Yəqin ki, dayanacaqlarda olan avtobus informasiya monitorları hər birimizin diqqətini çəkib. Monitorların əksəriyyəti işləmir, bəziləri əhali tərəfindən yararsız vəziyyətə salınıb. Monitorların yaxın gələcəkdəki taleyini öyrənmək məqsədilə Bakı Nəqliyyat Agentliyinə müraciət etdik. 

BNA-nın mətbuat xidmətinin rəhbəri Mayis Ağayev "Qaynarinfo"ya açıqlamasında təmsil etdiyi qurum yaranana qədər fəaliyyət göstərən nəqliyyat strukturunda çox ciddi problemlər olub. İndi onlar aradan qaldırılır.

Mayis Ağayev Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin BNA-dan əvvəl yarandığını və monitorların da həmin vaxtdan quraşdırılıb: "NİİM Bakı Nəqliyyat Agentliyinin nəzdində fəaliyyət göstərən bir qurumdur. Rəhbəri Nəcəf Quliyevdir. Ümumiyyətlə, NİİM 5 ildir ki, fəaliyyətə başlayıb. BNA isə 21 dekabr 2015-ci ildə yaranıb. Yəni, bizə qədər bu qurum artıq fəaliyyət göstərirdi. Eyni zamanda, monitorlar quraşdırılmış, sistem də yaradılmışdı. BNA fəaliyyətə başlayanda həmin avtobus informasiya terminallarının demək olar ki, əksəriyyəti işləmirdi. Biz qurum olaraq işə başlamamışdan əvvəl ölkə ərazisində nəqliyyat sisteminin mövcud vəziyyətini öyrənmək üçün tədbirlər planı hazırladıq. Və kifayət qədər də problemlər aşkarlandı. Hansı ki, o problemlərin çoxu hələ də qalmaqdadır. Ancaq çalışırıq ki, yaxın gələcəkdə həmin problemləri aradan qaldıraq".

Qurum rəsmisi bildirdi ki, problem tezliklə həll olunacaq: "Monitorların lazımi səviyyədə, təyinatı üzrə işləməsi üçün kompleks tədbirlər planı həyata keçirmək lazımdır. Hazırda bu istiqamətdə işlər gedir. Qeyd edə bilərəm ki, 2016-cı ilin dekabr ayından etibarən paytaxtda fəaliyyət göstərən bütün marşrutlarda GPS sistemi quraşdırılmağa başlandı. Sistemin NİİM-in məlumat bazasına ötürdüyü məlumatların emal olunaraq dayanacaqlara ötürülməsi ilə bağlı işlər davam etdirilir. Lakin texniki məsələlərə görə problemin həlli bir az uzanır. O da yaxın vaxtda həllini tapacaq". 

Nərmin Həsənli

Qaynarinfo.Az