“Rusiya cəmiyyətinin əksər hissəsi ikinci Yekatirina və Stalin kimi Vladimir Putini də Rusiyanın xilaskarı sayır”

Rusiya prezidenti Vladimir Putin dünyada ən populyar, haqqında ən çox yazılan lider statusunu hələ də qoruyub saxlayır. SSRİ dağıldıqdan sonra Rusiya Federasiyasının ikinci prezidenti olan Vladimir Putini bəziləri rus xalqının bəlası, bəziləri isə xilaskarı adlandırır. Bir çox ekspertlər isə Putinin yalnız bir məqsədinin olduğunu bildirirlər: böyük Rusiya yaratmaq və bu dövlətin başında durmaq. Onun bu məqsədi hər şeydə özünü göstərir-Çeçenistan hadisələri, Ukraynada baş verən kataklizmlər, qaz vasitəsilə manipulyasiya, İranla olan xüsusi münasibətlər, Türkiyə ilə münasibətlər, Avrasiya İttifaqı adlı “Yeni SSRİ” adlandırılan ittifaq qurması, Suriya məsələsində dirənişi və digər böyük masştablı davranışları.

KQB-nin keçmiş zabiti Vladimir Putin ilk dəfə 2000-ci ilin martında prezident seçildikdən sonra onun qarşısında duran əsas vəzifə Rusiyanı Boris Yeltsindən miras qalan hökumətin xaosundan xilas etmək idi. Ekspertlər hesab edir ki, onu seçən xalqın istəyi əvvəlki güclü dövləti bərpa etmək və onun milliliyini qorumaq idi.

Bəs, V.Putin bunu bacara bildimi? Putin Rusiya üçün kimdir? O, hakimiyyətə gəlməsəydi Rusiya necə olacaqdı? Onu I Pyotrla müqayisə edənlər haqlıdırmı?

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Rusiya sabit dövlət olmadığına görə bu ölkənin hər zaman xilaskarlara ehtiyacı olub.

Ancaq bu xilaskarlar heç də hər zaman rus mənşəli olmayıblar. Məsələn, qanlar və müharibələr hesabına Rusiya imperiyasının imkanlarını artıran əsas iki əsas şəxs var: “Biri ikinci Yekatirina, ikinci isə Stalindir. Hər ikisi Rusiya imperiyası-sovetlər də imperiya olub-tarixində ən uzunmüddətli rejimlərin başında dayanıblar. Hər biri faktiki 30 il imperiyaya başçılıq edib, işğal etdikləri torpaqların miqyasını artırıblar. Maraqlısı odur ki, adını çəkdiyim iki şəxs rus mənşəli olmayıb, biri alman, digəri gürcü mənşəlidir. Buna baxmayaraq, hər ikisi Rusiya imperiyasının xidmətində qanlar töküblər, müharibələr aparıblar.

Rusiya cəmiyyətinin əksər hissəsi ikinci Yekatirina və Stalin kimi Vladimir Putini də Rusiyanın xilaskarı sayır. Bu yanaşmanı haradasa anlamaq olar. Çünki Putindən əvvəlki Boris Yeltsin Rusiyanı idarə edə bilmirdi, Çeçenistan faktiki Rusiyadan ayrılmış, ölkədə iqtisadi və sosial xaos hökm sürürdü. Səhhəti ağırlaşan Yeltsin Putini seçdi. Putinin ilk addımı Rusiyanın müstəqil və populyar televiziya kanalı olan NTV-nin sahibini dəyişməsi oldu. Bir sözlə Putin Yeltsindən fərqli olaraq demokratiya imkanlarını məhdudlaşdırmağa başladı. Çünki Putin dərk edirdi ki, rus cəmiyyətinə təsir etmək üçün özünə bağlı informasiya siyasəti formalaşdırmaq, tənqidi və alternativ xəbər və şərh mediasının fəaliyyətini məhdudlaşdırmaq lazımdır. Putin Çeçenistanı da ram etdi. Düzdür, bu zaman on minlərlə günahsız insan həlak oldu. Ancaq Putin üçün önəmli nəticə idi. Nəticə isə bundan ibarət idi ki, Çeçenistanda böyük ölçüdə mücahidlər neytrallaşdırıldı, bölgədə ruspərəst hakimiyyət quruldu. Putinin bəxti həm də onda gətirdi ki, hakimiyyətə gələn kimi neftin qiymətləri qalxdı və o maaşları, pensiyaları artıra bildi. Bu da insanların xoşuna gəldi".

Politoloqun sözlərinə görə, etiraf edilməlidir ki, Putin hələ Rusiyada alternativsiz liderdir: “Putin özü haqında belə bir görüntü də yaradıb ki, o hakimiyyətdən getsə Rusiya dağıla bilər. Putin hazırda bütün rəy sorğularında liderdir, ona inananların sayı 60 faizdən aşağı düşmür. Bütün bunlara baxmayaraq, Putin ölkəsini dünyadan təcrid edib. Rusiyanın Gürcüstanın, ardından Ukraynanın torpaqlarını ilhaq etməsi Putinin əsl niyyətlərini ortaya qoydu. Hazırda ABŞ və Avropa ölkələri Rusiyaya qarşı sanksiyalarını davam etdirirlər və bu vəziyyət hələ uzun illər davam edəcək. Rusiyanın doğru-dürüst müttəfiqləri də yoxdur. Hətta iki ən yaxın müttəfiqi-Qazaxıstan və Belarus belə Putinin siyasətindən ehtiyat edir. Çünki bu iki dövlətin lideri yaxşı anlayır ki, bir gün Putinin xoşuna gəlməsə Qazaxıstan və Belarusun da parçalanmasını hərəkətə gətirə bilər. Təsadüfi deyil ki, Putin ”SSRİ-nin dağılması böyük faciə idi" ifadəsini işlədib. Bu cür təcrid Putin Rusiyasına yaxşı heç nə vəd etmir. Çünki, ona qarşı olan böyük güclər “necə edək ki, Rusiyanı zəiflədək” planı üzərində işləyirlər. Bir dəfə bu plan əsasında SSRİ çökdü. Rusiya SSRİ-dən güclü dövlət deyil. Ona görə də Putin nə qədər özünə arxayın olsa, qarşısındakı güclərin birliyindən zəifdir".

Qaynarinfo.Az