Bakıda UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimi keçirilir.

"Qaynar"-ın xəbərinə görə, forumda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.

Tədbir çərçivəsində həm Azərbaycan tərəfinin, həm də tərəfdaş qurumların təklifləri ilə bir sıra yeni beynəlxalq təşəbbüslərin əsasının qoyulması nəzərdə tutulur. Azərbaycan tərəfinin təklifi ilə Forum çərçivəsində ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı, Dünya Forumu Nazirlər Görüşü keçiriləcək.

Ümumilikdə beynəlxalq tərəfdaşlarla birgə 40-dək sessiya və tədbir reallaşacaq.

***

"Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal problemləri müzakirə edən beynəlxalq platformaya çevrilib".

"Report"un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində deyib.

Prezident bildirib ki, forumda 120 ölkə təmsil olunur.

Dövlət başçsının sözlərinə görə, forumda zamanlı fikir mübadiləsi aparılacaq, mədəniyyətlərarası dialoqa töhfə veriləcək: "Mədəniyyətlərarası dialoq ən vacib məsələlərdən biridir. Dialoq olmasa, dünya təhlükə ilə üzləşə bilər. Azərbaycan sivilizasiyaların qovuşduğu məkandır. Azərbaycan etnik, çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bu forum Azərbaycanın qədim tarixini, mədəni müxtəlifliyini nümayiş etdirir".

Azərbaycan Prezidenti qeyd edib ki, Azərbaycanda kilsələr, sinaqoqlar, məscidlər dövlət tərəfindən qorunur, hökumətin ayırdığı vəsait hesabına abadlaşdırılır: "Multikulturalizm ideyaları Azərbaycanda həmişə olub. Əslində dünya dəyişib, əvvəlki kimi deyil, bəzi narahat doğuran tendensiyalar baş verir. Bölünmə baş verir, toqquşmalar, vətəndaş müharibələri olur. Ona görə multikulturalizm xalqımız tərəfindən qorunur. Çalışırıq ki, yollar axtaraq, riskləri azaldaq. Xalqlar, dinlər arasında anlaşmanın səviyyəsini artıraq".

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın üzləşdiyi yeganə problem Ermənistanın torpaqlarımızı işğal etməsidir: "Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayon işğal olunub. Azərbaycana qarşı etnik təmizləmə siyasəti törədilib, məscidlərimiz dağıdılıb. Biz Bakının mərkəzində erməni kilsəsini bərpa etmişik, Ermənistan isə işğal olunmuş torpaqlarda bütün mədəni irsimizi məhv edib. ATƏT-in faktaraşdırıcı missiyaları da bunu təsdiq edib".

Dövlət başçısı vurğulayıb ki, Ermənistan torpaqların işğaldan azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirmir: "Bəzən BMT qətnamələri saatlar ərzində icra olunur, Azərbaycana münasibətdə isə bu qətnamələrin illərdir, yerinə yetirilməməsi ikili standartların göstəricisidir. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisi, hüquqi bir hissəsidir".


Qaynar.Az