Lerik rayon mərkəzini içməli su ilə təmin edən boru xəttində qəza baş verməsi səbəbindən əhali susuz qalıb.  

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə Hallar üzrə Komissiyanın sədri Habil Məlikov məsələ ilə əlaqədar "Report"un Cənub bürosuna açıqlama verib.

O deyib ki, həqiqətən son 10 gündə ikinci dəfədir Qosmalian-Lerik su xəttində qəza baş verir: "Əhali bu səbəbdən susuz qalır. Hazırda ərazidə bərpa işləri görülür. Təzyiqə dözməyərək sıradan çıxan polietilen borular yenilənir. Yəqin ki, bir-iki gün ərzində qəza aradan qaldırılacaq. Bu günlərdə əhalinin içməli suya olan tələbatını qismən də olsa təmin etmək məqsədi ilə 3 su daşıyan maşın əhaliyə xidmət göstərir. Lakin, bu məsələ bizi də çox narahat edir. Dəfələrlə aidiyyati qurumlar məsələnin ciddiliyi barədə məlumat verilib. Hətta işlərin tamamlanması üçün əlavə vəsit də ayrılıb."

Onun sözlərinə görə, 2011-ci ildə Dövlət Proqramına uyğun olaraq, Lerik rayonunda icməli su və kanalizasiya sisteminin çəkilməsinə qərar verilib: "Melorasiya və Su Təsərrüfatı ASC-nin sifarişi ilə bu iş üçün Dünya Bankı tərəfindən 28 milyon manat ayırıb. Tikinti quraşdırma işləri tender yolu ilə Türkiyə şirkətinə həvalə olunub. Layihəyə əsaən 19 km məsafədə Qosmalian-Lerik su xətti çəkilməli, sayğac sistemi qurulmalı, eləcə də kanalizasiya sistemi yaradılmalı idi. Bu işlər II-ci Dövlər Proqramına qədər həyata keçirilməli olsa da 7 ildir bu lahiyə başa çatmır.

Əhali haqlı olaraq narazılıq edir. Bu işlərə səhlənkar münasibət dövlət vəsaitinin boşuna xərclənməsinə səbəb olur. Belə ki, su xətti 12 milyon manat vəsit sərf olunaraq salınan Lerik-Kəlvəz-Qosmalian yoluna paralel çəkilib. Hər dəfə ayrı-ayrı istiqamətlərdə baş verən qəzalar yolun 4 km-də asfalt örtüyü sıradan çıxarıb. Bundan əlavə, müqaviləyə əsasən, su-kanalizasiya xətləri çəkildikdən sonra yol infrastrukturunun bərpası layihə çərçivəaində həyata keçirilməli idi. Çox təəssüf ki, bu işləri yenidən daxili imkanlar hesabına özümüz görməli oluruq."

Habil Məlikov bildirib ki, qəzaların nədən tez-tez baş verməsinin səbəbini araşdırmaq üçün mütəxəssislər də dəvət olunub, baxış keçirilib: "Çox güman ki, tikinti işləri zamanı standartlara cavab verməyən keyfiyyətsiz materiallardan istifadə olunub. Bunun başqa izahı yoxdur. Ümidverici olan isə odur ki, yanvar ayından işlərin görülməsinə başqa bir tikinti şirkəti də qoşulub. İşlər sürətləndirilib. Abonentlər üçün fərdi sayğaclar quraşdırılır. Hazırda ayrılmış 4 hektar ərazidə təmizləyici qurğular inşa olunur." 

Qaynarinfo.Az