Azərbaycanda premium avtomobil markaları üzrə satışların həcmi məlum olub. Söhbət “Mercedes”, “BMW”, “Lexus”, “Audi” və “Porsche” markalarından gedir.

"Qaynarinfo" fins.az-ın bazar araşdırmasına istinadən xəbər verir ki, ümumilikdə 2017-ci ilin birinci yarısında 5 premium avtomobil markası üzrə satışların ümumi həcmi 477 ədəd təşkil edib. İlin birinci rübü ilə müqayisədə bu avtomobillər üzrə satışlar kəskin artıb. Belə ki, rəsmi dilerlər I rübdə 189 avtomobil sata bildikləri halda, II rübdə bu rəqəm 52,3% artaraq 288 ədədə yüksəlib.

“Mercedes” satışların həcminə görə liderdir

Premium sinif avtomobillərin satışı üzrə “Mercedes” bazarın lideri olub. Marka yanvar-mart aylarında Azərbaycanda 45 yeni avtomobil satsa da, ikinci rübdə bu rəqəmi 96 ədədə çatdırıb. Ümumilikdə isə 141 avtomobillə 29,56% bazar payı əldə edib.

“Lexus” 2-ci olub

“Mercedes”i siyahıda 118 yeni avtomobil satışı ilə “Lexus” izləyir. Marka bazar üzrə ikinci olmağı bacarsa da, birinci rüblə müqayisədə II rübdə satışların həcmi aşağı düşüb.

“Audi” ilk 3-lükdə

Azərbaycanda alman avtomobillərinə maraq “Audi”lərin də satışlarına təsir edib. Marka modellərin satışına görə ilk üçlükdə qərarlaşıb. “Audi”nin satışı ilin əvvəlindən artan templə davam edib. Brend I rübdə 41 ədəd, II rübdə 73 ədəd satış həyata keçirib. Ümumilikdə 114 ədəd satışla 23,9% bazar payı əldə edib.

“BMW” digər Almaniya markalarına uduzur

“BMW” avtomobillərin satışlarında artım dinamikası müşahidə edilsə də, satışların həcminə görə, digər Almaniya brendlərindən geridə qalıb. Ümumilikdə ilin birinci yarısında Azərbaycanda 57 yeni “BMW” satılıb ki, bu da 11,9% bazar payı deməkdir.

“PORSCHE” 5-cidir

“PORSCHE” satışların həcminə görə, siyahıda 5-ci olub. Belə ki, şirkət 2017-ci ilin birinci yarısında Azərbaycanda 47 yeni avtomobil sata bilib. Bununla belə, avtomobil bazarında durğunluğun yavaş-yavaş aradan qalxdığı bu markanın da satışlarında hiss edilir. İri mühərrik və sürəti seçilən avtomobilin alıcıları ilin əvvəlindən etibarən artmaqda davam edib.


Qaynarinfo.Az