Siyasət 14:36 07.12.2022

"İran ona verdiyimiz mesajı anladı" - Politoloq

"İran daxili vəziyyətilə bağlı yaşadığı gərginlikdən diqqəti yayındırmaq istəyir. Odur ki, başqa ölkələrlə qarşıdurma fonu yaradır”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tural Rzayev Azərbaycanla Türkiyənin keçirdiyi birgə hərbi təlimlər fonunda İranın ondan dərs alıb-almayacağı ilə bağlı sualı dəyərləndirərkən deyib.

Ekspert bildirib ki, Türkiyə ilə Azərbaycanın İranla sərhəddə keçirdiyi birgə hərbi təlimləri hərbi və siyasi baxımdan Tehrana açıq mesajdır:
 
"Tehrana mesaj verildi ki, Bakı və Ankaraya qarşı hər hansı təxribata yol verəcəyi təqdirdə, həm Türkiyə, həm də Azərbaycandan cavab alacaq. Azərbaycan dövlət başçısı çıxışında açıq şəkildə bildirdi ki, Türkiyə Ordusu Azərbaycan Ordusudur, eyni zamanda Azərbaycan Ordusu da Türkiyə Ordusudur. Keçirilən təlimlər fonunda isə bu birliyi və sarsılmaz gücü real müstəvidə gördük. 



Digər tərəfdən, hazırda İran daxilində vəziyyət gərgindir, daxili tarazlıq pozulub. Ölkədə ciddi qarşıdurma, çaxnaşmalar var. İran rejiminin öz hakimiyyətini qoruyub-qoruya bilməyəcəyi sual altındadır. Belə olan halda, İran Azərbaycanla eskalasiyanı daha da gücləndirmək deyil, əksinə, maksimum dərəcədə xarici konfliktlərdən qaçmağa çalışacaq. İran özünün daxili vəziyyətilə bağlı indiki halda qarşıdurmaya getməkdən çəkinərək, Türkiyə-Azərbaycan birgə təlimlərindən özü üçün dərs alacaq. Tehranın diqqəti hazırda daxildəki problemlərə yönəlib. İran xarici ekspansiya siyasəti yürütməkdə çətinliklə çəkəcək”.

Rüfət Sultan