Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycan jurnalistlərini təhqir edib.

"Qaynar" Azvision-a istinadən xəbər verir ki, Azərbaycanlı jurnalistin ermənilər tərəfindən girov götürülən, sonra isə qondarma “DQR” məhkəməsi tərəfindən 2014-cü ilin dekabrında ömürlük həbs cəzası verilən Rusiya vətəndaşı Dilqəm Əsgərovla bağlı sualını yarımçıq qoyan “diplomat” qadın suala tam qulaq asmadan, Azərbaycan mediasında gedən yazılar barədə təhqiredici ifadələr işlədib:

"Azərbaycan mətbuatında bu barədə yazılan məqalələr sadəcə, xamlıqdır. Bu məqalələr təhlil deyil. Konstruktiv və ya qeyri-konstruktiv, fərq etməz, amma bu, xamlıqdır. Bundan sonra bizdən əlavə məlumat istəyirsiniz? Düzünü deyim ki, bu cür məqalələrdən sonra sizinlə ünsiyyət qurmaq istəmirik. KİV-lər üçün açıq qurum olsaq da, xamlıq etməyə heç kəs icazə verilməyib. Odur ki, müəyyən xəbərlərlə bağlı bizə daxil olan müraciətləri biz alqışlayırıq. Sizdən xahiş edirəm, bu halı azərbaycanlı həmkarlarınıza çatdırasınız" (azvision).

"Qaynar" xəbər verir ki, politoloq Elxan Şahinoğlu Rusiya XIN-nin mətbuat katibi Mariya Zaxarovanın Azərbaycan mediasına ünvanlanan sözlərini təhqir kimi xarakterizə edib: "Hazırcavab Zaxarovanın bu suala cavabı olmadığı üçün mediamızı təhqir edir. Hikmət Hacıyev və Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov reaksiya verməlidirlər"

Elxan Şahinoğlu bildirib ki, Rusiya XIN-nin mətbuat katibi Mariya Zaxarova Azərbaycan saytlarından birində gedən hansısa yazını əlində bayraq edərək bütün mediamızı təhqir edib.

"Videonu izlədim. Mariya Zaxarova mediamızın ünvanına “qaba” ifadəsini 5-6 dəfə təkrarlayıb. Mariya Zaxarova nəinki bir neçə dəfə təhqirlərini təkrarlayıb, Azərbaycanı şantaj etməkdən də çəkinməyib. Görünür, Zaxarovaya o toxunub ki, Azərbaycan mediası Rusiyanın iki vətəndaşına Moskvanın fərqli münasibətindən yazıb. Necə olur ki, Moskva Rusiya vətəndaşı olan Lapşinin azad olunması üçün dəridən qabıqdan çıxır, ancaq separatçıların əsarətində olan Dilqəm Əhmədovun azad olunmasını üçün heç nə etmir? Bu açıq-aşkar ikili standartlardır".

Politoloq qeyd edib ki,  Mariya Zaxarovanın azərbaycanlı həmkarı Hikmət Hacıyev və Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov reaksiya verməlidirlər: "Azərbaycan mediasını ünvansız olaraq təhqir edirlər, “qaba” adlandırırlar, kimsə Zaxarovaya cavab verməyəcəkmi? Rusiya xarici işlər naziri Sergey Lavrova sual verən azərbaycanlı jurnalisti bizimkilər işdən çıxartdılar, indi də Lavrovun işçisinə sual verən bir başqa jurnalistimizin sualını ağzında qoyaraq təhqir etdilər".

Qaynar.Az

Qaynar.Az