Aqşin YENİSEY
Ölkə 18:24 21.11.2022

Kütlənin alqışları səs-küydür, təşəkkür deyil

1980-ci illərdə amerikalı ədəbiyyat tənqidçisi Artur Danto ortaya "Sənətin sonu” adlı bir nəzəriyyə atdı. Bu nəzəriyyəyə görə, sənət artıq özünü izah edəcək gücə sahib deyil. 

O, azadlıq əldə etdikcə özündən, mahiyyətindən uzaqlaşır. Sənət daim mənadan xilas olmağa çalışır, onun mənasızlıqda itkin düşməkdən başqa yolu yoxdur. Yəni sənətin sonu sənətin özünün arzusudur.
 
Sənət başa çatmaq, insanda itkin düşmək, insanın özü olmaq istəyir. Gün gələcək ki, insanla sənət arasında fərq olmayacaq. İnsan sənətin şəkli, sənət insanın məğzi olacaq. Beləliklə, sənət sona çatacaq. Çay səhrada itən kimi, sənət də insanda yoxa çıxacaq.

Fəlsəfəni və elmi belə bir özünəqəsd cəhdi gözləmir. Onlar çox güman bir-birilərinin əlində "öləcəklər”.

Sənəti intihara vadar edən nədir? Azadlıq yanğısımı? İnsana duyduğu heyranlıqmı? Sənətin insana heyran olması onun özünü insana fəda etməsinə səbəb ola bilərmi?

Niyə Mikelanceloda "Böyük məhkəmə” ilə başlayan yol Maleviçdə "Qara kvadrat”la başa çatır? Yaxud Nizami Gəncəvidə "İsgəndərnamə”  ilə açılan nəhəng darvaza yolun sonunda Rasim Qaracanın "Birlər”inə tıxanır. Ya da ata Üzeyirin "Koroğlu” uvertürasının gurultusu zaman içində bala Üzeyirin mızıltısına çevrilir?
Sənət getdikcə daralan bir tuneləmi enir?

Niyə elm daha da elm olmaq, fəlsəfə daha da fəlsəfə olmaq istədiyi bir halda, sənət daha da sənət olmaq bir yana, ümumiyyətlə, sənət olmaq istəmir? Roman nə olmaq istəyir? Şeir nə olmaq istəyir? Rəsm nə olmaq istəyir? Müəllifin, yaxud oxucunun, izləyicinin və ya tamaşaçının özümü? Sənəti konkretləşdirməyə və formul şəklinə salmaq istəyən avanqardizmin uğursuzluğu sənətin bir model kimi deyil, bir canlı kimi yaşamaq arzusundanmı doğmuşdu? 

Hətta mixi yazıları, qayaüstü rəsmləri də gözünə qatsaq, sənətin, ədəbiyyatın beş-altı əbədi mövzusunun olduğunu deyirlər: sevgi, müharibə, ölüm və s. Kütləvi ehtiyacı, xəlqi dili isə öz gündəlik problemlərinin estetik tərəfləri maraqlandırır: repin, popun, meyxananın kütlə üçün önəmi bu zaman ortaya çıxır. Kütlə bütün sənət növlərindən eyni yanaşmanı gözləyir və tələb edir. Məsələn, operanın praktiki əhəmiyyətsizliyi onu əsəbiləşdirir. O, sənətdə öz dərdini, ağrısını görmək istəyir. Bu dərd, ağrı lap Füzulinin qəzəllərindəki kimi mücərrəd olsa belə, onu beş yüz il bağrına basıb doğması kimi sığallayır. 

Kütlə və sənət arasında gedən bu gizli, səssiz (bəzən əlbəyaxa dava şəklində baş tutan) dialoq onu göstərir ki, oxucu da, izləyici də sənətin özü olmaq istəyir. Öz problemləri ilə sənətin problemlərini eyniləşdirməklə sənətdən, ən azı, onu yamsılamağı tələb edir.
Sənətin qorxuları da bu zaman yaranır.

Elmdən və fəlsəfədən fərqli olaraq, sənətin aşiqi həm də onun qatilidir. Sənət bir Dezdemonadırsa, kütlə onun Otellosudur. O, gec-tez öz aşiqinin əlində öləcək, həm də böyük bir kin və qısqanclıqla. Çünki oxucusu romanı, dinləyicisi sonatanı, tamaşaçısı rejissoru bir az da qısqanır elə bil. Heyran olduğu əsər qarşısında özünə "niyə mən yox, o” sualı verməyən bir insan varmı? Şəxsən mən yazıçı kimi yox, oxucu kimi paxıllığını çəkirəm, məsələn, Frans Kafkanın. Bürokratik mühitin həm də metafizik bir mühit olduğunu necə kəşf etdi əclaf? Kütlə, içi mən qarışıq, sənətə həm də bir düşmən gözü ilə baxır.
 
Mağarada ilk bizonun şəklinə baxan ac adamla Luvrda Ejen Delakruanın "Barrikadada azadlıq” əsərinə baxan tox insan arasında estetik qısqanclıq baxımından çox az fərq var. Eyni filmə baxan bir tamaşaçı film qəhrəmanının yerində olmağı arzulayırsa, digər tamaşaçı film rejissorunun yerində olmaq istəyir. Ola bilməyəcəyini dərk edincə, hər kəs sənət tənqidçisinə çevrilir. 

Kütlə həm də sənətdən funksionallıq, yəni istifadəyə yararlılıq tələb edir. Çox az adam tapılar ki, məsələn, Jozef Koşutun "Bir və üç stul” əsəri ilə maraqlansın. Halbuki bu əsər "sənət nədir” sualına verilən ən tutarlı cavablardan biridir. Ancaq milyonlarla insan var ki, məsələn, "Gangnam style” mahnısını eşidən kimi atılıb-düşməyə başlayır. Çünki milyonlar həmişə və hər yerdə dəlidir, milyonlar həmişə və hər yerdə axmaqdır. Pul da milyon manatlara çatanda əndazədən çıxır "ağlını itirir”.

Ən ölçülü-biçili "ağıllı pul” bir manatlıq əskinasdır.

Ədəbiyyatın mövzularının cəmiyyətin mövzularına məğlub olması xalqı ruhlandırır. Halbuki bəşərə mənsub olan hər bir ciddi sənətkar çalışır ki, yaradıcılığını öz xalqının yox, sənətin zamandakı mövqeyinə uyğunlaşdırsın. Gete öz cəmiyyətinin problemlərinə məhəl qoymadan mücərrəd dünya ilə real dünyanı üz-üzə qoymaq üçün bütün cəhənnəm simvolikasını qoca doktor Faustun üstünə tökmüşdü. Bu o zaman idi ki, sənət dini simvolikadan canını qurtarıb reallıqlara çatmaq istəyirdi və Faust da axırda axtardığı "Bəşəri xoşbəxtliyin səbəbi nədir” sualına dinin verdiyi cavabların yanlış olduğunu və bu xoşbəxtliyin səbəbinin söz, məna, ölüm deyil, iş-güc olduğu cavabını taparaq həyatdan getdi. Əgər Gete öz zəmanəsinin baş naziri olaraq istedadını cəmiyyətin gündəlik mövzuları olan sosial problemlərə həsr etsəydi, məsələn, kommunizm quruculuğuna aid cild-cild kitab yazmış yüzlərlə sovet yazıçısı kimi öz ədəbi qəbrini öz qələmi ilə qazmış olacaqdı.

Sülh dövründə insanın ağlına pis fikirlər gəlir. Artur Danto "sənətin sonu” nəzəriyyəsini ortaya atanda 1980-ci il idi: pulun pul, allahın allah vaxtıydı. Dünya qlobal böhranın necə ola biləcəyini ancaq filmlərdə izləyir, yuxuda görürdü.

Bu gün isə dünya o qlobal böhranın içindədir və yaxşı fikirlərin yarandığı o müdhiş pis dövrdən keçirik.

Dünya bir vaxtlar dini cəhalətin böhranına urcah olduğu kimi, bu gün də elmi cəhalətin böhranına qərq olub.

Dini müharibələr dövründə insana verilən sual bu idi: "sən hansına inanırsan?" Kralların müharibəsində sual "sən haralısan?" oldu.
 
Krallardan sonra millətlərin savaşında "sən kimsən?" sualına cavab verməliydin. Millətlərdən sonra ideologiyaların savaşı başladı və sual "sən hansı tərəfdənsən" şəklini aldı. Bu gün mədəniyyətlərin savaşı gedir, bu günün sualı "sən nəsən"dir. Bu gün insan "nə" sualına cavab verməlidir. Çünki o, artıq tarixin deyil, mədəniyyətin qarşısında imtahan verir və ortada lüm-lüt dayanıb.

Və biz onun öz bədənini tatularla, cürbəcür akssesurlarla bəzəyib öz şəxsi qalereyasına çevirdiyinə şahid oluruq. Yuxarıda demişdik axı sənət insanın özü olmaq istəyir. Bu da sənə ölümdən sonrakı sənət!
 
Aqşin Yenisey