Müasir dövrümüzdə tibb elmi durmadan inkişaf edir. Hər gün minlərlə ixtiralar olur. Bunun sayəsində insanlar daha sağlam həyat tərzi sürürlər. Hal-hazırda Azərbaycanda stomatologiya durmadan inkişaf etməkdədir. Bu gün sizə hər kəsi maraqlandıran implant haqqında məlumat verəcəyik."Qaynarinfo" nun bu mövzu ilə bağlı suallarına  “İmplant Art” klinikasının Baş həkimi və ağız cərrahı, stomatoloq Emil İmanov cavab verəcək. 

- İmplant nədir və kim implantdan istifadə edə bilər?

-  İmplant dişi əvəz edən titandioksid adlı materialdan hazırlanan süni dişdir.  Diş çəkilməsinə göstərişi olan hər bir adam implant qoydura bilər. Diş çəkilən kimi dərhal implant edilir. Bu 4-5 dəqiqə ərzində olan bir prosesdir.

- İmplant təbii dişdən fərqlənməsə də, əks təsirləri varmı? Yoluxucu xəstəlik və ya iltihab kimi?  


- Bəzən müraciət edən xəstələrdə aşağı çənədə arteriya sinirinin zədələnməsi olur ki, qısa müddətli və uzun müddətli keyimə hissləri olur. Üst çənədə ayn boşluğu var ki, bəzən orda xroniki iltihab yaranır. Düzgün qoyulmayan implantlar həm estetik, həm də qeyd etdiyimiz kimi xroniki iltihabın yaranmasına səbəb olur. Ümumiyyətlə, ağız boşluğunda 500 növdə bakteriya var və ən təmiz halda bu bakteriyalar 100 milyon olur. Bu bizim ağzımızın mikroflorasıdır. Bunu tənzimləmək üçün ağızda xüsusi fermentlər olur. Hər hansı zədələnmə, xəstəlik və bu kimi hallarda, o fermentlər aktiv hala gəlir və imkan yaratmır ki, bakteriyalar ağız boşluğuna ziyan vursun. Ümumiyyətlə, ağızda olan bu bakteriayaların çoxluğunu belə izah etmək olar ki, bədənimizin hər hansı bir yerini çərtib ora ağzımızda olan tüpürcəkdən bir damcı vursaq, həmin yerdə çox ciddi iltihablaşma olacaq. Çünki ora çoxlu miqdarda bakteriya ötürmüş olacağıq.

Bu səbəbdən ağızda infeksiyalaşma riski çox olmur. Bəzən deyirlər ki, dişi müalicə edəndə, kiminsə ağız boşluğuna infeksiya yoluxub. Onsuz da ağız boşluğunda kifayət qədər infeksiya var. Kənardan hər hansı müdaxiləylə yoluxma riski çox aşağıdır. 

- Qeyd etdiniz ki, implant etdirdikdən sonra bəzən xroniki iltihab yarana bilər. Bunun səbəbi nədir?


- İlk öncə üst konstruksiya düzgün hazırlanmayanda sement qalığının bu prosesə səbəb olması mümkündür. İkinci səbəb isə gigiyenadır. Biz dişlərimizə profesional qulluq etməliyik. Bunu etmədiyimiz üçün dişimizi itiririk və yerinə implant qoyuruq. Eyni qaydada profesianal qulluq etmədiyimiz müddətdə implantı da itirəcəyik. Ağızda qalan qida qalığına çoxlu bakteriya yığılır və onlar turşu ifraz edir. Turşuluq minanı yavaş-yavaş zədələyir, diş ətinin iltihabına səbəb olur. 

 - İmplant çıxarılarsa, bu cür problemlər qalırmı?

- Xeyr, istənilən halda implantı çıxarıldıqda onun vasitəsilə yaranmış heç bir xəstəlik davam etmir. Bəzən cərrahi müdaxilələr ola bilir. Lakin bu cür halların sağlamlığa heç bir ciddi təsiri yoxdur.

 - Hər hansı ciddi xəstəliyi olan insanlara implant istifadə etməyi məsləhət görürsünüzmü?

- Bu cür hallar üçün beynəlxalq qayda var. Məsələn, Amerika və Almaniya kimi ölkələrdə sistematik xəstəliyi olan biri həkimin qəbuluna gəldiyi zaman, həkim bir qayda olaraq onun ev həkiminə məktub yazır. Bizdə də rəsmi qaydalarda buna bənzər sistemdi. Belə ki, hər kəsin qeydiyyatda olduğu poliklinikada bir həkimi olur. Bu həkimlər o şəxsin xəstəlikləri haqqında məlumatlı olur. Məsələn, siz ola bilər ki, fərqli bir xəstəxanada ürək əməliyyatı keçirmisiniz, lakin əməliyyatdan əvvəl və sonra sizin təzyiqiniz, ümumi durumunuz haqqında məlumatlar şəxsi həkiminizdə olur. O həkim sizi tanıdığı üçün mən ona məktub göndərirəm. Çünki mən bir diş həkimi olaraq xəstənin ürək problemi və s. xəstəliklərinə görə məsuliyyət daşımıram. Bu cür məktubların göndərilməsi çox əhəmiyyətlidir. Çünki şəxsi həkim xəstəni daha yaxşı tanıyır və məktuba əsasən, həmin xəstəyə implant olar və ya olmaz deyə məlumat verərək təhlükəsizliyi təmin edir. Azərbaycana ilk gəldiyim vaxtlar mən də bu cür üsuldan istifadə edirdim (gülür). Kardioloqlara rəsmi məktublar göndərirdim. Cavab olaraq "bu nə məktubdur" sualını aldım. Məktubda xəstənin durumu və müalicənin gedişatı haqqında məlumat istəmişdim. Çünki xəstə həmin həkimin nəzarəti altında müalicə alırdı. Həkim cavab olaraq demişdi ki, "getsin eləsin, daha bu kağız nədir mənə göndərib?". Bəzi xəstəliklər var ki, bu zaman implant istifadə etmək fəsadlar yarada bilir. Məsələn, Difaston xəstəliyi olan insanlar. Bu cür xəstələrdə sümük çəkilməsi, oynaqlarda kəskin ağrılar olur. Həmin xəstələr Bifosfanat adlı fosforla zəngin olan tabletkalardan istifadə edirlər. Bu dərmanlar sümüyün sərtliyini artırmağa xidmət edir. Bu tabletka ilə müalicəyə başlamazdan əvvəl xəstənin dişində ən xırda problem belə varsa, müalicə olunmadan çəkilir. Çünki həmin müalicə zamanı diş çəkimi belə çox ağır keçə bilər. Bu xəstəlikdən başqa ağır şəkərli diabet, qaraciyər və ürək çatışmamazlığı kimi ağır xəstəlikdən əziyyət çəkən insanlar da implant qoydura bilmir. Həmçinin, xərçəng xəstəliyindən əziyyət çəkən insanlar da. Çünki onlar kimyaterapiya ilə müalicə alırlar. Lakin mənim bəzi xəstələrim var ki, onlar xərçəng xəstəliyindən müalicə alıb və sağalıb. Onlara da implant etmişik. 

-  İmplant üçün daha çox hansı yaş həddi müraciət edir?

- Ümumiyyətlə, daha çox 40 yaşdan yuxarı insanlar olur. Lakin gənclərdə də dişin itirilməsi halı çox yaşanır. Gənclər yaşlılara nisbətən maddi cəhətləri nəzərə alıb müraciət etmirlər.

- İmplant nə qədər müddət qalır? Adi dişlə onun itirilməsi müddəti arasında fərq varmı?

- Mən Avstriyada öz həkimimin 30 il əvvəl qoyduğu implantı görmüşdüm. Çox sağlam görünürdü. Onlar ilk yaranmış implantlar idi. Lakin o vaxtdan bu günə çox dəyişiklik olub. Konstruksiyası, forması və s. dəyişərək daha profesional olub. Lakin bu o demək deyil ki, bütün implantlar uzun müddətli qalır. Uzun müddətli olması üçün xəstənin qulluq etməyi birinci şərt sayılır. Bunun üçün sizə bir misal çəkim, bizim ilk daimi dişimiz  7 yaşında çıxır, axırıncı daimi dişimiz isə 13 yaşında  çıxır . Biz ilk diş itirmələrimizə 20 yaşdan sonra başlayırıq . 7 yaşımızda çıxan dişi 20-21 yaşlarında itirməyə başlayırıq. Bu o deməkdir ki, bizim öz sağlam dişimizin müddəti 12-20 ildir. Ona görə də implantın 30-40 il qalmağını gözləmək olmaz. Qeyd etdiyim kimi implantın uzun müddətliliyi dişlərə göstərilən qulluqdan asılıdır.

- Sırf implant üçün nəzərdə tutulmuş qulluq varmı?

- Diş təbii orqandır. Elə təbii orqan olduğu üçün də orqanizm onu tanıyır. Diş kökdən başlayır və taza kimi bir strukturdan ibarət olur. Bizim problemimiz nə olur? Ərp, qida qalığının birləşmələrdə toplanmağı. Harda boş sahə varsa, qida orda toplanır. İmplantlar xüsusi konstruksiyadan ibarət olduğu üçün birləşmə çoxdur. Bu da o deməkdir ki, nə qədər birləşmə varsa, qida qalığının toplanma ehtimalı da o qədər çoxdur. Ona görə də implant olduğu zaman qulluğa daha diqqətli yanaşmalıyıq. Bunun üçün xüsusi fırçalar var. Biz mütləq şəkildə hər implant olan xəstəyə bu fırçadan veririk. Və hər xəstəyə mütləq şəkildə 15-20 dəqiqə ərzində dişləri necə fırçalamaq lazım olduğunu izah edirik. Bu mütləqdir. Mən master təhsilimi Avropada almışam. Orda ilk dərs gigiyena dərsi idi. Bunu da qeyd edim ki, fiziki və əqli qüsuru olan insanlar implant edə bilməz. Çünki onlar implanta qulluq edə bilməyəcəklər. İmplanta qulluq qaydalarını öyrədirik və sonra xəstəni iki həftədən sonra müayinəyə çağırırıq. Beləcə, dişlərinə nə dərəcədə qulluq etdiyinə nəzarət etmiş oluruq. Bu proses davamlı olaraq təkrarlanır. 

- Bəs qiymətlər necə, bahadırmı?

-Azərbaycanda sərhəd ölkələrə nisbətən daha ucuzdur. Həm də bu onun konstruksiyasından asılıdır. İmplant tək materialdan hazırlanır. İstər ən bahalı, istərsə də ən ucuz implantın tərkibi titandioksiddən asılıdır. 

_____________________

Qeyd edək ki, Emil İmanov 1999-2004 - Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsi, 2005-2006 - Avstriya Graç Tibb Universiteti, Ağız cərrahiyyəsi kafedrası və implantologiya üzrə ixtisaslaşma, 2012-2014 - Almaniyanın Frankfurt (Höte) Universiteti Oral İmplantologiya üzrə Master dərəcəsi (MOİ- Master Oral İmplantology) almışdır. 
İş təcrübəsi: 2008-ci ildən “İmplant Estetik Stomatoloji Mərkəz” klinikasında ağız cərrahı və implantoloq, 2008-2015 ci illərdə “Estetik diş” klinikasında Cərrah stomatoloq və implantoloq,  2015- ci ildən isə “İmplant Art” klinikasının Baş həkimi və ağız cərrahıdır.
İctimai Fəaliyyətləri: İTİ Baku Direktoru (İnternational Team for İmplantology – Beynəlxalq implantoloqlar cəmiyyəti) ,
EDAD Bakı (Estetik Dişhəkimliyi Akademik Dərnəyi) sədr müavini,
AZİİB prezidentidir (Azərbaycan İmplantoloqları İctimai Birliyi).
Elmi Nəşrləri: 2009-cu ildə nəşr olunmuş “Stomatoloji praktikada yerli anesteziya” tədris vəsaitinin həmmüəllifi, 2012-ci ildə nəşr olunmuş Alman müəllifi Rainhord Marxkorsun “Çıxmayan ortopedik restavrasiyalar” kitabının azərbaycan dilinə tərcümə redaktoru, 2014 – cü ildə nəşrə başlamış beynəlxalq stomatoloji nəşriyyat olan Quintessenz-in azərbaycan bölməsinin (Quintessenz-az jurnalının) baş redaktoru olaraq çalışır.

Sosial şəbəkələrdə həkimlə əlaqə:




Hazırladı: Lalə Niftaliyeva
Qaynarinfo.az