Dünya 13:45 03.06.2023

Ərdoğanın yeni hökumət komandası: Hansı dəyişikliklər olacaq?

"Ərdoğan yeni komandasına müasir düşüncəyə və islahatlara meylli adamları cəlb edəcək”. 

Bunu Qaynarinfo-ya açıqlamasında "Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərdən sonra hansı komanda ilə işə davam edəcəyini şərh edərkən deyib. 

Ekspert bildirib ki, Türkiyənin əsas problemi sosial-iqtisadi məsələlərlə bağlıdır: 



"Ona görə də Ərdoğan yeni komanda formalaşdırarkən məhz iqtisadi blokda dəyişikliklər edəcək. Yeni formalaşan hökumət diqqəti daha çox məhz bu istiqamətə yönəldəcək. Düşünürəm ki, bu müstəvidə Ərdoğan yeni komandasına islahatçıları, yeni texnologiyaları bilən simaları cəlb edəcək. Bu zaman da mütləq deyil ki, iqtisadi sektora siyasi xadimləri gətirsin. Komanda peşəkarlardan ibarət ola bilər. Xarici işlər, müdafiə sahəsində isə hər şey uğurla gedir. Ona görə də bu postlarda dəyişiklik edilməyəcək”.

Politoloq Cümşüd Nuriyev də düşünür ki, Ərdoğan komandasında bir sıra dəyişikliklər edəcək. Onun sözlərinə görə, Türkiyədə iqtisadi vəziyyət ürəkaçan deyil.



"Ərdoğanın iqtisadi komandası güclü deyil. O, yeni iqtisadi komanda yığmalıdır. Əks təqdirdə, Ərdoğan verdiyi sözlərin heç birini icra edə bilməyəcək. 48 faiz seçicinin Ərdoğana səs verməməsi əhalinin ölkənin iqtisadi vəziyyətindən narazı olduğunun göstəricisidir. Problemləri həll etmək üçün köhnə komanda Ərdoğanın işinə yaramayacaq. Düşünürəm ki, o komandasını dəyişəcək. Xarici işlər və müdafiə nazirlərini isə dəyişməyəcək, onlar yerində qalacaq”, deyə politoloq fikrini yekunlaşdırıb. 

Rüfət Sultan