Zorakılığın cinsi yoxdur. Lakin qadınlara qarşı istər fiziki, istərsə də psixoloji şiddət hər zaman daha çox olub. Bəzən bu şiddətin səbəbkarı elə qadınların özü olur. Necə? Hər şeyə dözərək, göz yumaraq... Bəlkə də həyat yoldaşları və ya valideynlərindən asılı olduqları üçün. Ailə qurmaq üçün kişidən əvvəl qadın tək yaşamağı bacarmalıdır. Bunu əvvəlcə özü, daha sonra isə dünyaya gətirəcəyi körpəsi üçün etməlidir. 

Məişət zorakılığı ilə bağlı məlumat bankına daxil olan məlumatların yanvar ayındakı təhlilinə görə, ötən ilyarımda Azərbaycanda məişət zorakılığına məruz qalan insanların 85.5 faizi qadınlar, 14.5 faizi kişilər olub. Bu hələ rəsmi statistikadı. Ölkənin rayonlarında, kəndlərində hər gün yüzlərlə qadın həyat yoldaşları, ailə üzvləri tərəfindən fiziki təzyiqə məruz qalır. Bütün bunlar ailənin içində qalır, rəsmi qurumlara şikayətlər edilmir, nəticədə həmin hadisələr statistik məlumatlara daxil olunmur.

Azərbaycanda uzun illərdir zorakılığa məruz qalan qadınlar üçün “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi fəaliyyət göstərir. Bu günə qədər yüzlərlə qadının yolu bu ictimai qurumdan keçib.

"Qaynarinfo"nun əməkdaşı oxucuları həmin sığınacaqla tanış etmək üçün “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə yollanıb. 

Birliyin rəhbəri Mehriban Zeynalova bizi çox yaxşı qarşıladı. Eləcə də ondan kömək uman qadınlar. İki mərtəbəli villada 37 qadın və uşaq var idi. Mehriban xanım bizə sığınacağın yaranmasından və fəaliyyətindən danışdı.


- Sığınacaq nə zaman fəaliyyətə başlayıb?

- Fəaliyyətə 2002-ci ildən başlamış sayılırıq. Demək olar ki, artıq 15 ildir rəsmi şəkildə fəaliyyət göstəririk. Əvvəl çətin vəziyyətdə olan qadınlara evimdə yer verirdim. Sonradan bura sığınacağa çevrildi. 2002-ci ildən burda müxtəlif hədəf qrupları olub. Bunların arasında insan alverinin qurbanları, seks xidməti göstərən qadınlar, miqrantlar, narkotik aludəçiləri, LGBT qrupunun üzvləri və məişət zorakılığı qurbanları var. Təşkilat sırf qadınlara və uşaqlara kömək üçün fəaliyyət göstərir. 2011-2012-ci illərə kimi biz könüllü fəaliyyət göstərmişik. 2011-ci ildə ATƏT (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) ilə bir layihəmiz oldu. Sonra o da bağlandı. Ona kimi də başqa layihələr olub. QHT üçün ayrılan layihələri çoxları özünə götürsə də, mən sığınacaq üçün nəsə etməyə çalışmışam. 

- Maddi yardım qəbul etməməyinizin səbəbi nədir?

- Ərzaq qəbulu etsək də, çalışırıq nəğd pul qəbul etməyək. Bank hesabımız mövcuddur. Kim istəsə, ora 1-2 manatdan başlayaraq yardım edir. Bəzən kommunal xərcləri ödəməkdə çətinliklərimiz olur. O zaman dəstək alırıq. Nəğd pul şaiyələrin yaranmasına səbəb ola bilər. Mən isə qanunu sevən adamam. Ona görə də bu məsələlərdə ehtiyat edirəm.

- Hazırda sığınacaqda çalışan xanımlar var?

- Bəli. Hazırda 6 nəfər işləyir. Qadınlar burada 3 ay reabilitasiya dövrünü keçir, 3 ay isə onlar rentiqrasiya dövründə olur. İşləyən xanımlara imkan yaradırıq ki, onlar pullarını yığa bilsin və sərbəst həyatlarına davam etsinlər. Əmək haqqı az olanlar daha çox qalıb pul yığırlar. 

- Burda yaşayanlara tibbi yardım göstərilirmi?

- Əlbəttə, burada yaşayanlar tibbi yardım alır. Uşaqlar da, valideyinlər də tibbi müayinədən keçirlər. Əgər problem varsa, yardım edilir. Burda bir neçə qadın və uşağa qarşılıqsız göz əməliyyatı edilib. Əslində, Səhiyyə Nazirliyi haqqında niyə bu qədər bədgüman danışırlar, bilmirəm. Çünki onlar bizə çox yardım edir. Ən yaxşı əməkdaşlıq etdiyimiz qurum da Səhiyyə Nazirliyidir. Uşaqlarımız dəfələrlə A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasında müalicə alıb. O cümlədən Respublika Klinik Xəstəxanası, 7 saylı Qadın Məsləhətxanasına nə zaman getsək, bizi çox gülərüzlə qarşılayırlar və xəstələrə yardım edirlər. Dərman da verirlər, müalicə də edirlər. Hazırda onkoloji xəstəmiz var və Onkologiya İnistutu onun müalicəsini üzərinə götürüb. Bundan başqa, Təhsil Nazirliyi ilə əməkdaşlığımız yaxşıdır. Bura gələn xanımlardan kiminsə təhsili yarımçıq qalıbsa, biz nazirliyə müraciət edirik və onlar yenidən təhsillərinə davam edə bilir. Sığınacaqda məktəbə gedəcək yaşda uşaqlar da var. Onların dərsləri yarımçıq qalmır, sığınacağa yaxın yerdə məktəbə gedir və təhsillərini davam etdirirlər. Bu işdə də bizə dəstəyi Təhsil Nazirliyi verir. Sığınacaq tək fəaliyyət göstərən yer deyil. Dövlət qurumları olmasa, biz bu qədər köməksiz qadın və uşaq üçün heç nə edə bilmərik. Əlimizdə o qədər pul yoxdur ki, xəstələri müalicə edək və ya uşaqların təhsili ilə məşğul olaq. Bəzən özəl klinikalar da yardım edir. Məsələn, bu il ərzində biz 14 oğlanı özəl klinikalar da sünnət etdirmişik. Bir neçə qadın isə gözündən əməliyyat olunub. Biz burdan çıxan qadınları bacardığımız qədər həyata hazırlayırıq. Onların cəmiyyətə necə inteqrasiya olacağı müəyyənləşdirilir. Əgər məlum olursa ki, bu qadının tək yaşamağı mümkün deyil, onu qohumlarına təhvil veririk. 

Həyətdə başladığımız söhbətin davamını sığınacaqda sosial işçi kimi fəaliyyət göstərən Gülnar Azadə ilə sığınacağı gəzə-gəzə davam etdiririk.

- Sığınacaqda neçə nəfər qala bilər?

- Ümumilikdə 35 yer nəzərdə tutulub, amma bəzən çox olur. Elə olur ki, iki nəfər bir yerdə yatır. 


- Qadınların arasında işləyən varmı?

- İşləyən də var, işləməyən də. Bəziləri evdən çıxdığı vaxt öz işləri olur. Ona görə də onu davam etdirməli olurlar. Lakin, qadınların həyat təhlükəsi varsa, o zaman onlar bir müddət işə getmir. 

- Maddi yardım aldığınız hər hansı bir qurum var?


- Xeyr, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi Mehriban xanımın şəxsən özünün nəzarəti altındadır. Yardım olur. Amma maddi yardım almırıq, ərzaq yardımını qəbul edirik. Bəzən elə olub ki, ərzağımız olmayıb, Mehriban xanım öz kartından pul çəkib, bazarlığımızı edib. 

- Qadınlar hansı müddətdə burda qala bilər?

- Vəziyyətdən asılıdır. Məsələn, məhkəmə prosesindən elə uşaqlar gəlir ki, onların sənədləri olmur. Bəzən qadınlar evdən qaçanda şəxsiyyət vəsiqələri götürmürlər, onlar üçün bu sənədlər hazırlanır. Müddəti əsasən, işin gedişinə görə təyin edirik.

- Xanımlar daha çox hansı vəziyyətdə sizə müraciət edirlər?


- Daha çox şiddət görmüş xanımlar müraciət edir. Üz-gözü əzilmiş vəziyyətdə qadınlar gəlir. Hətta əri tərəfindən bıçaqlanan qadınlar da olub aralarında. Bura müraciət edən xanımlar haqqında polisə xəbər veririk. Şiddətə məruz qalan xanımlar ilkin tibbi ekspertizadan keçir. Bəzən elə də olur ki, onlar məhkəmənin sonunda həyat yoldaşı ilə yenidən barışır. Aralarında barışıb, yenidən sığınacağa eyni şikayətlə qayıdan qadınlar da olub. 

- Qadınların ailəsi bura gəlib problem yaradırmı?

- İndiyə kimi elə bir problem yaşamamışıq. Əvvəl danışıqlar qapının arxasında aparılır və əmin olduqda ki, xanımın həyatı üçün heç bir təhlükə yoxdu, o zaman qadına həyat yoldaşı və ya ailəsi ilə söhbət etməyə icazə verilir. Biz çalışırıq qarşı tərəfi də dinləyək. Bəzən elə olur ki, xanımlar problemi çox şişirdir. Həmin vaxt xanımın da günahı olduğu ortaya çıxır. Ailə münaqişəsinin qarşılıqlı problemlərdən yarandığı ortaya çıxır. Bu zaman əsas zərərçəkən uşaqlar olur. Ona görə də çalışırıq ki, uşaqlar psixoloqla görüşsün. Biz ailələri ayırmaqdan çox, barışdırmağa üstünlük veririk. Ailənin bütün üzvləri bizim sosial işçilərimiz və psixoloqlarla danışır. Biz birlikdə qərara gəlirik ki, bu ailə artıq tam düzəlib və birlikdə yaşamağa hazırdırlar. O zaman qadın və uşaqlar sığınacağı tərk edib, yenidən ailəsinin yanına qayıdır. Elə bu yaxınlarda da bir ailə barışıb buranı tərk etdi.


- Əsasən, hansı yaş qrupundan olan qadınlar müraciət edir?

- Azyaşlı xanımlar da var, amma bəzən 70 yaşında da xanımlar müraciət edir. Yaşlı xanımlar övladları tərəfindən zorakılığa məruz qalanda bizə müraciət edir. 

- Siz insan alverinin qurbanı olan qadınlara da yardım edirsiniz?

- Bəli bu cür hadisələr də olur. Bu zaman biz Daxili İşlər Nazirliyinin İnsan Alveriə Qarşı Mübarizə İdarəsinə müraciət edirik. Baş idarə həmin xanımların Dubaya, Türkiyəyə və ya başqa xarici ölkələrə hansı yolla getdiklərini araşdırır, onları müdafiə edir. Elə olur ki, onlar da sığınacağa yerləşdilir və lazım olan tibbi, psixoloji yardım göstərilir. Daxili İşlər Nazirliyinin özünün də insan alveri qurbanları üçün sığınacağı var. 

- Hər şey üçün təşəkkür edirik.

- Biz də sizə təşəkkür edirik. 

Lalə Niftaliyeva

Qaynarinfo.az