Prezident İlham Əliyev mayın 6-da Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Nabi Avcının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Qaynar" xəbər verir ki, görüşdə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən danışılıb, tədbirin mədəniyyətlərin və xalqların bir-birinə yaxınlaşması və bu sahədə əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyi vurğulanıb.

Dövlət başçısı IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Türkiyənin bu səviyyədə təmsil olunmasının önəmini qeyd edib. 

Nabi Avcı Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı bu yaxınlarda qəbul etdiyi ədalətsiz qərarla əlaqədar Azərbaycanın ölkəsinə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

İlham Əliyev bu qərarın ədalətsiz olduğunu bir daha vurğulayıb və Azərbaycanın bu qərarı qətiyyətlə pislədiyini bildirib.  Prezident hər iki ölkənin beynəlxalq təşkilatlarda sıx əməkdaşlığının bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib.

Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı Azərbaycanda turizmin inkişafının ölkəsində maraqla izlənildiyini deyib.

Azərbaycanda turizm sektorunun inkişafına dövlətin xüsusi diqqət göstərdiyini vurğulayan Prezident İlham Əliyev bildirib ki, məqsəd turizmi iqtisadiyyatın əsas sahələrindən birinə çevirməkdir.

Görüşdə mədəniyyət və turizm sahəsində əlaqələrin uğurla inkişaf etdiyi bildirilib, bu sahədə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti qeyd olunub və əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Qaynar.Az