Siyasət 16:27 27.03.2023

“Futbol diplomatiyası” nə vəd edir?

"Ermənistanla Türkiyə arasında baş tutan futbol yarışının "Sürix protokolu” və Abdullah Gülün dövründəki "futbol diplomatiyası” ilə müqayisəsi doğru deyil”. 
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu Ermənistan və Türkiyə futbol yığmaları arasında keçirilən oyunun ölkələr arasında diplomatik yumşalmaya səbəb olub-olmayacağına aydnlıq gətirərkən deyib. 

Ekspert qeyd edib ki, Ermənistan tərəfindən adekvat münasibət olmayana qədər, münasibətlər normal məcraya daxil olmayacaq:



"Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Ermənistan - Türkiyə oyununa hər hansı bir şəkildə xüsusi rəng qatmaq doğru olmaz. Son zamanlar Ankara Azərbaycan-Ermənistan, habelə Türkiyə-Ermənistan münasibətlərinin normal müstəviyə daxil olması ilə bağlı müəyyən açıqlamalar verib. Lakin Ermənistan tərəfi buna adekvat yanaşmır. Ermənistan tərəfindən adekvat münasibət olmayana qədər, əksinə rəsmi İrəvanın Türkiyə və Azərbaycanı əbədi və əzəli düşmən obrazında görməsinə qədər heç bir idman yarışı münasibətləri normal məcraya gətirməyəcək. 

Onu da vurğulayım ki, oyun başlamazdan əvvəl erməni azarkeşlərin Türkiyənin himni səslənərkən etdikləri tərbiyəsizlik bütün dünyanın gözü qarşısında baş verdi. Oyun zamanı da türkiyəli futbolçulara qarşı kifayət qədər aqressiv münasibətin şahidi olduq. Amma Türkiyə futbolçuları peşəkarlıq və soyuqqanlıqlarını qoruyaraq, sonda haqq etdikləri qələbəni əldə etdilər. Bu mənada, Ermənistanla Türkiyə arasında dünən baş tutan futbol yarışının sərhədlərin açılmasına yönəli addım kimi dəyərləndirmək doğru deyil”. 
 


Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İrəvanda Türkiyə yığması ilə Ermənistan qarşılaşıb. Oyun "ay-ulduzlular"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Xatırladaq ki, 2009-cu ildə gündəmə gətirilən Sürix protokolunun müzakirəsi də da məhz o zamankı Türkiyə prezidenti Abdullah Gülün iki ölkə arasında keçirilən futbol oyununa baxmaq üçün İrəvana səfər etməsi ilə başlamışdı. 

Rüfət Sultan