Çingiz Səfərli

"Hamı dənizə gedir, bir biz də baş çəkək" deyib jurnalist dostlarla yığışıb çimərliyə getmək qərarına gəldik. Razılaşdığımız kimi, metronun Azadlıq stansiyasında görüşəndən sonra 123 nömrəli marşruta minib üz tutduq Novxanıya. 

Yol boyu fikirləşdim ki, biz marşruta mindik, yoxsa marşrut bizə?! Nə isə sözüm onda deyil, basabasda getməyə uzun illərdir vərdiş etmişik və pis vərdişlər insanı heç vaxt rahat buraxmır. Binəqədi, hətta Novxanının ortalarına kimi yaxşı gəldik. Ta ki, "Azəravtoyol" ASC-nin “xoş” sürprizi ilə qarşılaşana qədər... 

Düzü bu, bizim üçün o qədər də sürpriz olmadı, çünki həmin yoldan ayyarım əvvəl də istifadə etmişdik və yolun belə vəziyyətdə olduğunu bilirdik, amma düşündük ki, artıq bu qədər vaxt keçib və çimərlik mövsümü də çoxdan başlayıb, yəqin təmir işləri yekunlaşmış olar. Təəssüf ki, yanılmışıq. Marşrut yolun yarısında dayandı və sürücü qayıtdı ki, "Görürsüz də qazıblar, gedə bilməyəcəm". Hamılıqla tökülüşdük yerə. Bəzilərinin hətta sürücü ilə sözü çəp gəldi ki, "bəs sən bizi mənzil başına kimi aparmamısan, nə üçün 50 qəpik verək?" Sürücü yazıq neyləsin, çarəsizliyin üzü qara olsun... Gedə biləcəyi yol bura qədər idi, nə etsin?! Necə deyərlər yolun bitdiyi yerdə dayanarlar.

Yolun bitdiyi yerdə dayanan sürücünü bizim “anlayışlı” vətəndaşlarımız elə hala saldılar ki, ağsaqqal sözün də bitdiyi yerə gəlib çıxdı. Əsəbiləşdi, özündən çıxdı, az qalsın camaatı qıracaqdı ki, biz güclə qaçıb canımızı qurtara bildik və “peşklas”ımıza (ən ucuz nəqliyyat vasitəsi) minib düzəldik yola. Toz-torpağı göyə sovura-sovura bir xeyli irəlilədik. Bu şəkildə gedib çata bilməyəcəyimizi düşünüb, bir taksi danışdıq. Nəhayət, Bakıdan Novxanıya 1 manata, Novxanıdan Novxanıya 4 manata gedib dəniz kənarına çıxdıq. Amma mənə bir şey maraqlı idi, görəsən ilin digər 3 fəslində çox hörmətli “Azəravtoyol” nə edirdi?! Bu sualın cavabını tapmaq o qədər də çətin olmadı.

Deməli, belə çıxır ilin 3 fəslini qış yuxusunda olan “Azəravtoyol” yazın axırları, yayın əvvəllərində ayılıb ki, Novxanıdakı yolu düzəltmək lazımdı. Və başlayıb hər yeri qazmağa. Zəng də vurursan ki, gözəl insanlar, möhtəşəm ASC, bəs indi axı camaatın bu yoldan ən çox istifadə etdiyi vaxtdır, nə üçün təmir işləri ilin bu vaxtına təsadüf edib? Cənabi ASC-nin mətbuat xidmətinin rəhbəri də başlayır romantik-romantik danışmağa ki, bəs yolun təmiri insanların gediş-gəlişini asanlaşdırmaq, onların rahatlığını təmin etməkdən ötrüdür və s. və s. Biz də bilirik, yaxşı yol rahatlıq üçündür. Amma hörmətli ASC rəhbərliyi unudur ki, insanların yolunu kəsməklə, ilin bu vaxtında toz-torpaqlı yollarda piyada getməyə məcbur etməklə onlara rahatlıq vermək olmaz. 

Yolu təmirə bağlayanda insanlara alternativ variantlar təklif edərlər. Amma nə alternativ var, nə də təmir başa çatır. Bu yoldakı problemlə bağlı may ayının əvvəlində "Azəravtoyol"la əlaqə saxlamış (təmir aprel ayının əvvəllərindən başlayıb) və “Camaatımızdan bir az səbr istəyirik, çox yaxın zamanda yol tamamilə mükəmməl vəziyyətdə istifadəyə veriləcək” cavabını almışdıq. 3 ay keçdi, millət səbr etdi, "Azəravtoyol" isə təmir işlərini bitirə bilmədi.

Nə isə, az getdik, düz getdik, dərələr, təpələr aşaraq gəlib çatdıq dəniz sahilinə. Çimərliyə girməyimizlə sürprizlərin sayı da artdı…

Xəzər xalqın sərvətidir, bu millətə məxsusdur deyirlər, amma bəziləri xalq, millət anlayışını deyəsən o qədər kiçildiblər ki, hətta belə desək fərdiləşdiriblər. Dənizi dədəsinin mülkü hesab edənlər hər yeri hasara alıb. Düzdü, gözəl şərait yaradılıb. Amma sadə vətəndaş istədiyi vaxt gedib orda istirahət edə bilməyəcəksə, bu dəm-dəstgah nəyimizə lazımdı? Mən dənizə baxmaq, çimmək üçün hansı səbəbdən sənə pul verməliyəm?

Axır ki, hasarlanmamış bir yer tapıb çimmək istədik, amma baxdıq ki, ortadan “vışka” kimi bir estakada dəmiri peyda olub, göyə ucalır. Suya girdik, sellofan paketlər uçuşmağa başladı. Bir sözlə pullusunun bir dərdi var, pulsuzunun da min bir dərdi…

"O olmasın bu olsun" komediyasında məşhur bir ifadə var: "Yayın istisində harda sərinləmək olar? Hamamda" Bəli, 2 tas su tök başına çıx. Deyəsən ən yaxşı variant da elə budur.

Qaynarinfo.Az