsirləndirilənlərdən biri Rüstəm onlara elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərib ki, sudan dəmir yığıblar. Yığıdıqları dəmirləri "Qaz 24” markalı avtomobil sürücüsünə satıblar. Dəniz suyu çəkildiyindən, ordan yığılan dəmirlər obyektən 200 metr aralıda olub.

Məhkəmənin qərarı ilə Roman Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib və 2 il 8 ay azadlıqdan məhrum edilib. 
Eyni maddə ilə İbrahim və Rüstəm də 2 il 6 aylıq həbs cəzasına məhkum edilib. 

Qeyd edək ki, Sumqayıtda məşhur "Dalğa Kafesi", "Restoran Diana” Sumqayıt şəhər icra hakimiyyəti başçısının keçmiş müavini, hazırda Ərazi Maliyyə Müfəttişliyinin rəisi vəzifəsində çalışan Akif Zeynalova məxsusdur. Sözügedən obyektləri oğlanları Nicat Zeynalov və Kənan Zeynalov işlədirlər. Obyektlər qardaşların adınadır. Akif Zeynalovun (Zeynallı) oğlu Kənan Zeynalov "AtaBank”ın Sumqayıt filialının müdiri olub. Akif Zeynalov Çində fövqəladə və səlahiyyətli səfir işləyən oğlu Əkrəm Zeynallı Abşeron rayon İcra Hakimiyyəti başçısının böyük qızı ilə evlidir.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi iki il əvvəl pandemiya şəraitində zəruri qayda və tələblərə əməl edilməsinə nəzarət məqsədilə keçirdiyi monitorinqlər zamanı "Sumqayıt Şəhəri Elmar Market”də, "Dalğa Kafesi"ndə, "Restoran Diana”da, "Elit" tikinti materialları mağazası”nda, Nicat Zeynalova, Nazim Mikayılova məxsus pərakəndə ticarət obyektlərində pozuntular aşkarlamışdı.

Əhməd