Hüseynbala Səlimov

“Söz sözü çəkər, söz də dönüb diqqət çəkər” – deyiblər bizim ağıllı adamlar. Qərəz, vaxtilə əcnəbi politoloqlar yeri gələndə qeyd edirdilər ki, Cənubi Qafqazın gənc dövlətlərinin problemi ondadır ki, onlar müxtəlif geosiyasi müstəvilərdə qərar tutublar – Gürcüstan israrla NATO-nun və Avropa Birliyinin qapılarını döyür, Azərbaycan nisbətən neytral siyasət yürüdür və hərbi–siyasi neytralitetin prinsiplərinə bağlılığını saxlayır, Ermənistan isə bölgədə Rusiyanın ən yaxın siyasi və hərbi müttəfiqi rolunu oynayır.

Bəzi kiçik epizodları nəzərə almasaq, belə bir geosiyasi arxitektura bu gün də saxlanılır. Amma son vaxtlarda Ermənistanın Şimali Atlantika Bloku ilə təmaslarının tezliyi artmaqdadır. Hətta belə bir sual meydana çıxır ki, bu, nə deməkdir, görən Ermənistan öz “geosiyasi patron”unun nüfuz sferasını tərk etmək haqqında düşünmür ki?..

Ermənilərin satqınlığa meyli hamıya bəllidir. Şəxsən mən heç şübhə də etmirəm ki, bir gün vaxtilə türkləri, daha doğrusu, Osmanlı imperiyasını satdıqları kimi onlar Rusiyanı da satacaqlar. 

Amma düşünürəm ki, hələ bunun vaxtı çatmayıbdır. Bu o vaxt baş verərdi ki, Rusiya ilə Azərbaycan arasındakı münasibətlər tamam yeni bir fazaya keçərdi, ruslar doğrudan – doğruya Qarabağı Azərbaycana qaytarmaq fikrinə düşərdilər.   

Amma hələki bunlar yoxdur və Ermənistan bölgədə Moskvanın etibarlı forpostu olaraq qalır və özünün Rusiya ilə hərbi – siyasi yaxınlaşmaq və daha da birgələşmək siyasətini yürüdür. Moskva və İrəvan artıq birgə və koordinasiya olunan hərbi komandanlığa keçib, hətta öz müştərək hərbi birləşmələrini də yaratmaq haqqında düşünürlər. 

Bəs belə olan halda nə baş verir? NATO Ermənistanı nə ilə cəlb edir? Niyə görə erməni siyasətçiləri və hərbçiləri NATO-nun tədbirlərində bu qədər tez-tez görünməyə başlayıblar? 

Hesab edirəm ki, bunun ikicə əsas səbəbi vardır. Ermənilərin dünyanın ən güclü hərbi–siyasi blokuna marağı onların bundan Rusiyaya təsir etmək üçün spesifik “rıçaq” kimi istifadə etmək istəyindən irəli gəlir. Bu cür “nadinclik”lərlə Ermənistan özünün geosiyasi “patron”unu–Rusiyanı bir növ şantaj edir.

Məsələ bundadır ki, Bakı ilə Moskva arasındakı çox kiçik bir istiləşmə belə İrəvanın siyasi dairələrində dəhşətli dərəcədə böyük təlaş və narahatlıq yaradır. Bura son dövrlərdə Rusiya ilə Türkiyənin yaxınlaşmasını da əlavə etmək lazım gəlir. Hərçənd ki, sonuncu çətin ki, strateji xarakter daşımış olsun... 

Məsələ bundadır ki, Türkiyə bütün hallarda NATO-nun üzvü olaraq qalır və məlum olduğu kimi, Alyans qarşısında konkret hərbi – siyasi öhdəliklər daşıyır. Bundan başqa burada tarixi motivlər də var. Məlum olduğu kimi, Rusiyanın millətçi dairələri hələ də ölkələrini Bizansla identifikasiya edir və onun varisi hesab edir. Bura onu da əlavə etmək laızm gəlir ki, 90–cı illərdən başlayaraq Rusiyanın analitik və ekspertləri SSRİ-nin çökməsilə regionun siyasi xəritəsində yaranmış “türk zolağı” haqda böyük təlaş və təşvişlə yazırlar.

Bir daha qayıdaq ermənilərə. Onların NATO-ya marağı həm də onunla bağlıdır ki, Alyansın müxtəlif tədbirlərində və təlimlərində iştirak etmək ümumilikdə faydalı amildir – Şimali Atlantika Bloku özünəməxsus hərbi – siyasi məktəbdir və ermənilər bu fürsəti əldən vermək istəmirlər. 

Burada bir detalı bir daha qeyd etmək yerinə düşərdi. Ermənilər olduqca hiyləgər xalqdır və onlar bu gün nəsə etmək istəyirlərsə və yaxud da ki, edirlərsə, bunu gələcək üçün, bəlkə də 50 il sonra üçün edirlər...

Qeyd edək ki, NATO-nun illik büdcəsi təxminən 940 milyard dollardır. Bu, Rusiyanın total büdcəsindən düz üç dəfə çoxdu. Ermənilər bunu çox gözəl başa düşürlər və bilirlər ki, minimum strateji planda üstünlük bir qayda olaraq NATO-nun tərəfində olacaq. Ona görə də Şimali Atlantika Blokunu da diqqətdən kənarda qoymaq istəmirlər. 

Bizə gəldikdə isə bundan da müəyyən dərslər götürməliyik. Qeyd edək ki, hərbi–siyasi neytrallıq siyasəti, balanslaşdırılmış geosiyasi münasibətlər və çoxvektorlu xarici siyasət kursu bu vaxta qədər əsasən özünü doğruldub. Hesab edirik ki, bu siyasətin imkanları hələ tükənmək həddindən çox uzaqdır.

Amma müəyyən tərəddüdlər və hətta mübahisələr var. Bizə tez–tez Gürcüstanı misal çəkirlər. Bu ölkənin məntiqini başa düşmək olar. Belə ki, gürcü xalqı başa düşdü ki, Rusiya ilə heç bir sövdələşmə Abxaziyanı və Osetiyanı onlara qaytarmayacaq. 

Təsadüfi deyildir ki, “Gürcü arzusu” koalisiyasının bir vaxt verdiyi vədlərə baxmayaraq Rusiya – Gürcüstan danışıqları hələ də heç bir nəticə verməyib. Mən bu sətirləri yazanda hətta belə xəbərlər gəzirdi ki, V.Putin Abxaziyaya səfər etməyi planlaşdırır. Ona görə də gürcülər bir növ “va–bank” getdilər və problemlərinin həllini Qərblə sıx əməkdaşlıq müstəvisində axtarmağa başladılar. 

Düzdür, ötən həftə ABŞ-ın vitse –prezidenti M.Pensin Gürcüstana səfəri göstərdi ki, onların bu ölkəyə müəyyən marağı var. Hərçənd, bu müstəvidə də hələ konkret nəticə yoxdur və daha çox vəd vardır. Amma böyük ehtimalla gələcəkdə nəsə olacaq...

Məsələ bundadır ki, burada bizim hətta Gürcüstandan da fərqlərimiz vardır. Əgər Abxaziyanı və Cənubi Osetiyanı yalnız Rusiya müdafiə edirsə, ermənilərin daha çox havadarı mövcuddur–güclü erməni lobbisi nəinki ABŞ-ı, hətta digər Qərb ölkələrini də Ermənistana qarşı biganə qalmamağa vadar edir. Təsadüfi deyil, Qərb ölkələri Gürcüstanın ərazi bütövlüyü ilə bağlı daha konkret danışırlar, amma Qarabağla bağlı bunu etmirlər... 

Fəqət, belə “nüans”lara baxmayaraq özümüzü qətiyyən məhdudlaşdırmamalıyıq və təkcə regional geosiyasi arxitekturanın imkanları ilə kifayətlənməməli və NATO-nun da tədbirlərinə qatılmalıyıq. Belə bir halda daha çox şey öyrənə bilərik. Amma təəssüf ki, bizim belə mühüm struktur ilə əməkdaşlığımız son vaxtlar bir qədər məhdud xarakter alıbdır.

Hələ qədim yunanlar yazırdı ki, təbiət boşluğu sevmir. Elə siyasi fəza ilə bağlı da eyni sözləri demək olardı: imkan daxilində biz hər yerdə olmağa çalışmalıyıq, çünki haradasa, hansısa bir mühüm institutda olmamağımız orada ermənilərə meydan açmaq deməkdir. 

Düzdür, ordumuz Türkiyənin hərbi qüvvələrilə müntəzəm təlimlər keçirir. Amma bunlar bizə NATO ilə münasibətlərdə öz vektorumuzu qurmağa mane olmamalıdır. Bir daha deyirik ki, istəsək, hətta bundan da fayda götürərik. Praqmatik millətlərin nöqteyi–nəzərindən isə faydalı olan hər şey məqbuldur...

Həm də bəzən ən uzaq perspektivləri də düşünmək lazım gəlir. Ən vətənpərvər rus iqtisadçıları belə ölkələrinin iqtisadi perspektivlərindən optimist notda danışa bilmirlər. Hətta ikinci, daha bir yenidənqurmadan danışanlar da var. 

Bir vaxtlar SSRİ-nin çöküşü də ən yaxşı halda siyasi utopiyaların predmeti sayılırdı. Amma həyat utopiyaları da gerçək edə bilir. Ona görə də sayıqlığımızı itirməyək...

Qaynarinfo.Az