Dünya 14:29 08.07.2022

Zelenski: Qərb silahları nəhayət öz təsirini göstərir

Ukrayna qüvvələri, nəhayət ki, Qərb silahlarının Rusiya ilə müharibənin cəbhə bölgələrinə təsirini görür.

Qaynarinfo "The Guardian”a istinadla xəbər verir ki, bu barədə Volodimir Zelenski deyib

Gecə televiziya çıxışı zamanı Zelenski bildirib ki, Qərb təchizatları sayəsində Ukrayna qüvvələri Ukraynanın cənub cəbhəsindəki Xerson və Zaporojiya bölgələrində iki istiqamətdə irəliləyir və Rusiyanın bəzi logistik anbarlarını vurmaqla Rusiyaya ağır zərbələr endirirlər.

Zelenski deyib ki, nəhayət ki, Ukrayna Qərb artilleriyasının çox güclü işlədiyini hiss edir. 

"Anbarlara və Rusiyanın logistikası üçün vacib olan digər nöqtələrinə nəzərə çarpan zərbələr vurulub. Ukraynanın zərbələri Rusiya ordusunun hücum potensialını əhəmiyyətli dərəcədə azaldıb”,- deyə o bildirib.

Ekspertlər deyirlər ki, Qərb texnikası Rusiya qüvvələrini geri çəkmək üçün həlledici rol oynasa da, Qərb Ukraynanın müharibədə uduzmasını istəmirsə, təchizatını genişləndirməli və hətta öz müdafiə sənayesini səfərbər etməlidir. 

Kiyevdəki Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin sədri Sergey Kuzan bildirib ki, Ukrayna Himarslar və haubitsaların gəldiyi andan cəbhədə fərq hiss edib. 

"Bu, bizə artilleriya duelində iştirak etməyə imkan verir. Daha uzaq mənzilli raketlərlə biz Rusiya artilleriyasının 20-dən çox anbarını məhv etdik və bu, Rusiyanın hücumunu ləngidib. Onlar daha diqqətli olmalıdırlar”,- deyə o bildirib.

Hərbi ekspert, Ukrayna və Sovet hərbi kəşfiyyatının keçmiş rəsmisi İvan Seçin deyib ki, Qərb silahlarının Rusiya bazalarına endirdiyi zərbələr Rusiya qüvvələrini maddi-texniki bazasını məhv etdiyi qədər ruhdan salmağa da kömək edib.

Nurlan Hüseynov