ABŞ Konqresi tərəfindən Rusiyaya qarşı qəbul edilmiş sanksiyalar iki dövlət arasında hibrid müharibələr şəbəkəsini genişləndirə bilər və Azərbaycan da bu şəbəkə müharibəsinin hədəfinə çevrilə bilər.

İstipress-ə bu barədə danışan politoloq Tofiq Abbasov bildirib ki, ABŞ və Rusiya arasında münaqişə üçün yetərincə çox səbəb var:

"Hər iki ölkə arasında yetərincə ciddi anlaşılmazlıqlar var. Rusiya ABŞ səviyyəsində güclü olmasa da, Ukraynada və Yaxın Şərqdə bir-birlərinə qarşı ciddi mübarizə aparırlar. Təbii ki, birbaşa, öz ərazilərində toqquşmasalar da bunu dolayısı ilə hibrid müharibə şəklində başqa ölkələrin ərazisində aparacaqlar".

Tofiq Abbasovun fikrincə, bu məsələdə İŞİD kimi qruplaşmalardan istifadə edə bilərlər: "Bu təşkilat qarşısına İraq və Suriya ərazisində dövlət qurmağı məqsəd qoymuşdu. İndi onu oradan çıxarırlar. İŞİD rəhbərləri son açıqlamalarında postsovet məkanını - Qafqaz, Volqaboyu və Orta Asiya regionlarını hədəf olaraq göstəriblər. Yəni, Azərbaycan da təhlükə hədəfinə çevrilə bilər və rəsmi Bakı buna əks addımlar atmalıdır".

Politoloq, Azərbaycan Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşı Fikrət Sadıqov isə İstipress-ə müsahibəsində iki ölkə arasında münasibətlərin "soyuq müharibə" şəklində davam edəcəyini vurğulayır:

"Hər iki ölkə BMT Təhlükəsizlik Şurasının üzvüdür. Hər iki ölkə atom sihalına malikdir. Buna görə real müharibədən söhbət gedə bilməz".  

Fikrət Sadıqovun fikrincə, sanksiyaların təsir edə biləcəyi dövlətlərin siyahısında Azərbaycan istisnadır: 

"Sanksiyalar bir çox dövlətlərin maraqlarına toxuna bilər. Bəzi şirkətlərə zərər dəyə bilər Amma düşünmürəm ki, bu, birbaşa Azərbaycanın maraqlarına toxunacaq. Həm də ABŞ Konqresi sanksiyalara baxan zaman Avropa xahiş etdi ki, onun şirkətlərinin layihələrinə dəyilməsin. Azərbaycan da həmçinin bu cür tədbirlər sayəsində layihələrini xilas edib".

Qaynarinfo.Az