Xəbər verdiyimiz kimi, dünən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Televiziya və radiojurnalistikası kafedrasının müdiri Aynur Kərimova vəzifəsindən uzaqlaşdırılıb. Buna səbəb kimi onun vəzifədə olmasının 4 ilinin başa çatması göstərilib.

Fakultənin hazırda təhsil alan və bitirmiş tələbələri tərəfindən Aynur Kərimovanın işdən uzaqlaşdırılmasını etirazla qarşılanıb. Onlar etirazlarını sosial şəbəkələrdə dilə gətiriblər.

Məsələ ilə bağlı "Qaynarinfo"ya açıqlama verən universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova bunun qeyri-adi bir hadisə olmadığını bildirib:

"Bu təkcə jurnalistikaya deyil, bütün kafedralara aiddir. Kafedra müdirliyi vəzifəsi seçkili olduğu üçün vaxt başa çatdıqdan sonra yenidən seçki keçirilir və bu prosesdə həmin müəllim yenidən seçilə və yaxud vəzifədən gedə bilər".

Xatırladaq ki, Jurnalistika fakültəsində 4 kafedra fəaliyyət göstərir: 

Beynəlxalq jurnalistika

Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi

Mətbuat tarixi və ideoloji iş

Televiziya və radiojurnalistika

Beynəlxalq jurnalistika kafedrasının müdiri olan Həmid Vəliyev 2004-cü ildən, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli və Mətbuat tarixi və ideoloji iş kafedrasının müdiri Şamil Vəliyev 2005-ci ildən vəzifədədir.

Sual olunur ki, seçim 4 ildən bir və 2 dəfə olmaqla keçirilirsə, bu qərar həmin kafedralara niyə şamil olunmur? 

Qeyd edək ki, Aynur Kərimova Jurnalistika fakültəsində yeganə qadın kafedra müdiri idi. Onun kollektiv daxilindəki konfliktlərin qurbanı olduğu bildirilir.


Qaynarinfo.Az