Video 10:56 22.12.2022

Zelenski Baydenlə görüşdü: Çox ciddi məqamlar və açıqlamalar

Dekabrın 21-dən 22-nə keçən gecə Ağ Evdə ABŞ prezidenti Co Bayden və Ukrayna prezidenti Volodimir Zelenski arasında görüş keçirilib. Bu, genişmiqyaslı müharibə başlayandan bəri Ukrayna rəhbərinin ilk xarici səfəri çərçivəsində planlaşdırılıb. Prezidentlər Rusiyanın təcavüzünə qarşı mübarizədə gələcək əməkdaşlığı müzakirə ediblər.

Qaynarinfo Ukrayna prezidentinin səfəri barədə əsas məqamları və iki prezident arasında baş tutan danışıqların yekunları üzrə ölkə liderlərinin əsas açıqlamalarını bir araya toplayıb.

Zelenskinin səfərinə hazırlıqlar

Ukrayna prezidentinin ABŞ-a səfəri əvvəlcədən planlaşdırılıb. Xüsusilə Zelenski və Bayden dekabrın 11-də telefon danışığı zamanı bunu müzakirə ediblər.

İki mümkün tarix təklif edilib: 14 və ya 21 dekabr. Səfər yalnız dekabrın 18-də təsdiqlənib.

Ağ Ev administrasiyası qeyd edib ki, Co Bayden Volodimir Zelenskini Vaşinqtona dəvət edib, çünki ABŞ lideri hesab edir ki, Ukraynadakı müharibə yeni mərhələyə daxil olur.

ABŞ-a getməzdən bir gün əvvəl Volodimir Zelenski cəbhənin ən qaynar nöqtəsinə - Baxmuta baş çəkib. Məhz həmin zaman mümkün səfər və onun məqsədi - hərbi yardımı gücləndirmək barədə məlumatlar dərc edilib. 

Hərbçilər Ukrayna prezidentinə göndərdiyi silahlara görə təşəkkür etmək üçün Co Baydenə və Konqresə hədiyyə olaraq imzalı bayraq təqdim ediblər. Zelenski təşəkkürünü çatdıracağına söz verib, lakin qeyd edib ki, müttəfiqlərin dəstəyi kifayət deyil.
 


Zelenskinin səfər proqramı

Ukrayna prezidentinin ABŞ-a səfəri əvvəlcədən elan olunmayıb. Bu, yalnız dekabrın 21-nə keçən gecə ABŞ mətbuatının xəbərlərindən məlum olub.

Tezliklə Volodimir Zelenski, Co Baydenlə danışıqların, Konqresdə çıxışın və bir sıra ikitərəfli görüşlərin keçirilməli olduğu ABŞ-a səfərini rəsmən təsdiqləyib.

ABŞ prezidentinin rəsmi cədvəlinə əsasən, o, Volodimir Zelenski ilə Bakı vaxtıyla saat 23:00-da Ağ Evin cənub qazonunda görüşəcək. Bundan sonra Oval kabinetdə iki saatlıq danışıqlar başlayacaq.

Bayden və Zelenskinin yekun mətbuat konfransı Bakı vaxtı 22 dekabr saat 01.30-a planlaşdırılıb.

Danışıqların əsas mövzuları

Görüş ərəfəsində məlub olub ki, prezidentlər aşağıdakıları müzakirə etməlidirlər:

• döyüş meydanında gələcək fəaliyyətlərin planlaşdırılması;
• hərbi və humanitar yardım;
• ukrayna ordusunun təlimi;
• Rusiya Federasiyasına qarşı sanksiyalar;
• iqtisadi dəstək;
• energetika üzrə yardım.

Müharibəyə son qoymağın yollarının və Vladimir Zelenskinin "ədalətli sülh” düsturunun axtarışı ABŞ üçün həssas mövzudur. Belə ki, bu, Qərb liderləri arasında müəyyən mübahisə obyektinə çevrilib.

Volodimir Zelenski ABŞ-a səfərinin əsas məqsədinin təcavüzkara qarşı mübarizədə Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi olduğunu açıqlayıb. "Xüsusən də prezident Co Baydenlə Ukrayna və ABŞ arasında əməkdaşlığı müzakirə edəcəyik”, - deyə Zelenski bildirib.
Eyni zamanda, Ağ Evin mətbuat xidməti Ukrayna və ABŞ liderlərinin görüşünü Rusiya prezidenti Putinə Vaşinqtonun Kiyevi "lazım olduğu qədər” dəstəkləyəcəyinə dair siqnal kimi qiymətləndirib.

Volodimir Zelenskinin səfəri günü ABŞ prezidenti artıq "Patriot” raketdən müdafiə sistemi də daxil olmaqla yeni yardım paketini açıqlayıb.
Eyni zamanda, "Politico” Ukrayna nümayəndə heyətinin Ağ Evlə uzaqmənzilli raket sistemləri və ya ATACMS, həmçinin ABŞ-ın "Grey Eagle” və "Reaper” pilotsuz uçuş aparatlarının tədarükü məsələsini müzakirə etmək niyyətində olduğu barədə məlumat yayıb.

Baydenlə Zelenskinin görüşü
 
Zelenskini Ağ Evin qarşısında Bayden və ABŞ-ın birinci xanımı Cil Bayden qarşılayıb. Bunu dünyanın bir çox KİV-i canlı yayımlayıb


Zelenski Baydenə medal təqdim edib

Ağ Evdə iki prezidentin görüşü zamanı Ukrayna prezidenti amerikalı həmkarına HIMARS batareyasının ukraynalı komandirinin medalını təqdim edib.

Buna cavab olaraq Bayden "buna layiq deyiləm, amma dəyərlidir" deyib.
 


Baydenin mətbuat konfransında verdiyi açıqlamalar

Zelenski ilə görüşündən sonra keçirilən mətbuat konfransında Bayden ABŞ və müttəfiqlərinin artıq Ukraynaya göstərdiyi dəstəyin həcmini xatırladıb: 50 ölkə Ukraynaya 2000-dən çox tank və digər zirehli texnika, 800-dən çox artilleriya sistemi, 2 milyondan çox artilleriya mərmisi,  50-dən çox MLRS sistemi tədarük etməyi öhdəsinə götürüb. 

"Prezident Zelenski, mən istəyirəm biləsiniz, bütün ukraynalılar bilsin: biz bu yolun hər mərhələsində, nə qədər vaxt lazımdırsa, sizinlə olacağıq. Bütün nail olduqlarınız təkcə Ukrayna üçün deyil, bütün dünya üçün vacibdir", - Bayden deyib.

ABŞ prezidenti həmçinin Ukraynaya humanitar dəstəyin və Ukraynanın enerji infrastrukturuna, Rusiya terroruna qarşı mübarizənin vacibliyini qeyd edib.

Ukrayna ətrafında birlik. "Biz İkinci Dünya müharibəsindən sonra böyük bir Avropa ölkəsində böyük bir işğal görməmişik və Putinin öz yolunu dəyişmək istəməsini görmürük. Putin NATO-nu zəiflətmək istəyirdi, amma NATO-nu gücləndirdi. O, Avropanın parçalanmasını istərdi, amma əslində onun hərəkətlərinə görə Avropa birləşdi”, - Bayden bildirib.
 


Bayden qış və Putinin planları barədə danışıb

Bayden Zelenski ilə söhbəti zamanı vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putin qışdan silah kimi istifadə etməyə çalışır, lakin Ukrayna xalqı dünyanı ruhlandırmaqda davam edir.

"Biz Ukraynanın özünümüdafiə qabiliyyətini, xüsusən də "Patriot” raket batareyası ilə hava hücumundan müdafiəsini gücləndirəcəyik və Ukrayna qüvvələrinə onlardan istifadəni öyrədəcəyik”, - ABŞ lideri əlavə edib.

Zelenskinin mətbuat konfransında verdiyi açıqlamalar 

"Birləşmiş Ştatlara bu dəfəki səfər Ukrayna, Amerika ilə münasibətlərimiz və Amerika liderliyi üçün həqiqətən tarixi oldu. Bu müharibənin 300 günü ərzində biz münasibətlərimizdə həqiqətən yeni mərhələyə başlamışıq, 100 faiz real məzmunla dolu olan real ittifaq səviyyəsinə çatmışıq, mən bu gün bütün görüşlərimdə, bütün danışıqlarımızda bunu hiss etdim”, - deyə Zelenski bildirib.

Zelenski Baydenə Ukraynanı dəstəklədiyinə və anladığına, beynəlxalq hüquqi nizamın möhkəmləndirilməsi üçün beynəlxalq koalisiya qurduğuna və qoruduğuna görə təşəkkür edib.

"Mən Baydenə şəxsi səylərinə, dünya ictimaiyyətini birləşdirən məqsədyönlü müdrik addımlarına görə minnətdaram”, - Ukrayna prezidenti əlavə edib.

Zelenski həmçinin ABŞ Konqresinə ikipalatalı dəstəyə görə təşəkkür edib.

"Bu gün bütün danışıqlarımın əsas məsələsi Ukraynanın güclənməsidir. Evə qayıtmaq üçün gözəl xəbərlərimiz var. Prezident Bayden bu gün təxminən 2 milyard dollarlıq yeni hərbi yardım paketini elan etdi və bu paketin ən güclü elementi "Patriot” kompleksidir - hava hücumundan müdafiəmizi əhəmiyyətli dərəcədə gücləndirəcək bir silahdır. Bu, Ukrayna üçün effektiv hava "qalxanının” yaradılmasında mühüm addımdır, yalnız bu yolla biz terror dövlətini onun əsas terror alətindən - şəhərlərimizi, energetikamızı, insanlarımızı vurmaq qabiliyyətindən məhrum edəcəyik. İnanıram ki, Konqresin tərkibində istənilən dəyişikliyə baxmayaraq, ikipalatalı və ikipartiyalı dəstək davam edəcək. Bunun üçün çalışan hər kəsə təşəkkür edirəm”, - o əlavə edib. 
 


Zelenski Ukraynanın təklif etdiyi sülh düsturunu da xatırladıb.

"Əsas məsələ sülhün düsturudur, biz çox konkret məqamlar təklif edirik. Amerika onların yerinə yetirilməsi üçün yardım edə bilər. Biz Global Peace Formula Summit və Ukraynanın ərazi bütövlüyünü necə bərpa ediləcəyinin axtarışını təklif edirik", - prezident deyib.

Zelenski Ukraynanın müdafiə qabiliyyətinin yaxın aylarda necə gücləndiriləcəyinə dair indi aydın bir anlayış olduğunu da vurğulayıb və təfərrüatlara varmadan bunun üçün Baydenə təşəkkür edib.

Ədalətli sülh. Mən ədalətli sülhün nə olduğunu bilmirəm. Ədalətli müharibə varmı? Bizim üçün sülh müxtəlif yollarla ədalətlidir. Bir prezident kimi mənim üçün ədalətli sülh torpağımızla, ərazi bütövlüyümüzlə, suverenliyimizlə bağlı heç bir güzəştə getməmək, Rusiyanın təcavüzü nəticəsində dəyən bütün zərərin ödənilməsi deməkdir... Mən hesab edirəm ki, müharibə böyük faciədir və nə qədər çox davam edəcəksə o qədər çox valideynlər (Rusiya Federasiyasının təcavüzü nəticəsində övladlarını itirənlər - red.) qisasla yaşayacaqlar, onların yaşamasının başqa mənası yoxdur. Bu canilərin bizə gətirdiyi müharibədə ədalətli sülh yoxdur.

Putinə siqnal. O ki qaldı Putinə hansı mesajı göndərim? Mən ABŞ-da prezident Baydenin yanındayam, çünki ona insanlığına görə bir insan kimi, bir prezident kimi, bir kişi kimi hörmət edirəm. Mənim üçün bu subyekt tarixi şəxsiyyətdir. Prezident Baydenə mesajlar göndərə bilərəm. Məsələn. Siz "Patriot”dan sonra nə olacağını soruşdunuz. "Patriot”dan sonra biz yenidən prezident Baydenə işarə edəcəyik ki, "Patriot”a sahib olmaq istəyirik. Prezident Putinə gəlincə, 2019-cu ildə Normandiya görüşümüz oldu, sonra prezident Putinə maksimal mesaj göndərdik ki, tammiqyaslı işğal olmasın. O, hamıya deyirdi ki, heç vaxt genişmiqyaslı müharibə olmayacaq. Hamıya yalan danışdı. O, həyatımızı zəhərlədikdən sonra ona hansı mesajlar göndərilə bilər? Deyir ki, Ukraynadan sonra daha da irəli gedə bilərlər. Dünyaya xəstə münasibəti olan, tamamilə qeyri-adekvat bir insana niyə mesajlar göndərilsin ki?

Nizami Bağırov