Amal Abuşov

Peşəkar Futbol Liqası iyun ayının 9-dan "transfer pəncərəsi"ni açıq elan edib. Futbolçu alqı-satqısının qızğın vaxtıdı. Alan alır, satan satır. Boşda qalanlar özünə iş yeri, klublar da ehtiyac duyulan mövqelərə babat futbolçu axtarırlar.

Futbolçular öz səviyyəsinə, klublar da büdcəsinə uyğun hərəkət edirlər. Limit yerli futbolçulara təlabatı həmişə aktual edir. Yerlilər də bunu bilir, əmindilər ki, gec-tez hansısa klubla işbirliyi quracaqlar. Amma Premyer Liqada cəmi 8 klubun mübarizə aparması, bu xoşagəlməz durumun artıq ikinci mövsümdü davam etməsi vəziyyəti bir qədər qəlizləşdirib. Üstəlik, indi Azərbaycanda futbola daha əvvəlki tək pullar buraxılmır. Yenə də vəziyyət o qədər də pis deyil, dolanmaq mümkündü.

Az qala hər gün hansısa yeni keçid barədə eşidirik. İşsiz qalan futbolçuların adları müxtəlif klublarla hallanır. Amma bir nəfər var ki, ondan səs-soraq yoxdu. Robert Prosineçki israrla onu milli komandaya dəvət edib, "çərçivə"yə qoymasaydı, belə bir futbolçunun varlığını da unudardıq.

Söhbətin Kamran Ağayevdən getdiyini anladınız. Qışda "evlənmək istəyirəm, atam məndən evlənməyi, Azərbaycanda oynamağı tələb edir" deyən Kamrandan. Heç toyunun tarixini, nişanlanıb-nişanlanmadığını da bilmirik. Bu yaxınlarda sosial şəbəkələrdə bir şəklinə rastladıq. Portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldonu yamsılamağa çalışmış, barmağını dodağına yapışdıraraq "sus" işarəsi vermişdi. Özü də susub. Daha danışmağa sözü də qalmayıb. Onu heyətində görmək istəyən klubun olmadığı kimi.

İsdedadına şübhəmiz yoxdu. Amma xarakteri onun böyük qapıçı olmasına imkan vermədi. Sorağı xarici klublara da gedib çatıb. Yerlilər isə xasiyyətinə çoxdan bələddi. Vəziyyət o qədər acınacaqlıdı ki, AFFA-nın sözü "Neftçi"yə keçərli olmadı, Kamran üçün orda "isti yuva" qura bilmədilər. Elxan Abullayev iki qoçun başının bir qazanda qaynamayacağından xəbərdar imiş. 

"Qarabağ"la "Qəbələ"yə də onu yaxın qoymazlar. "Zirə"yə də həmçinin. Şahin Diniyevə də ağrımayan başına dəsmal bağlamaq lazım deyil. "İnter"ə transfer qadağası qoyulub. "Sumqayıt"a bir dəfə boşuna səyahət edib. "Neftçi" isə onu istəmədi. Ümid qalır "Səbail"ə. Onlar da istəməsə, Kamran Ağayev üzünü aşağı diviziona tutmalı olacaq.

Allah Samir Əliyevin ürəyinə insaf salsın. Yoxsa, çox tezliklə "burdan bir Kamran keçdi..." deyəcəyik.