Siyasət 13:50 11.08.2022

Zelenski demək istəyir ki... – Zərdüşt Əlizadənin şərhi

Ukrayna Prezidenti Volodimir Zelenski növbəti dəfə Rusiyaya meydan oxuyub. Belə ki o, artıq 6 aya yaxın davam edən müharibənin hansı şəraitdə bitəcəyinə dair açıqlama verərkən, savaşın Krımda başladığı kimi, Krımda da torpaqların azad edilməsilə yekunlaşacağını deyib. Əvvəlki açıqlamalarında o, mövzu ətrafında bir qədər fərqli açıqlamalarla çıxış edirdi. Belə ki, əvvəlllər Zelenski Rusiyanın ölkəni işğal etməyə başladığı fevralın 24-dən əvvəlki mövqelərinə çəkiləcəyi təqdirdə atəşkəsi qəbul edəcəklərini bildirsə də, Krımın Ukraynaya qaytarılmasını sülh şərtləri arasında sadalamırdı.

Ukrayna Prezidentinin son açıqlamasına Qaynarinfo-da münasibət bildirən politoloq Zərdüşt Əlizadə bildirir ki, Zelenski müharibənin gedişinə əsaslanaraq Krımla bağlı yuxarıda qeyd etdiyi fikirləri səsləndirib:"Zelenski Rusiyanın ölkəni işğal etməyə başladığı fevralın 24-dən əvvəlki mövqelərinə çəkiləcəyi təqdirdə atəşkəsi qəbul edəcəklərini bildirəndə, yalnız atəşkəs elan edəcəklərininəzərdə tuturdu. Bu isə müharibənin bitməsi anlamına gəlmir. Azərbaycanla Ermənistan arasında da 1994-cü ildən 26 il ərzində atəşkəs rejimi hökm sürürdü. Sonra müharibə başladı və Azərbaycan qalib gəldi. Zelenski də vaxtilə deyib ki, fevralın 24-də olan vəziyyətə qayıdılacağı təqdirdə, Rusiya ilə atəşkəs mümkündür. Amma bununla belə o, deməyib ki, müharibənin bitməsi barədə sənədə imza atacaq, Krımın, Donetsk və Luqanskın itirilməsini tanıyacaq. İndi isə Zelenski müharibənin gedişinə əsaslanaraq, Ukraynanın qələbə çalmaq imkanının olduğunu görür. Ona görə də açıq şəkildə heç bir danışıqlara getməyəcəyini bəyan edir. ABŞ Prezidenti də ölkəsinin Ukrayna torpaqlarının ilhaq edilməsini tanımayacağını bəyan edib. Bütün bunlar Rusiyanın tək qalması deməkdir. Qərbin bütün imkanları Rusiyaya qarşı müharibədə Ukraynanın sərəncamına verilib. Nəticədə Ukraynaya artan sürətlə mükəmməl, müasir silahlar verilir”. 

Həmsöhbətimizin fikrincə, artıq strateji təşəbbüs Ukraynanın tərəfindədir.Bir müddətdən sonra cənub cəbhəsində Rusiyanı ağır  məğlubiyyət gözləyir:"Ondan sonra da Krımın qaytarılması məsələsi gündəmə gələcək. Krımdakı bir aerodrom və hərbi anbara Ukraynanın raket zərbəsi endirməsi də bu mənada təsadüfi deyil. Ona görə Rusiyanın heç səsi çıxmadı. Prosesin gedişi ondan xəbər verir ki, Ukrayna Krımı da geri qaytara biləcək”. 

Rüfət Sultan