"İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi Dağlıq Qarabağ münaqişəsinin həlli haqqında elə kodlaşdırılmış cümlələr işlədib ki, nə demək istədiyini yəqin özündən başqa kimsə anlamaz".

"Qaynar" xəbər verir ki, bu sözləri tanınmış politoloq Elxan Şahinoğlu İran XİN sözçüsü Bəhram Qasıminin Qarabağla bağlı açıqlamasını şərh edərkən qeyd edib. Politoloq iranlı diplomatın cümlələrini bir-bir vurğulayıb:

“Birinci cümlə: “Dağlıq Qarabağ münaqişəsinin həllində iki əsas amil - zaman və münaqişə tərəflərinin ciddiliyi əsas rol oynayır”. İkinci cümlə: “Münaqişənin həllində çoxlu faktorlar rol oynayır. Sonda onların hamısı birləşməlidir ki, böhran həllini tapsın”. Üçüncü cümlə: “Bu böhranın bir şəxs və ya ölkə tərəfindən həll edilə biləcəyi ilə bağlı söylənən fikirlər düzgün deyil”. Dördüncü cümlə: “Münaqişənin çözümü onun həllində rolu ola biləcək bütün amillərin həmrəyliyi ilə mümkündür”. Beşinci cümlə: “Qarabağ böhranını xalqın roluna diqqət etmədən həll etmək mümkün deyil. Xalqın bu münaqişənin həllində rolu həlledici olacaq”.

E.Şahinoğlu bu fikirlərin dolaşıq və anlaşılmaz olduğu barədə qənaətini bu cür davam etdirib:

“Görəsən, iranlı diplomat sonuncu cümlədə “xalqın rolu” deyərkən, hansı xalqı nəzərdə tutub? Və ya hansı ”çoxlu faktorlar biləşməlidir” ki, münaqişə həll olunsun? Bu böhranı bir vasitəçi ölkə, məsələn, Rusiya niyə yoluna qoya bilməz? Tehran Kremlin vasitəçiliyinə manemi olacaq? İranlı diplomat bu qədər müəmmalı cümlələr işlətmək əvəzinə deməliydi ki, münaqişə mərhələli şəkildə həll edilməli, Dağlıq Qarabağ ətrafındakı bölgələr boşaldılmalıdır. Deməliydi, demədi...”

Nərmin

Qaynar.Az