"Washington Post" körfəz böhranı ilə bağlı şok məlumatlar açıqlayıb.

"Qaynarinfo" xəbər verir ki, 23 may tarixində televiziyadan yayımlanan görüntülərdə Qətər əmiri Şeyx Təmim hərbi tədbirdə İranı tərifləmiş, ABŞ prezidenti Donald Trampın hakimiyyətdə çox qalmayacağını bildirmiş, Səudiyyə Ərəbistanı və müttəfiqlərini ABŞ köləsi adlandırmışdı. Daha sonra Qətər bu videonun saxta olduğunu, kiber hücuma məruz qaldıqlarını açıqlamışdı, lakin Səudiyyə Ərəbistanının başçılığı ilə bir çox ərəb ölkələri 5 iyun tarixindən etibarən Qətərə qarşı sanksiyalara başladılar və diplomatik əlaqələri kəsdilər. Nəticədə Qətər siyasi və iqtisadi cəhətdən olduqca çətin vəziyyətə düşdü, ölkədə ərzaq qıtlığı yaşandı, Qətər vətəndaşları bu ölkələrdəki işlərini itirdi, Qətərə aid minlərlə dəvə ölkə sərhəddində tələf oldu. 

Qətərə 13 maddəlik ciddi tələb siyahısı təklif edən körfəz ölkələri böhranın daha da dərinləşməsinə səbəb oldu. 

Qeyd edək ki, böhranın səbəbi kimi Səudiyyənin müdafiə naziri və vəliəhdi Məhəmməd İbin Salmanla Şeyx Təmim arasındakı rəqabət də göstərilirdi. Son iddialara əsasən isə Səudiyyənin əsas tərəfdaşı Birləşmiş Ərəb Əmirlikləri saxta çıxışın yer aldığı kiber hücumun təşkilatçısıdır.

Gülşən

Qaynarinfo.Az