Dünya 14:01 06.01.2023

Zelenski Putinin atəşkəs təklifindən niyə imtina etdi?

"Zelenski təklifin səmimi olmadığını anladığından Putinin "Milad atəşkəsi” istəyini rədd edib”. 

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli Rusiya prezidenti Vladimir Putinin "Milad atəşkəsi" qərarını qəbul etməyən Ukrayna lideri Volodimir Zelenskinin addımını şərh edərkən deyib.

"Əslində ən pis sülh, ən uğurlu müharibədən daha yaxşıdır. Ən adi sülh çağırışı gələcək danışıqlar üçün baza rolunu oynaya bilər. Ancaq Ukrayna müharibəsində vəziyyət tamamilə fərqlidir. Qərb dünyası bütün hərbi-siyasi gücü ilə Kiyevin arxasında dayanıb. Qərbin məqsədi Rusiyanı çökdürməkdir. Rusiya isə doğrudan da bataqlığa düşüb. Onun resursları tükənməkdədir”, deyə politoloq bildirib.



Onun fikrincə, Zelenskinin Kremldən gələn "Milad atəşkəsi” təklifini qəbul etməməsinin obyektiv səbəbləri də var: 

"Zelenski də tam şəkildə Qərbin dəstəyinə əmin olduğundan, habelə Rusiyanın "Milad atəşkəsi” təklifinin hiylə olduğunu anladığından Kremldən gələn həmin mesajı qəbul etməyib. Ukrayna prezidenti başa düşür ki, Kremldən gələn bu sülh çağırışları səmimi deyil. Çünki Rusiya olan yerdə heç zaman sülh olmur. Rusiya siyasi-hərbi baxımından hər zaman dağıdıcı qüvvə kimi yadda qalıb. Bu müharibənin də sonu yoxdur. Ya Putini devirəcəklər, ya hansısa bir sui-qəsd hadisəsi baş verəcək və Putin öləcək”. 

Qeyd edək ki, provoslavların Milad bayramı ilə əlaqədar olaraq Rusiya Provoslav Kilsəsinin partiarxı Kiril həmin ərəfədə Ukrayna cəbhəsində atəşkəsin elan olunmasına çağırış edib. Onun bu müraciətini nəzərə alan Putin Müdafiə Nazirliyinə də 6 yanvar saat 12:00-dan 7 yanvar saat 00:00-dək Ukraynada tərəflər arasında bütün təmas xətti boyunca atəşkəs rejimini tətbiq etməyi tapşırıb. Lakin Zelenski təklifi rədd edib. Onun sözlərinə görə, Rusiya atəşkəslə yeni işğala yol açır. 

Rüfət Sultan