Marketinq sahəsində sosial şəbəkə fenomenlərinin nə qədər qazandığı hər kəsi maraqlandırır. Məsələyə azərbaycansayağı yanaşıldıqda isə birinin nə qədər qazandığı bəlkə də ən çox bizi düşündürür. Təəssüf ki, bu sahədə ödənişlərin edilməsi ilə bağlı yazılı bir qaydalar sistemi yoxdur və hər insan sosial şəbəkə hesabından gəlir əldə etmək istədikdə öz qanunlarını və öz tələblərini irəli sürür. Lakin, ümumi şəkildə götürdükdə sosial şəbəkənin növü, izləyici sayı, fenomen olan şəxsin cəmiyyət arasında nə qədər nüfuz sahibi olması, izləyicilərinin qarşılıqlı, yoxsa məşhurluğuna görə artması və s. qazanca təsir göstərən ən vacib faktorlardandır.

"Qaynarinfo" əsasən 3 sosial şəbəkədə: "Instagram", "Snapchat" və "Youtube"da fenomenlərin kampaniyalardan nə qədər qazanması ilə bağlı məlumatı təqdim edir:


"Instagram"

"Instagram"da təxminən 100 min izləyicisi olan istifadəçi üçün bir reklam qiyməti 1000 dollardan başlayır. Müştərinin büdcəsi, kampaniyanın davamlılıq müddəti və effektliliyi təbii ki, bu qiymətin artıb-azalmasına təsir göstərir. Bundan başqa müştəri ilə fenomen arasındakı razılaşmanı üçüncü bir şəxs yerinə yetirirsə onun aldığı faiz də ümumi məbləğə əlavə edilir ki, qiymət bir az baha olur. Hollivud ulduzlarının "Instagram"da bir paylaşım üçün 250 min dollar aldıqları iddia edilir, amma siz bu barədə çox da xəyallara qapılmasanız daha yaxşı olar. Çünki onlar Hallivud ulduzlarıdır.


"Snapchat"

"Snapchat"da 24 saatlıq bir kampaniya üçün təxminən 500 dollardan başlayır. Bu sosial şəbəkədə hədəf auditoriyasının sayı dəqiq bilinmədiyi üçün fenomenlər əsasən aktivliyə görə müqavilə bağlayırlar. Burada izləyici ilə qarşılıqlı ünsiyyət daha aktiv şəkildə olduğundan bu, özünü digər sosial şəbəkələrlə müqayisədə də göstərir və təbii ki, onlara baxmış qiymətlər də baha olur.

Türkiyəli tədqiqatçılardan biri 35 "Snapchat" fenomeni ilə danışıqlar aparıb və alınan məlumatlara əsasən 24 saatlıq ödənişlər təxminən belədir:

1000-5000 izlənmə üçün 500 dollar

5000-10000 izlənmə üçün 1000-3000 dollar

10000-30000 izlənmə üçün 3000-5000 dollar

30000-50000 izlənmə üçün 5000-10000 dollar

50000-100000 izlənmə üçün 10000-30000 dollar


"YouTube"

"Youtube" fenomenləri "Instagram" və "Snapchat" həmkarlarına baxmış reklam üçün daha yüksək qiymət tələb edirlər. Bunun səbəbi onların təqdim etdikləri reklamın daha spesifik kütləyə çatdırılması və video reklamların digər reklamlarla müqayisədə hazırlanmasının çətin olmasıdır. Belə ki, 1 milyon izləyici sayı olan fenomen müəyyən bir kampaniya üçün 25 min ilə 50 min dollar arası ödəniş ala bilər. Təbii ki, bunlar "Youtube" üçün yazılı olmayan qanunlardandır. 100 min izləyicisi olan "YouTube" fenomenləri 2 min dollar gəlir əldə edir.

Bütün bunlara baxdığımızda bazarda ümumi bir sabitliyin olmadığını müşahidə edə bilərik.

"PewDiePie"

Qeyd edək ki, 2013-cü ildə gəliri 7,5 milyon dollar olan "Youtube"un ən məşhur fenomeni "PewDiePie" ötən ilin sonunda izləyisi sayını 50 milyona çatdırıb və bununla da illik qazancı öncəki illərlə müqayisədə 2 dəfə artıb.

Çingiz

Qaynarinfo.Az