Hüseynbala Səlimov

TÜRKİYƏ YENİDƏN “GÜNƏŞ ALTINDA” YERİNİ AXTARIR...

Bizi prinsipcə, izafi narahatlıqda qınaya bilərlər. Hətta deyərlər ki, rəngləri bir qədər tündləşdiririk. Amma düşünürük ki, bir ölkə kimi qardaş Türkiyə geosiyasi çabalar içindədir. Uzun müddət Avropaya inteqrasiyanı özünün əsas prioriteti elan edən ölkə indi bir növ çaşqın durumdadır. 

Məsələnin dramatik tərəfi  budur ki, Avropa hər vəchlə Türkiyəni özündən uzaqlaşdırmağa cəhd edir. Hətta uşağa da aydındır ki, artıq Türkyənin Avropaya inteqrasiyası yalnız qeyri-ciddi, hətta məzəli söhbətlərin predmeti ola bilər. Bunun bir səbəbi budur ki, Avropa genişlənməkdən daha çox bu gün olanları qoruyub saxlamağa çalışır. Bir başqa səbəb isə odur ki, soyuq müharibə dövründə start alan Avropaya inteqrasiya prosesinin prioritetləri dəyişib, daha Qoca Dünya Türkiyəyə elə də ehtiyac duymur...

O üzdən Türkiyə ciddi axtarışdadır - R.T.Ərdoğanın sorağı gah Rusiyadan, gah da Hindistandan gəlir. Ərəb dünyasında alınmadı, burada Səudiyyə krallğının və İranın təsiri Türkiyəni xeyli dərəcədə geridə qoyur. Təsadüfi deyil ki, Türkiyənin diqqəti getdikcə Rusiya istiqamətinə və keçmiş sovet məkanına doğru yönəlir. Xüsusən də Mərkəzi Asiya diqqətdədir. 

Bir ara Türkiyə bu bölgəni sanki tamam-kamal unutmuşdu. Daha doğrusu, əvvəlki hakimiyyətlər həmin ölkələrdən demokratiya tələb etməklə və onların müxalifətlərinə dəstək verməklə asiyalı qardaşlarını incik salmışdı. İndi bu “səhv”i düzəltməyə cəhd edilir. Məsələn, Türkiyənin prezidenti artıq Özbəkistana da səfər edibdir. Özbəkistan prezidenti Ş.Mirziyoyevin də Türkiyəyə səfəri heç də uzaq bir gələcəyin hadisəsi olmayacaq. Artıq bu səfərin vaxtını dəqiqləşdirmək üçün uyğun danışıqlar aparılır...

Soruşa bilinər ki, axı bu Mərkəzi Asiya Tükiyəyə nə verəcəkdir? Yada salaq ki, Rusiya bu regionu, ümumiyyətlə, keçmiş sovet məkanını əlində saxlamaq üçün dəridən-qabıqdan çıxır. Deməli, burada hansısa məntiq və hansısa ciddi səbəblər vardır...

Həm də Türkiyənin müəyyən bölgələrdə möhkəmlənməsinə ehtiyac duyulur. Onun digər ilişgilərinin demək olar ki, böyük əksəriyyəti nisbi etibarlılıq halındadır. Məsələn, hələ də Türkiyənin ərazilərinə iddia edən (bunu V.Jirinovski kimilərin dililə səsləndirsə də!) Rusiyanın səmimiyyətinə və Türkiyə ilə dostluğuna inamaq olramı? Elə məsələ də bundadır ki, olmur...

Odur ki, diplomatik fəallığa ehtiyac vardır və bu, duyulur. Amma hələki Türkiyə daha çox iki ölkə ilə - ABŞ və Rusiya ilə münasibətlərinə aydınlıq gətirməyə çalışır. 

Təsadüfi deyildir ki, mayda Türkiyə prezidentinin iki böyük səfəri  gözlənirdi. Ayın əvvəlində Rusiyaya, ortalarında isə dünyanın daha bir aparıcı ölkəsinə, ABŞ-a baş çəkilməli idi. 

Rusiyaya səfər reallaşdı. İki ölkənin prezidentlərinin bir çox məsələləri müzakirə etmək imkanları oldu. R.T.Ərdoğan “Rusiya səfərinin nəticələri haqda bir-iki sonra eşidəcəksiniz!” desə də, ciddi bir hadisə baş vermədi. Suriya ilə bağlı guya müəyyən “anlaşma” əldə olunubdur. Amma inanmırıq ki, hər hansı nəticə versin, çünki əsas “oyunçu”lardan biri – ABŞ kənardadır...     

BİR GEDƏNDƏ BİR DƏ GETMƏK İSTƏYİRSƏN...

Prinsipcə, ABŞ-a səfərin planlaşdırılması gözlənilən idi. Türkiyənin rəhbəri ölkəsinin əsas müttəfiqlərindən olan ABŞ-ın yeni prezidentilə görüşməlidir. Xüsusən də nəzərə alanda ki, danışmalı və müzakirə edilməli çox məsələlər var, onda bu səfər elə də qəfil təsir bağışlamır.

Amma Rusiya səfəri bir az “plandankənar” idi. Ona görə ki, R.T.Ərdoğanın bu ölkəyə son səfərindən o qədər çox vaxt keçməyibdir. 

Üstəlik, lap bu yaxınlara, ABŞ Suriyanı bombalayana qədər tərəflər arasında hər hansı bir anlaşılmazlıq olmamışdı. Hətta Rusiya ilə Türkiyə Astanada toplantı da yaparaq Suriyada atəşkəsin qarantı rolunda bulunmağa qərar vermişdilər. Amma bir daha deyirik ki, hələ o vaxt da  yazmışdıq ki, bu formatın nəticəsi olmayacaqdır, çünki həmin formatda Suriyada, ümumiyyətlə, Yaxın Şərqdə ən əsas “oyun”çulardan olan ABŞ təmsil olunmamışdı və təsadüfi deyil ki, tez zamanda da şübhələrimiz doğruldu...

Düşünürük ki, R.T.Ərdoğanın Rusiyaya marağı tək Suriya ilə bağlı deyildir. Hətta burada böyük iqtisadi və ticari əlaqələr də yeganə amil  rolunu oynamır. Türkiyənin prezidenti təəccüblü səslənsə də, həm də özü üçün daha böyük və daha geniş müstəqillik arayır. NATO üzvü olan ölkənin prezidenti olmaq onu bir az çərçivəyə salır. Ona görə də heç təəccüblü deyil ki, R.T.Ərdoğan getdikcə həmin çərçivələrdə özünü bir azca narahat hiss etməyə başlayıb. 

Amma  Yaxın Şərqdə artıq Rusiya da vardır. Üstəlik, sonuncu kürd yaraqlıları məsələsində də mühüm “oyunçu”lardan biri hesab olunur. Elə bu aspektdən yanaşanda da Rusiya ilə də danışmalı və çözülməli çox problemlər var...

Təbii ki, iqtisadi-ticari əlaqələrin genişlənməsi, bir-iki il bundan irəli qəbul edilmiş sanksiyaların götürülməsi də Türkiyə üçün az əhəmiyyət kəsb etmir. Amma nə qədər qəribə olsa da, R.T.Ərdoğan bu müstəvidəki problemləri tamam həll edə bilmədi. Ona görə də yerli media onun daha bir Rusiya səfərinə nə qədər böyük məzmun verməyə çalışsa da öyünüləsi uğurlar olduqca azdır...

ƏRDOĞAN TRAMPDAN DAHA ÇOX NƏ UMUR?

O ki qaldı ABŞ-a, D.Tramp demək olar, ölkəsinin əsas müttəfiqlərinin  təmsilçilərilə görüşüb. Növbə Türkiyəyə də çatır. Diqqətəlayiq haldır ki, artıq D.Tramp hakimiyyətinin ilk yüz günü də arxada qalıbdır. 

Bəlkə də bunun özü də ayrıca bir yazının mövzusu ola bilərdi. Qısaca, onu deyək ki, ilk yüz gün elə də məhsuldar olmadı. D.Tramp hələ Rusiya ilə bağlı siyasətinə tam aydınlıq gətirə bilməyib, İranla bağlı siyasi kurs tam aydınlaşmayıb, ABŞ-da lobbiçilik və yaxud da miqrant məsələlərində çözülməmiş çox məqam qalır. Halbuki bunlara da ilk yüz gündə aydınlıq gəlməlidi... 

Sırf Türkiyəyə gəldikdə isə, gündəmdə iki əsas məsələ var. Bunlardan Ərdoğan üçün ən birincisi təbii ki, F.Gülən məsələsidir. ABŞ hələ də onu Türkiyəyə təslim etməyib. Hiss olunur ki, okeanın digər tərəfində hətta o məsələ haqda düşünən də yoxdur. Amma Ərdoğan israrlı görünür. Di gəl, düşünmürük ki, Trampla onun arasında bu məsələ ilə bağlı tamam anlaşma yaranmış olsun. Hər halda, tələsmək də lazım deyil. Ən azı ona görə ki, R.T.Ərdoğan da qarşısına qoyduğu məqsədlərə çata bilir...

Elə Yaxın Şərq məsələsində də müəyyən nüanslar var. Yox, B.Əsədlə, Suriyanın gələcəyilə bağlı ciddi fikir ayrılığı yoxdur. Burada yenə də önə gələn kürd yaraqlıları məsələsidir. F.Gülən məsələsi ABŞ-ın R.T.Ərdoğan hakimiyyətinə münasibətinin göstəricisidirsə, kürd məsələsi bilavasitə ölkə kimi Türkiyəyə münasibətin aynasıdır. 

Seçkilər vaxtı “Biz kürdləri silahlandırmaqda davam edəcəyik” deyən H.Klintondan fərqli olaraq D.Tramp bu xüsusda çox da danışmırdı. Ona görə də elə bu istiqamətdə də onun gələcək siyasəti məchulluqlarla və tapmacalarla doludur. İndi bütün bu tapmacaların açılma məqamı çatır.

QARABAĞ DA YADA DÜŞƏ BİLƏR...

Bakıda da Türkiyə prezidentinin hər iki səfərinə böyük maraq var. İstər ABŞ – la Türkiyə, istərsə də Rusiya ilə Türkiyə arasında isti və ya da sıcaq münasibətlərin yaranması Azərabaycanın maraqlarına cavab verir. 

Təbii, ən böyük gözləntilər bilavasitə Qarabağ problemilə bağlıdır. Burada hələ çox böyük ümidlər qalır, çünki üç dövlətin problemə baxışı yaxınlaşarsa, o halda Qarabağ problemində də ciddi dəyişiklik ola bilər...

Rusiya səfəri sovuşdu. Amma R.T.Ərdoğanın D.Trampla dialoqunda Qarabağ probleminin də hallanması prinsipcə, istisna olunmur. 

Fəqət, bunun ehtimalını yüksək qiymətləndirmirik, çünki ABŞ -la çözülməli olan iki böyük problem – F.Gülən və bir də ki, kürd yaraqlıları məsələsi Qarabağ probleminin də danışıqlar predmeti olmasının ehtimalını azaldır, çünki ilk iki məsələ R.T.Ərdoğan üçün daha vacibdir.  Elə Rusiyadakı görüşdə də Qarabağ probleminə deyəsən, toxunulmadı. Əgər o, hansısa formada gündəmə gəlsəydi onda mediaya müəyyən məqamlar sızardı. Amma belə olmadı...

Həm də bu iki səfər – artıq baş tutmuş Rusiya səfəri və lap yaxın vaxtlarda reallaşacaq ABŞ səfəri qardaş Türkiyənin hansı ölkəyə daha çox meyl edəcəyini aydınlaşdırmalıdır. Təbii ki, Trampla Ərdoğan arasında sonuncunu qane edən qədər anlaşma yaranmasa o halda Kremlin şansları artacaq. 

Amma yazının bir yerində artıq səslənmiş bir fikri yenə də diqqətə gətirmək istərdik: hələ də Türkiyənin torpaqlarına iddia edən Rusiyanın  tərəfdaş kimi səmimiyyətinə inanmaq olarmı?..

O ki qaldı Avropa ilə getdikcə soyuyan münasibətlərə, burada həm Avropanın, həm də R.T.Ərdoğan hakimiyyətinin suçu vardır. Amma çox qısaca bir məsələni demək olar. Avropada növbəti genişlənmə prosesinə baxış və strateji prioritetlərin dəyişməsi bir tərəfə, onu qeyd edək ki, inkişaf yalnız Avropa sərhədlərilə məhdudlaşmır. Yaponiya, Çin və yaxud da Cənubi Koreya Avropa Birliyi üzvü deyillər. Əsas bilirsinizmi nədir? Odur ki, Türkiyə həqiqətən demokratiyaya və iqtisadi islahatlar kursuna sadiq qalsın. Bundan sonrası düzələn məsələdir...

Amma gəl, sadiq qalacaqmı? Bu yaxınlarda Türkiyənin xəbər kanallarından birində bir detal diqqətimi cəlb etdi. Aparıcı sevinc içində elan etdi ki, bundan sonra basketbolçu qadınlara baş örtüyü taxmağa icazə veriləcək! Bəli, səhv etmirəmsə, belə deyildi. İndi özünüz bir nəticə çıxarmağa çalışın: bu məntiqlə Türkiyə hara gedir?..

Qaynarinfo.Az