Hüseynbala Səlimov
Dünya 12:50 20.03.2023

Finlandiyaya “hə”, İsveçə isə “gözlə!”...

Qardaş Türkiyənin guya NATO daxilində Rusiyanın maraqlarına lobbiçilik etməsi haqqındakı gümanlar növbəti dəfə yalan oldu – prezident Rəcəb Tayyib Ərdoğan ötən həftənin sonlarında NATO-nun Baş katibi Yens Stoltenberqlə telefon danışığında dedi ki, Böyük Millət Məclisi artıq Finlandiyanın Alyansa üzvlüyü ilə bağlı protokolların ratifikasiyasına başlayıb.

İsveçə gəldikdə isə, Stokholm Türkiyənin tələblərinə əməl etməyə tələsmədiyinə görə Ankara da bu ölkənin NATO-ya üzvülüyü ilə bağlı zəruri prosedurlara başlamağa tələsmir. Stokholmun davranışı həqiqətən də maraqlıdır, çünki burada sual yaranır: doğrudanmı, İsveçin maraqları və təhlükəsizliyi kürd separatçılarının maraqlarından daha önəmsizdir?

Bilirsiniz, biz siyasi həmrəyliyin nə demək olduğunun fərqindəyik. Amma terrorçularla həmrəyliyin nə demək olduğunu anlaya bilmirik və başa düşə bilmirik ki, niyə İsveç diplomatları bu məsələ üzərində Ankara ilə birlikdə çalışmağa tələsmirlər?

Bəs onda Stokholm nəyə ümid edir? Türkiyəyə rəqib ölkələrin çoxu kimi onlar da qarşıdakı prezident və parlament seçkilərinin nəticələrini gözləyir, Türkiyədə keçirilən bütün sorğuları diqqətlə izləyirlər. Əlbəttə, onlar müəyyən qədər haqlıdırlar, çünki seçkiqabağı rəy sorğuları hakim partiya üçün 40 faizdən artıq nəticə göstərmir. Bu isə qələbənin ən azı çətin olacğaını deməyə əsas verir. Amma bizə elə gəlir ki, seçkini indiki prezident Ərdoğan udacaq, çünki onun son vaxtlarda beynəlxalq reytinqi artmaqdadır. Düzdür, ölkədə problemlər çoxdur: iqtisadi problemlər bir tərəfə, zəlzələ və daşqınlar Türkiyəni əməlli-başlı çalxaladı. Ona görə də belə güman edirik ki, seçkinin ağırlıq mərkəzi daha çox parlament seçkilərində özünü göstərəcək. Bir neçə il bundan əvvəl müxalifət bələdiyyə seçkilərində bütün böyük şəhərlərdə üstün nəticə göstərmişdi.  

Maraqlısı budur ki, seçkinin nəticələrini təkcə İsveç gözləmir. Hətta Ermənistan və İran da diqqətlərini Türkiyədəki siyasi proseslərə cəmləyib. Bu qəbildən olan siyasi müşahidəçilər belə güman edir ki, Ərdoğan seçkini uduzsa, onun yerinə gələn növbəti prezident başıaşağı bir adam olacaq, regional məsələlərdə guya Türkiyənin iştirakını azaldacaq və Qərbin bütün tələblərinə birmənalı şəkildə "hə” deyəcək. 

Amma bizə elə gəlir ki, bunlar heç bir əsası olmayan siyasi fərziyyələrdir. Belə bir şey olmaycaq. Bunu deməyə bizə bir detal da əsas verir. Bu günlərdə Rusiya saytlarının birində bir türk politoloqunun yazısı dərc olunmuşdu. Adı da "Türkiyə Ərdoğandan sonra” idi. Hiss olunurdu ki, müəllif Ərdoğanı sevmir, hətta Azərbaycana soyuq yanaşır. Amma türk politoloqu belə hesab edir ki, hətta prezident Ərdoğan seçilməsə belə, Azərbaycana qarşı münasibət dəyişməyəcək. Doğrusu, bizi də düşündürən əsas məqam budur, çünki Azərbaycanın hələ həll olunmamış problemləri var qarşıda. Ən başlıcası da istəməzdik ki, indiki məqamda, nə vaxt ki, Tehran bölgədə min oyundan çıxır və Azərbaycana qarşı ən müxtəlif təhdidlər nümayiş etdirir, qardaş Ankara bizi tək qoysun.

Qeyd etdiyimiz türk müəllif belə hesab edir ki, Türkiyə İran münasibətlərində də hər hansı dəyişiklik baş verməyəcək, ən azı ona görə ki, son dörd yüz ildə bu münasibətlər demək olar ki, dəyişməz və sabit qalıb. Amma bizə elə gəlir ki, qardaş Türkiyə İranın Azərbaycana qarşı təhdidlərinə biganə qala bilməz. Təsadüfi deyil, ötən həftə belə xəbərlər yayıldı ki, Türkiyə və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub və onlar Azərbaycan - İran münasibətlərini müzakirə ediblər.

Qərəz, biz bilmirik ki, il nə üstündə gəlib, çünki heç bir vaxt astrologiya ilə, şərq-qərb təqvimlərilə maraqlanmamışıq. Amma ilin ilk ayları belə güman etməyə əsas verir ki, 2023-çü il gərgin olacaq. Bütün hallarda siyasi müşahidəçilər və təhlilçilər darıxmayacaqlar, onlar üçün çözülməli və araşdırmalı problemlər çox olacaq...
 
Hüseynbala Səlimov