Amal Abuşov

Sizə nə deyim, ay amansız çexlər. IV İslam Həmrəyliyi Oyunlarının 21 maydan bəri bizə verdiyi eyforiyanı cəmi 21 dəqiqəyə məhv etdiniz. Buna necə qıydınız? Heç rəva idimi? Yoxsa, ötən ilin payızındakı qolsuz bərabərliyin qisasını almağa tələsirdiz? Buna görə də 21 yaşını tamamlamamış futbolçularımızı 21 dəqiqədə göydən yerə endirdiniz...

Dünən axşam başa çatan oyunun protokolunu heç yerdə tapa bilmədim. Müasir texnologiyadan, sosial şəbəkələrdən geninə-boluna istifadə etməsiylə öyünən AFFA-nın rəsmi saytı az qala 15 saat bundan əvvəl başa çatmış oyunun protokolunu bizə təqdim etməyi lazım bilməyib. Bu səbəbdən də Yaşar Vahabzadənin çexlərlə oyunda kimlərə güvəndiyindən xəbərsiz. Amma izlədiyimiz epizodlarda bəzi tanış simaları gördük. IV İslam Həmrəyliyi Oyunlarının finalında qəhrəmana çevrilmiş Mahir Mədətov da onların arasındaydı. Çexlər qapımıza hər dəfə silkələdikcə Mədətovun qarşılarındakı rəqibin Oman olmasını arzuladığı şübhəsizdi.

Çexlər qapımıza vurduqları 5 qolla çox şeyi sübut etdilər. Bakıda keçirilən İslamiadaya qatılan yığmaların səviyyəsini, Azərbaycanın həmin turnirdə nəyin sayəsində meydan suladığını bir daha bizə anlatdılar. Bizim futbolumuzun düzgün yolda olmadığını, yaxın 3-4 ildə Avropanın ortababına çevrilməyimizin belə mümkün olmadı isə yenidən isbatlandı. Bu məğlubiyyət həm də o demək idi ki, AFFA-nın sevincək olması, mükafatları sağa-sola paylaması, Elxan Məmmədovun "biz düzgün yoldayıq” deməsi üçün heç bir əsas yoxdu. 

0:5 hesablı məğlubiyyət bizim üçün həm də həyacan siqnalı idi. Bu siqnalla qəflət yuxusuna getmiş başbilənlər oyanmalı, getdiyimiz uçurumdan qayıtmağımız üçün əməli işə keçməlidilər. Hələ bu harasıdı? Uşaq futbolunu məhv etməklə, kütləvi "milliləşdirmə” ilə, ölkə çempionatında rəqabəti öldürüb, komandaların sayını 8-ə endirməklə, dəyərli futbol veteranlarını və mütəxəssisləri hadisələriin mərkəzindən qaçaq salmaqla biz daha böyük faciələrin əsasını qoymuşuq.

Sonrası necə olacaq bilmirəm. Amma bir şey dəqiqdi. Bu yenilginin tək günahkarı Yaşar Vahabzadə deyil. Problemlərə, yenilgilərə daha yuxarıdan baxmalı, Vahabzadədən daha böyük səlahiyyət sahiblərindən hesabat tələb etməliyik. Əmin olun, Yaşar Vahabzadə ən böyük günahkar deyil. Necə ki, 21 mayda Omanı məğlub edəndə sonra qəhrəman deyildi!

Qaynarinfo.Az