Lalə Niftaliyeva

Gecənin yarımçıq ayı sinəsinə sancıb, küləyin o tərəf bu tərəfə çırpdığı günlərdən idi. Mixəkli çayı dəmləyib çıxdım yaşadığım evin damına. Mən axı bir az hal adamıyam. Bu gün etdiyim mütaliələr və dinlədiyim musiqi haldan-hala salmağa yetdi. Öz aləmimdə fəlsəfəni bir-birinə qatmışdım. Elə ki, vəziyyətinizdən mixək iyi gəldi, o saat ürəyiniz genetik kodlara sadiq qalaraq milli musiqilər tələb edir.

Telefonu əlimə alıb, "youtube" kanalına daxil oldum. Axtarış bölməsində Üzeyir Hacıbəyovun "Arazbarı" əsəri var idi. Lirik və nikbin əhvala uyğun gələn əsəri yeni dinləməyə başlamışdım ki, bir də gördüm evin damına açılan mətbəxin qapısı döyüldü və bir kişi: "Olar gəlim?" deyə səsləndi. Yerimdən dik atıldım. Başladım tez analizə: " Ay qız, axı sən qapını arxadan bağlamışdın. Bu kişi kimdi, hardan girib evə axı.." Elə bu düşüncəm ətrafında nəticə çıxarmaq istəyirdim ki, qapı açıldı, içəri 63 yaşlarında bir kişi daxil oldu. Bir addım geri çəkilib kişini süzdüm. Əynində qəhvəyi rəngdə şort və sarı köynək var idi. Təəccüblə başımı yuxarı qaldırdım. Gözündə şüşələri yumru eynək, saçları seyrək və ortadan ikiyə ayırıb səliqəli daranmışdı. Üzündəki xətlər qırışdan çox musiqi notuna bənzəyirdi. Bir az duruxdum: "Axı mən bu adamı harda görmüşəm?"

"Mən Üzeyir Hacıbəyovam, yəqin ki, tanıyarsan" deyib mənim çayımdan bir qurtum içdi: "Çaya darçın da əlavə etsən "Arazbarı" qanına qarışardı".

Şoka düşmüşəm. Danışa da bilmirəm. 

Çağrılmamış qonağım çaydan bir qurtum da içib:

- Artıq bir aydı Bakıdayam, bir dəfə də olsun çayın dadını hiss edə bilmədim. Heyif deyildi mənim musiqi ilə yaşadığım o dövrlər, hər şeyin dadı var idi. Belə görürəm ki, qidalar bizim xalqın xarakterinə də təsir edib. Ay Lalə, çox kədərliyəm. İcazə verirsən əyləşim?

Mən şokdan çıxmağa çalışaraq:

- Buyurun, əyləşin. Mən heç nə anlaya bilmirəm. Siz bura necə gəlmisiniz?

Külək saçlarını qarışdırırdı deyə, tez-tez saçını düzəldirdi:

- Necə gəldiyimi danışsam uzun çəkəcək. Birinci şəhərin mərkəzinə gəlmişdim, amma mənə elə gəldi ki, məni səhvən Ərəbistana göndəriblər. Bir aydı Bakıdayam. Nə qədər çalışıram yeni mühitə ayaq uydurum, alınmır. Geyimimi də dəyişmişəm ki, heç kimdən seçilməyim. Bir az gəzəndən sonra Bakının bu cür inkişaf etməyinə sevindim. Sonra düşündüm ki, gör indi şəhər bu cür inkişaf edibsə, musiqi hansı səviyyədədir. Sən demə ən yaxşı musiqi akademiyası elə mənim adımadır. İlk fürsətdə ora baş çəkdim. Akademiyanın qarşısına yeni qəbul olan tələbələr yığılmışdı. Diqqətimi üç tələbə çəkdi. Yaxınlaşıb onlara salam verdim. Salamımı alan gənclərə, ürəyimdən keçən ilk sualı verdim. Müasir musiqiçilərdən ən çox kimin əsərlərini bəyənirsiniz? Gənclərin arasından bir qız mənə baxıb: "Əlbəttə ki, Damla" dedi. Gəncdən xahiş etdim ki, bəs olar onu dinləyim? Əlində saxladığı balaca cihazdan birdən mahnı başladı. Bir xanım başladı oxumağa ki: “Amma yenə qürur, o məni vurur”. Heç "sağ ol" da demədən uzaqlaşdım ordan. Qürur xanımın sənətini vursaydı, belə təsiri olmazdı bəlkə də...

Utandığımdan başımı aşağı saldım. Vəziyyətdən bir təhər çıxmalı idim:

- Onlar uşaqdılar, hələ musiqi savadları formalaşmayıb bəlkə də. Yaxşı müğənnilərimiz də var. Bəlkə Sevda Ələkbərzadənin "Arazbarı zərbi-muğamı"nı dinləyəsiniz.

- Köhnə musiqiləri canlandırmağa təşəbbüs göstərməyiniz çox yaxşı haldır. Amma mən sizdən daha çox yeni əsərlər gözləyirdim. İncəsənət məhv olub. Gəlməyimə peşiman olmuşam. Heç gənclərin çoxu məni tanımır. Musiqilərin hamısı eyni ritmlə yazılır. Ritm bir qırağa, sözlərini dinləyəndə adamı dəli ağlamaq tutur.

Düz sözə nə deyəsən. Bax, mən indi kimi müdafiə edim. Ətrafımda musiqidən başı çıxan, sevən adamlar çoxdur. Amma bu tək mənim üçün çoxluq sayılır. Musiqi akademiyasına qəbul olan tələbə Damladan zövq alırsa, demək ki, musiqimiz ölüb.

Mən indi bu kişiyə nə deyim axı? Kimi necə müdafiə edim ki... Yaman yerdə axşamladıq.

Qəmli-qəmli mənə baxan bəstəkar:

- Yəqin dövrünüz bunu tələb edir.

Mən necə deyim axı dünyanın ən məşhur "Youtube" kanalında "Üzeyir" yazan kimi "Hacıbəyov" yox, "Mehdizadə" çıxır. Yaxşı ki, texnikadan başı çıxmır. Yoxsa mütləqdir ki, damarlarını kəsər, yadigar qoyduğu bütün mahnıları da özü ilə aparardı. 

- Təbii ki, bunu kapitalizm tələb edir. İndi dövr sizin yaşadığınız dövr deyil ki. Hər şeyin reklama çevrildiyi zamanda sənət də gəlir gətirməyə yönlənir. İndi ruhu yox, nəfsimizi qidalandıran sənət dəbdədir. Həm kimə lazımdır ki, düşünməyə başlasın. Düşünən adam dərd çəkən adamdır. Siz dözümlü və səbirli insan olmusunuz. Bizdə düşünən çoxdur amma səbrli deyil. Bəlkə də bu tələskənliyə görə heç kim yarada bilmir. Heç kim öz sevdiyi işlə məşğul olmur, özünü axtarıb tapmır. Elə zövq də ona görə formalaşmır.

Bəstəkar çox kədərli görünürdü. Gözlərini yerə dikən sənətkar ağır-ağır başını qaldırdı:

- Burdakı vaxtım yavaş-yavaş bitir. Belə görürəm ki, siz elə olduğunuz yerdə uzun müddət sayacaqsınız…

Bu sözləri deyə-deyə mətbəxə keçdi. Elə mən də arxasınca onu ötürmək üçün keçmək istəyirdim ki, ayağım  küləyin aşırtdığı stula ilişdi. Elə yıxılacaqdım ki, birdən musiqi dayandı...

Qaynarinfo.Az