Lalə Niftaliyeva

IV kursda oxuyanda Sumqayıtda kirayə tutduğum evdə tək yaşayırdım. Atam xəstəliyinə görə işləmirdi. Bir gün zəng etdi ki, gəlib bir həftə səninlə qalacam. Çox sevinirdim. Çünki atamla əyləncə anlayışımız üst-üstə düşürdü. 5-ci mərtəbədə 1 otaqlı mənzildə qalırdım. Nəhayət atam gəlib çıxdı. Hər qalxdığımız 10 pillədən sonra, dayanıb dərindən nəfəs alır və mən ona "Çox az qaldı. Söhbət et mənimlə, bir də görəcəyik ki, çatmışıq" deyirdim. Qocalmışdı...

Dil açıb danışmağa başlayandan atamın ən yaxın dostu mən idim. Bütün məhrəm xatirələrini rahatlıqla mənimlə bölüşürdü. Atasızlıqdan əziyyət çəkməyindən tutmuş saçları dizlərindən olan ilk sevgisinə qədər hər şeyi... İşləmədiyi zamanlarda müxtəlif yollarla pul qazanırdı. İkimiz qazanırdıq, bəlkə də. Birlikdə varlı qonşularımızın həyətlərində yer belləməyə gedirdik. Atam mənə balaca bel də almışdı. Mən o zamanlar günün istisini, yorğunluğu hiss etmirdim. Əslində, bu mənim çox xoşuma gəlirdi. Çünki naharda bizə dadlı yeməklər bişirirdilər... Atam həm də kürə düzəldə bilirdi. Kürə təndirin başqa növüdür. Palçıqdan olur və onda həm çörək, həm də şirniyyatlar bişirmək olur. 

Bir gün atamın dostu onlar üçün də kürə düzəltməyini istədi. Bunun üçün çox uzun yol getməliydik. Səhər gün çıxmamışdan yola çıxdıq. İndi bilirəm ki, biz piyada rayonumuzun kəndlərindən birinə getmişdik. " Ay papa, yoruldum axı..." deyəndə, "Söhbət edək, bir də görəcəksən ki, artıq ordayıq" demişdi. 

İnsan həyatı nədən ibarətdir? Xatirələrdən... Bu xatirələr bilirsiniz nə vaxt yaranır? Keçmiş və gələcəyin olmadığı anda hiss etdiklərin sənin xatirənə yazılır. Biz uşaqlığımızı daha aydın, daha sevinclə xatırlayırıq. Çünki, heç bir məsuliyyətimiz olmadan hiss etdiklərimizi yaşayırdıq. Böyüdükcə hər şey dəyişir. Artıq istədiklərimizi yaşamırıq. Hazır düsturlarda "x" və "y"in yerinə bizi qoyub, məsələni həll edirlər. Bunu yalnız yaşadığım cəmiyyətə aid edirəm. Qadınların ən dəyərli xatirəsi sevgi münasibətidir, oğlanlarda isə əsgərlikdən o tərəfə keçmir. Qocalırsan və əlində uşaqlıqda yaşadığın xoşbəxtlikdən başqa heç nə qalmır...

Atamla Sumqayıtda bir həftə vaxt keçirdik. Axşamlar çox çətinliklə də olsa, gəzməyə gedirdik. Artıq 3 gündü gəlmişdi. Yaşadığım məhəllədə "Şəhidlər parkı" var idi. Atamla orda oturub dondurma yeyirdik. Birdən mənə baxıb "O, kişi zibillikdə yemək axtarır?" dedi.

Susdum... Nə cavab verə bilərdim. Atam heç cavab da gözləmirdi. Verdiyi sualın cavabını bilirdi. Gözləri doldu. Atam həssas idi, film izləyəndə də gözləri dolardı. Kövrəldiyini göstərməmək üçün öskürürdü, mən isə baxıb ağlayırdım. Həmin gün də elə oldu. Atam kövrəldiyini gizlətmək üçün öskürdü, mən isə ağladım. Və bu hadisədən sonra 4 gün evdən çıxmadıq. 

Bu gün səhər işə gələndə parkda 20 yaşlarında bir gəncin çox güman ki, paltarları olan paketi başının altına qoyub, oturacaqların birində yatdığını gördüm. İlahi, o nə yatmaq idi elə... Bütün dünyaya, ədalətsizliyə qarşı yatmışdı elə bil. Kimsə indi məndən soruşsa ki, "o gənc orda niyə yatıb?" Mən də, bu yazını oxuyan bütün gənclər də o sualın cavabını bilir, dərk edirik. Amma hər şeyə susduğumuz kimi bu dəfə də susub, yolumuza davam edəcəyik.... 

Qaynarinfo.Az