“Gözəllik qurban tələb edir” deyiblər. Bəs “qurban” olaraq canını vermək nə dərəcədə düzgündür?

Dünyada köklü tarixi olan plastik əməliyyatlar Azərbaycana son illər ayaq basıb. 2000-ci illərin əvvəllərinə nəzər salsaq görərik ki, gözəllik üçün bu yoldan daha çox məşhurlar istifadə etmişlər. 

Çoxsaylı dünya ulduzlarının müxtəlif, ən çətin və gözlənilməz plastik əməliyyatlara getmələri hər zaman maraq doğurub. Özlərinə isə daim səhnədə, diqqət mərkəzində, göz önündə olmaqla haqq qazandırıblar. Son zamanlarda belə əməliyyatlar gündəlik həyatda da kütləvi hal alıb. Bəs sıravi insanlar? Onları bu əməliyyatlara getməyə nə vadar edir?

Artıq plastik əməliyyatlar günümüzün ən aktual məsələlərindən birinə çevrilib. Bu sırada ilk yeri burun cərrahiyəsi, daha sonra dodaq, yanaq, sinə silikonları və s. tutur. Nəticə olaraq isə qadınların əksəriyyəti bir-birinə bənzəyir. Və ağıllarda belə bir sual yaranır: bu proses nə qədər davam edəcək? Axı insanın görünüşündə genetik faktor da var. Belə çıxır ki, bu vəziyyət nəsillərlə davam edəcək? 

Bütün bu suallarımızın cavabını plastik-estetik cərrah Mahir Əliyev söhbətdə tapmağa çalışdıq.


- Mahir bəy, son illər estetik cərrahiyyəyə müraciət edən xanımların sayı hədsiz artıb. Bəs daha çox hansı yaş qrupu qadınlar müraciət edir?

- Hər yaşdan xanımlar var. Kimisi göz qapağını dəyişdirmək istəyir, kimi burnunda dəyişiklik etdirir. Amma üstünlüyü gənc və nisbətən orta yaşlı xanımlar təşkil edir. 

- Müraciətlərin səbəbi əsasən nə olur?

- Görünüşlərindən narazı olurlar. Bir də görürsən kiminsə şəklini gətirib deyir “mən buna oxşamaq istəyirəm”. Belə hallarda onları bu fikirdən yayındırmağa çalışsaq da, çox az hallarda buna nail ola bilirik. Həm də axı hər zaman arzu olunan nəticəni əldə edə bilmirik. Belə olduqda isə ciddi psixoloji travmalar yaşanır. 

- Bəs belə pasiyentlərin psixoloji vəziyyəti ümumiyyətlə normal hesab oluna bilərmi?

- Xeyr. Qətiyyən. Onların psixologiyası bərbad vəziyyətdədir. Mən adətən elə xəstələri qəbul etmirəm. 

- Bəs sözügedən kütlə gələcəyi düşünmürmü? Axı dəyişə bilməyəcəkləri bir genetika var. Onda belə nəticəyə gəlirik ki, onların övladları da cərrahiyyə vasitəsilə “gözəlləşəcək”?

- Məsələ belədir ki, insan hər saat dəyişir. Bu gün etdiyimiz hər hansı cərrahi müdaxilə belə müəyyən  ildən sonra başqa, tam fərqli görünüş alır. Bu genetik məsələlərdə də belədir. Yəni, genetika da daim dəyişəcək. Və gələcəkdə nə ola biləcəyini indi demək çətindir.

- Həkim kimi yox, fərd olaraq plastik əməliyyatlara münasibətiniz necədir?

- Ehtiyacı olan insan elətdirirsə yaxşıdır. Xarici görünüş elə bir məsələdir ki, insan güzgünün qarşısına keçəndə özünü bədbəxt hiss edərsə, çox çətin ki, həyatda uğur qazana bilsin.

Nərmin Həsənli

Qaynar.Az