İyulun 22-də Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putun arasında Soçidə görüşü keçirildi.

Dövlət başçıları söhbət zamanı Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunu bir daha təsdiqləyib, ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib, beynəlxalq və regional problematika ətrafında fikir mübadiləsi aparılıb, hər iki dövlət başçısı Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildiriblər.

Prezidentlərin Soçu görüşünü "Qaynarinfo"ya şərh edən politoloq Qabil Hüseynli bildirib ki, görüşdən sonra Azərbaycan-Rusiya münasibətlərində istiləşmə müşahidə olucaq. Ekspert Rusiyanın hakim dairələrində erməni lobbisinin təsiri altında olanların iki ölkə arasındakı əlaqələri korlamağa çalışdığını, Azərbaycan prezidentinin də həmin şəxslər barəsində Putinə ətraflı məlumat verdiyini qeyd edib: 


"Fikrimcə, bu görüşdən sonra Rusiya-Azərbaycan münasibətlərində müşahidə olunan soyuqluq aradan qalxacaq. Və yaxud artıq aradan qaldırılıb. Çünki, görüşün təşəbbüskarı Rusiya olub. Son zamanlar Azərbaycan prezidentinin bir sıra uğurlu səfərləri zamanı keçirdiyi görüşlərin yaratdığı narahatlıq Rusiyanı bu görüşü keçirməyə vadar etdi. İlham Əliyev Polşaya, Latviyaya səfər etdi və hər iki ölkə də Azərbaycanın ərazi bütövlüyünü dəstəklədikləri barədə birgə bəyanat verdi. Sonra Azərbaycan prezidenti İstanbulda ABŞ dövlət katibi Reks Tillersonla görüşdü, orada da Azərbaycanın ünvanın xoşməramlı fikirlər səsləndirildi. Bütün bunlar onu göstərir ki, Rusiyanın erməni lobbisinin təsiri altında olan dairələrinin verdiyi təhrikedici bəyanatlar fonunda Azərbaycan da öz mövqelərini möhkəmləndirməyə davam edir. Yəqin ki, Putin də başında xarici işlər naziri Sergey Lavrov un durduğu erməni lobbisinin Rusiya-Azərbaycan münasibətlərini korlamağa çalışılmaq niyyətini başa düşdüyü üçün İlham Əliyevi görüşə dəvət etdi. 

Bildiyimə görə həmin görüşdə də iki ölkə arasındakı münasibətləri korlayan Rusiyadakı müəyyən dairələrin dəqiqləşdirilmiş ünvanları və adları açıqlanıb. Yəni heç şübhəsiz ki, buna başçılıq edən Rusiyanın xarici işlər naziri Sergey Lavrovdur, Rusiyanın Banklar Birliyinin sədri erməni Qareqin Tosunyandır. Ümumiyyətlə Rusiyanın müxtəlif nazirlik və orqanlarında xeyli sayda erməni işləyir. Onlar vəzifə səlahiyyətlərindən istifadə etməklə, Ermənistana dəstək verməklə yanaşı, Rusiya-Azərbaycan münasibətlərini də korlamağa çalışırlar. Buraya həmçinin yuxarı vəzifədə imtiyazlar hesabına milyonçu olmuş klanların adları da daxildir. Yəqin ki, Putin bunu ciddi şəkildə araşdıracaq. Amma ilkin qənaət belədir ki, Putin Azərbaycan prezidentinin təqdim etdiyi materiallarla razılaşıb. O, görüş zamanı bildirib ki, tarixi Rusiya və Azərbaycan münasibətlərini inkişaf etdirmək, strateji tərəfdaşlığı daha da möhkəmləndirmək əsas xəttimiz olmalıdır. 

Qabil Hüseynli bildirib ki, görüşdə Dağlıq Qarabağ problemi də müzakirə olunub və Azərbaycan prezidenti öz mövqeyini bir daha nümayiş etdirib:


"Bu görüşdə Dağlıq Qarabağ probleminin müxtəlif nüansları da müzakirə edilib, Azərbaycan öz mövqeyini bildirib, Rusiya tərəfi də onu dinləyib. Həm də Azərbaycan prezidenti bəyan edib ki, gedəcəyimiz ən böyük kompromis Dağlıq Qarabağa Azərbaycanın daxilində ən yüksək muxtariyyətin verilməsi ola bilər. 

Bütün bunlarla yanaşı, görüşün əsas məqsədi iki ölkə arasındakı münasibətləri korlamağa çalışan şəxslərin aşkara çıxarılmasıdır. Düşünürəm ki, Putin bununla bağlı lazımi orqanlara lazımi göstərişlərini verəcək. Bu baxımdan səfərin əhəmiyyəti çox böyükdür və güman etmirəm ki, bundan sonra iki ölkə arasındakı soyuqlaşma davam etsin".

Türkiyənin qərb ölkələri ilə münasibətlərinin pisləşməsi qardaş ölkənin Rusiya ilə yaxınlaşmasına səbə olub və hər iki ölkə bu münasibətlərin yaxşılaşdırılması istiqamətində addımlar atır. Bu yaxınlaşma Azərbaycan-Rusiya əlaqələrinə hansı şəkildə təsir edə bilər? Ekspertin fikrincə, bu Azərbaycan-Rusiya münasibətlərinə də müsbət təsir edəcək:


"Azərbaycanla Türkiyəni strateji tellər, yaxın qardaşlıq, dostluq münasibətləri bağlayır. Azərbaycanın siyasətini dəstəkləyən ölkələr arasında bildiyiniz kimi birinci yerdə Türkiyə gəlir. Türkiyə-Rusiya münasibətlərinin möhkəmlənməsi Azərbaycan-Rusiya münasibətlərinin də möhkəmlənməsinə təkan verə bilər. Əminəm ki, Rusiya Azərbaycanla münasibətləri pisləşdirib, Türkiyə ilə yaxınlaşa bilməz. Rusiya yaxşı başa düşür ki, hər iki ölkə ilə münasibətlər yaxşı olacağı təqdirdə bu siyasəti uğurla başa çatdırmaq olar".

Çingiz Səfərli

Qaynarinfo.Az