"Facebook" sosial şəbəkəsi istifadəçilərin fotoşəkillərinin köçürülməməsi üçün yeni funksiyanı sınaqdan keçirir. Müvafiq layihə "Photo Guard" adlanır.

AZƏRTAC “planet-today.ru” saytına istinadla xəbər verir ki, "Photo Guard" profil fotoşəklinin köçürülməsini 70 faiz azaldır. Sosial şəbəkə istifadəçiləri funksiyanı aktivləşdirməklə digər istifadəçilərə öz profillərindən fotoşəkil yükləməyi, eləcə də orada dostları qeyd etməyi qadağan etmiş olacaqlar. "Photo Guard" funksiyası istifadəçi fotoşəkillərinin skrinşotlarının yaradılmasına mane olur. Mütəxəssislər qeyd edirlər ki, funksiya "Android" əməliyyat sisteminin idarəetməsi ilə çalışan əksər qurğularda işləyir.

"Facebook"un sınaq "Photo Guard" funksiyası hazırda yalnız Hindistanda istifadəyə verilib, lakin gələcəkdə sosial şəbəkənin proqramın coğrafiyasını genişləndirəcəyi gözlənilir.

Qeyd edək ki, istifadəçilərin sosial şəbəkə səhifələrində yüklədikləri fotoşəkillərin qeyri-qanuni kopyalanması ciddi problemdir. Praktikadan məlum olur ki, onu həll etmək heç də asan deyil.

Qaynarinfo.Az