Günay İlqarqızı
Ölkə 13:11 21.11.2022

Getmə, sən də getsən...

İnsan insan derler idi,
İnsan nedir, şimdi bildim.
Can, can deyu söylerlerdi,
Ben can nedir, şimdi bildim.

Muhyiddin der, hak kadir,
Görünür her şeyde hazır.
Ayan nedir, pünhan nedir,
Nişan nedir, şimdi bildim…

Həyat çox qəribədir…

Doğuluruq, böyüyürük, yaşayırıq, yaşlanırıq, ölürük….

Bəzən yaşlana da bilmirik. Doğuluruq ölürük, böyüyürük ölürük. 

Qocalmırıq yəni…. Qocala bilmirik…

Ölüm qəribədir. Çünki bu dünyada varsan, amma sonunun nə olacağını, amma nə vaxt gələcəyini bilməyərək hər gün, hər an ona doğru bir az yürüyürsən. 

Deyirlər, yaşlandığını ən yaxınlarını itirməyə başlayanda dərk edirsən. 

Çox doğru söz imiş… Bəzən deyirik ki, kaş ki gözümüzün qarşısında ölərdi… 

Elə də olmur, elə də çox çətin yükmüş. Doğrudur, mənə görə ən şanslı insan necə ömür yaşamasından asılı olmayaraq, övladlarının əhatəsində qocalan və son nəfəsini verən insan idi…
 
İnsan nədir? 

Yuxarıda verdiyim Fazıl Sayın bu möhtəşəm ifasının, onun sözlərinin mənasını, dəfələrlə qulaq assam da, indi daha yaxşı dərk edirəm. 
 

Babam deyərdi, bala, insan nəyə lazımdır, bir quru nəfəsi var, o çıxdı canından, quru taxtadır, ya indi öldü, ya 10 il əvvəl. Yüz ilin ölüsünə qarışar. 

İndi düşünürəm ki, çox düz deyirmiş. Bircə quru nəfəsi gedib-gəlsin deyib, çox mübarizə aparırıq, təki yüz ilin ölüsünə qoşulmasın deyə. 

Təkcə quru nəfəsi gedib-gəlsin deyə…

Mənim nənəm kimi…

Xatırlayıram, atam öləndə məclisdə oturub çox ağlamadı. Dedi, bu dağ mənimdir, ömür boyu ağlayacam, amma indi məclisi oğlumun adına layiq yola salmalıyam. 

Bax belə… Belə müdrik nənə-babanın yanında, onların sevgisi ilə böyümüşəm. İçi atam qarışıq onların qorxusundan heç kim mənə güldən ağır söz deyə bilməzdi.  

Həmişə deyirdim, mən atam öləndə yox, babam öləndə yetim qaldım. 

Düşünürəm ki, ata yadigarım nənəm də getsə, tamamilə "yetimləşəcəyəm”. 

Həm də böyüyəcəyəm. Çünki onunla bərabər həm də bütün uşaqlığım, şıltaqlığım, gəncliyim, atam, babam gedəcək.  

Ona görə də, getmə… Bacardığın qədər bizə sarıl, qal, yapış, amma getmə…

Sən də getmə ki, nağıllarla, dastanlarla, oxşamalarla böyütdüyünüz məni oyatmayın…

Xatirələr bəsdir, sən gerçəyim ol, bəsimdir…