Son vaxtlar Azərbaycana turist axını güclənib. Təkcə 2017-ci ilin ilk 3 ayı ərzində ölkəmizi 544 min turist ziyarət edib. Özəlliklə ərəb ölkələrindən axının üstünlük təşkil etməsi diqqət çəkir.  Ölkə vətəndaşları, paytaxt sakinləri üçün vərdiş etmədikləri situasiya yaranıb. Artıq hər addımda turistlərlə rastlaşırıq və onlar hiss olunmadan gündəlik həyatımızın bir hissəsinə çevrilir.

Hər bir turist ölkəmiz və onun büdcəsi üçün önəmlidir. Nəticədə ölkə iqtisadiyyatında yeni imkanlar, iş yerləri yaranır və bu, zəncirvari şəkildə hər bir vətəndaşın iqtisadi durumuna təsir edir.

Bəzi ölkələrlə müqayisə etməli olsaq, Azərbaycana gələn turistlərin sayının hələ də az olduğunu görərik. Deməli, hələ daha çox turist cəlb etməli, daha cəlbedici şərtlər hazırlamalıyıq.

Bununla belə narahatlıq doğuran məqamlardan biri də bəzilərimizin turistlərə münasibətidir. "Şəhəri ərəblər basıb", "bunların əlindən heç hara gedə bilmirik" və s. bu kimi fikirlər səsləndirənlərə də rast gəlirik.

Bəs siz necə düşünürsünüz? Biz turistlərlə necə davranmalıyıq?