Zahir Əzəmət

Azərbaycanın bugünki orta və yaşlı nəsli çox böyük tarixi hadisələrin canlı şahidləridir.

SSRİ kimi tarixdə bir daha təkrarı olmayacaq bir ölkəni, onun necə dağılıb xarabaya çevrilməsini, külündən 15 dövlətin necə doğulmasını gözləriylə gördülər. Azərbaycanın müstəqillik qazanması kimi önəmli bir tarixin şahidləri və iştirakçıları oldular.

Bu insanlar müstəqillik mübarizəsindən, Qarabağ savaşından, bir neçə hakimiyyət dəyişikliyindən keçib gəldilər.

Sosializmdən kapitalizmə keçidi, bir neçə ağır iqtisadi böhranı yaşadılar.

Qurbanlar verdilər, qəhrəmanlıqlar etdilər, bəziləri satdı, bəziləri satıldı, bəziləri ağır həbs illəri yaşadı...

Həyatdan köçənləri də az deyil. Adları unudulanlar da...

Bir insan ömrü üçün hədsiz ağır proseslərdir bunlar.

Hər birimizin taleyində ağır izlər buraxan proseslər.

Gözümüzün önündən böyük bir TARİX keçir...

Rəsmi mənbələr bu tarixi necə qeydə alır?

Əlli il, yüz il sonra bugünün hadisələri hardan və necə araşdırılacaq? Gələcək nəsillər həqiqətləri hardan öyrənəcək?

Mediamızla, tarix insitutumuz və araşdırma mərkəzlərimizlə məsələ bəllidir.

Onlar - onlara diktə ediləni yazır.

Həqiqətləri yazsan belə heç bir yerdə çap etdirə bilməyəcəksən.

Virtual mənbələr, saytlar isə etibarlı deyil. Hər bir internet layihəsinin bir gün bağlanmaq və öz bütün arxivi ilə böyük boşluqda yoxa çıxmaq ehtimalı var.

Bəs bugünün alternativ tarixini kimlər, necə və harda yazmalıdır?

Cavab birdir: önəmli bilgilərə sahib şəxslər, ciddi hadisələrin iştirakçısı və şahidi olan insanlar mütləq şəxsi arxivlərini tərtib etməli, öz salnaməsini- gündəliyini yazmalıdır. Qoy heç bir yerdə çap olunmasın, amma atadan-oğula ötürülə-ötürülə gələcək nəsillərə çatdırılsın. Əlbət bir gün bu parçaları üzə çıxarıb birləşdirənlər tapılacaq. Bundan ki, bizi heç kim saxlamır! Bir əlimiz, bir qələmimiz varkən, gündə 4-5 sətir də olsa, vacib xronikaları qeydə almağa bizə nə mane olur? Axı səsimizi bu gün duyura bilməsək də, gələcəyin qulağına həqiqətləri pıçıldamaq kimi bir şansımız qalır hələ!

Övladlarımıza, nəvələrimizə qoya biləcəyimiz ən böyük miraslardan biri də budur! Qoy hər kəs bu gün həqiqət bildiyi önəmli şeyləri sətir-sətir qeydə alsın, hər kəsi öz adıyla, öz əməliylə çağırsın. 

Hər kəs bir salnaməçiyə çevrilsin!

Hər kəs olmasa da heç olmasa bir neçə nəfərimiz!

Heç olmasa bir nəfərimiz!...

Heç olmasa...