Siyasət 14:22 25.06.2022

Mehriban düşmənlər: Türkiyə və Rusiya əməkdaşlığı dayanıqlıdırmı? - Ekspert

Son illər Türkiyə ilə Rusiya arasında münasibətlərin xeyli dərəcədə yaxşılaşması müşahidə edilir. Bir çox sahələrdə Ankara və Moskvanın maraqları üst-üstə düşür. Bu günlərdə Türkiyənin XİN rəhbəri Mövlud Şavuşoğlu bildirib ki, Türkiyə və Rusiya arasında Ukraynadakı vəziyyətlə bağlı fikir ayrılıqları var, lakin tərəflər arasında etimad mövcuddur.

Məhz bu etimadın nəticəsidir ki, yerdə qalan digər Qərb ölkələrindən fərqli olaraq Ukrayna savaşına fonunda Moskva Ankara ilə yaxşı münasibətlər saxlamaqda davam edir. Halbuki, Ankara Ukraynanın ərazi bütövlüyünü tanıyır və hətta bu ölkəyə silah da verir. Bununla yanaşı, Türkiyə yerdə qalan digər Qərb ölkələrindən fərqli olaraq Moskvaya qarşı sanksiyalara qoşulmayıb. Ona görə də Rusiya Türkiyənin Ukrayna problemində vasitəçilik missiyasına müsbət yanaşır. Lakin bütün bunlar heç də o anlama gəlməməlidir ki, Ankara ilə Moskva arasında bütün məsələlərdə işlər hamar gedir. Əksinə onlar arasında üst-üstə düşən maraqlar olduğu kimi, toqquşan cəhətlər də mpvcuddur. Məsələn, Rusiya NATO ilə toqquşacağı təqdirdə, Türkiyə birmənalı və aktiv şəkildə şəkildə hərbi alyansın yanında olacaq. Bunu Türkiyə rəsmiləri özləri də bəyan ediblər. 

Məsələ ilə bağlı Qaynarinfoya açıqlama verən siyasi şərhçi Vüqar Zifəroğlunun fikrincə, Ankara ilə Moskva arasında üst-üstə düşən maraqlarla yanaşı, ziddiyyət təşkil edən məqamlar da var. Amma bütün hallarda, ekspertin qənaətincə, kəsişən maraqlar daha çoxdur: "Türkiyə-Rusiya münasibətləri çoxəsirlik tarixə malikdir. Eyni zamanda, bu iki ölkənin maraqları bir çox məqamlarda toqquşmaqdan daha çox kəsişib. Balkanlarda, Mərkəzi Asiya, Cənubi Qafqazda, XX əsrin ortalarından sonra Yaxın Şərqdə də bu belə olub. Əslində, Ankara ilə Moskva münasibətləri xarici faktorların təsirilə maraqlı, incə məqamlar üzərində qurulmuş münasibətlərdir”. 

V. Zifəroğlu qeyd edir ki, Suriya məsələsində tərəflər arasında ziddiyyətli məqamlar qalmaqdadır:"Bununla belə bir məqamı da vurğulayaq ki, yaşadığımız əsrdə Türkiyə ilə Rusiyanın münasibətlərində kəskin münaqişə halının da şahidi olmamışıq. Suriya prosesini çıxmaq şərtilə, tərəflər qarşı-qarşıya gəlməyib. Burada müəyyən gərginləşmə müşahidə edildi. Lakin sonradan yaranan Astana formatı bu və ya başqa dərəcədə Suriyadakı proseslərdə müəyyən uzlaşma nöqtəsinin tapılması yolunda müəyyən bir mexanizmə çevrildi. Astana formatı əslində xarici təsirlərin diqtəsilə yaranmış məcburi ittifaq idi. Yəni belə bir formatın yaranması heç də o demək deyil ki, Türkiyə, Rusiya və İranın Suriya ilə bağlı maraqları tam şəkildə üst-üstə düşür. Suriyada son bir ayda baş verən prosesi nəzərdən keçirməklə bunun şahidi ola bilərik. Türkiyə terrorçuları zərərsizləşdirmək üçün Suriyada yeni bir əməliyyat keçirtmək niyyətini ortaya qoydu. Amma proseslə bağlı Rusiya ilə Türkiyə tərəfinin açıqlamalarına diqqət yetirəndə görürük ki, maraqlar nə qədər bir-birinə ziddiyyət təşkil edir”. 

Ankara ilə Moskva arasında müttəfiqliyin hara qədər davam edəcəyinə gəldikdə, həmsöhbətimiz bildirir ki, Türkiyənin milli maraqlarına təhdid olunmayan həddə qədər münasibətlər normal məcrada davam edəcək: "Türkiyənin milli xarici siyasət kursu var və bu kurs da dövlətin və xalqın milli maraqları üzərində qurulmuş siyasətdir. Məhz bu maraqlara təhdid olunmayacağı məqamına qədər Türkiyə-Rusiya münasibətləri normal müstəvidə davam edəcək. Hətta onlar arasında əməkdaşlığın iqtisadi, hərbi müstəvidə digər perspektivləri də meydana çıxa bilər. Amma yetər ki, bu Türkiyənin Yaxın Şərq və digər bölgələrdəki milli maraqlarına təhdid yaratmasın”. 

Rüfət Sultan