AR Təhsil Nazirliyinin razılığı ilə ayrılan və Azərbaycan üçün nəzərdə tutulan qrant Gürcüstan və İspaniyaya yönəldilib, Xəzər Universiteti 2 milyon dollar dəyərində qrantdan məhrum edilib.

"Qaynarinfo" xəbər verir ki, bunu sputnik.az-a sözügedən ali təhsil müəssisəsinin təsisçisi və rektoru Hamlet İsaxanlı bildirib.

Onun sözlərinə görə, 2016-cı ildə universitetə Avropanın Erasmus+ proqramı çərçivəsində, təhsil sahəsində islahatların aparılması üçün qrant ayrılıb. Lakin Universitet ayrılan qrantı qeydiyyata aldıra bilməyib.

İsaxanlının sözlərinə görə, Azərbaycanın Ədliyyə Nazirliyi mövcud qanunvericiliyi əsas gətirərək, qrantı qeydiyyata almaqdan imtina edib və nəticədə iki milyon dollar vəsait Gürcüstan və İspaniya universitetlərinə yönləndirilib. Baxmayaraq ki, həmin qrantla bağlı müraciət AR Təhsil Nazirliyi ilə razılaşdırılmış və təsdiq edilmişdi. Beləliklə, Azərbaycanın qeyri-hökumət təşkilatları üçün nəzərdə tutulmuş qanunvericilik aktları çərçivəsində, Xəzər Universiteti əlavə maliyyələşmədən məhrum olmaq məcburiyyətində qalıb. Baxmayaraq ki, QHT-lərdən fərqli olaraq, ali təhsil müəssisəsinə bu vəsaitlər ictimai fəaliyyətlər üçün deyil, təhsilin səviyyəsini və pedaqoji heyətin əmək haqlarını artırmaq məqsədilə ayrılır. İsaxanlının sözlərinə görə, hazırda universitet ağır dövrünü yaşayır. Devalvasiyadan sonra ali məktəbin gəlirləri iki dəfə aşağı düşüb. Bununla yanaşı, təhsil müəssisəsinin hesabının olduğu və vəsaitlərinin saxlanıldığı bank iflasa uğrayıb. Bütün bunlara baxmayaraq, universitet rəhbərliyi tələbələrin təhsil haqqını artırmağı planlaşdırmır.

"Biz istər keçən il, istərsə də bu il təhsil haqlarında ciddi korrektələr etməyi planlaşdırmamışıq. Hesab edirik ki, hazırkı dövrdə hamının maliyyə vəziyyəti oxşardır" — rektor bildirib.

Onun sözlərinə görə, maliyyə çətinlikləri hamıya təsir edir — həm valideynlərə, həm də özəl şirkətlərə: "Bununla əlaqədar olaraq, biz imkan daxilində universitetdə təhsil üçün ödəniş xərclərində ciddi dəyişikliklər etmək niyyətində deyilik".

Qeyd edək ki, hazırda Xəzər Universitetində fakültələrdən asılı olaraq illik təhsil ödənişləri 3-4,5 min manat aralığında dəyişir.


Qaynarinfo.Az