Bakı Krişna Şüuru Dini İcmasına getmək üçün Qara Qarayev metrostansiyasından çıxdım və mənə verilən ünvana necə getmək lazım olduğunu ətrafdakı bir neçə nəfərdən soruşdum. Gözləmədiyim halda “Ora niyə gedirsiniz ki” sualı, “Biz müsəlmanıq, birdən sizi aldadıb öz tərəflərinə çəkmək istəyərlər” məsləhəti, tənəli və şübhəli baxışlarla qarşılaşdım. Lakin kömək edən də tapıldı və metroya təxminən 10 dəqiqəlik məsafədə yerləşən məbəddə təşkil edilən festivala üz tutdum.

Haqqında söhbət edəcəyimiz mərkəz dünyada Beynəlxalq Krişna Şüuru Cəmiyyəti, ölkəmizdə isə Bakı Krişna Şüuru Dini İcması adını daşıyır. Dini icmanın əsası  1896-1977-ci illərdə yaşamış hindistanlı Prabhupada tərəfindən qoyulub. Qədim Veda fəlsəfəsi əsasında formalaşan və Vaişnavizm adlanan dini cərəyanın əsasını qoyan bu şəxs 1965-ci ildə Hindistandan ABŞ-a köçür və bu ideyaları dünyaya yaymaq üçün əməli addımlar atmağa, kitablar yazmağa başlayır.


Azərbaycanda isə bu icma fəaliyyətinə hələ Sovet dövründə, lakin gizli şəkildə başlayıb. Sovet hakimiyyətinin son illərində, müstəqillik dövründən etibarən isə bu mərkəz və dini cərəyanın tərəfdarları müstəqil şəkildə fəaliyyət göstərməyə və təbliğat aparmağa başlayırlar.

Məbədi ziyarət edən zaman buranın rəhbəri Ramil Əliyevlə görüşüb bir qədər söhbət etdim. Olduqca isti və bürkülü Bakı axşamında baş tutan söhbətə başlamaq üçün ibadətgahın qarşısında bardaş qurub oturduq. Əvvəlcə qeyd edim ki, R.Əliyev bu fəlsəfə ilə 1990-cı ildə Kiyevdə iqtisadiyyat üzrə təhsil alan zaman tanış olub.

Rəssam və heykəltəraş olan Ramil bəy bildirir ki, dinə heç vaxt marağı olmayıb və hər zaman elm tərəfdarı olub. Lakin Veda fəlsəfəsi ilə tanış olan zaman fikirləri tamam dəyişib:

"Dini cərəyanın kitabını oxuyandan sonra gördüm ki, bu kitabda nəinki mənə maraqlı olan, hətta gələcəkdə yarana biləcək sualların cavabları var. Buna görə də, qərara gəldim ki, ömrümün sonuna qədər bu fəlsəfəni öyrənim və ölkəmizdəki gəncləri tanış edim. Bu kitab, insanlara dini, irqi, milli, cinsi tolerantlığı aşılayır. Krişna tanrı adıdır, Krişna Şüuru dedikdə isə Allahın, Tanrının şüuru nəzərdə tutulur. Bu fəlsəfədə insan və yaradan eyni keyfiyyətdə, lakin fərqli kəmiyyətdədir. İnsanlar Allahın zərrəcikləri hesab edilir".


R.Əliyev deyir ki, məbəd kimi fəaliyyət göstərən tikili özlərinə aiddir və heç bir maddi asılılıqları yoxdur:

"Dini icma buraya üzv olan insanların köməyi ilə fəaliyyət göstərir. Təxminən 300 nəfər daimi üzvümüz var, buranı ziyarət edənlərin və bu cərəyana inananların sayı isə minlərlədir. Bəzilərimiz tədbirlər zamanı yemək işinə baxır, bəzilərimiz isə kitab çapı və s. maddi vəsait tələb edən işlərlə məşğul oluruq. Hər kəsin üzərinə yük düşür. Bizi maliyyələşdirən qurum və ya şəxslər yoxdur, maddi cəhətdən müstəqilik".

Təbliğat məsələsinə toxunan R.Əliyev bildirir ki, 2009-cu ildə rəsmi olaraq qeydiyyatdan keçiblər:

"Düzdür, əvvəllər daha aktiv idik, küçələrdə kitablarımızı paylaya, qapıları döyüb insanlara öz ideyalarımızdan danışa bilirdik, lakin ölkədə dini təbliğatla bağlı qanunlar qəbul edildi və fəaliyyətimiz zəiflədi. Ölkə qanunlarını pozmaq niyyətimiz olmadığı üçün aktiv təbliğatı dayandırdıq".

Dini icma üzvlərinin əməl etməli olduğu məsələlərə toxunan məbədin rəhbəri qadağalardan danışıb:

"Bizim dinə inanan şəxslər bir çox heyvani məhsullardan imtina edir, yalnız süd və süd məhsulları istifadə edirik. Həmçinin tərkibində kofein olan kofe, yaşıl və qara çay, həmçinin tütün məmulatları bizlərə qadağandır. Gündəlik su, ayran, kompotlar və s. içirik, ətdən istifadə etmədən çox gözəl yeməklər, yumurtasız tortlar, şirniyyatlar hazırlayırıq. Bundan əlavə, bu fəlsəfənin bizə diqtə etdiyi əsas məsələlərdən biri şəhvətdən və dünyəvi nemətlərdən maksimum uzaq durmaqdır. Həmçinin inək bizim dinimizdə müqəddəsdir və heyvanların kütləvi şəkildə öldürülməsi vəhşilik hesab edilir".

Müsahibim qeyd edir ki, onun inancı əvvəllər ətrafındakılara qəribə görünürmüş, hətta vegeterian olduğuna görə qohumları ilə problemlər yaşayıb:

"Lakin artıq problemlər arxada qalıb. İndi fikirlərimi normal deyə və müzakirələr apara bilirik. Nə onlar mənim, nə də mən onların fikirlərinə təsir etməyə çalışıram. Bir-birimizin inancına hörmət edirik, dinimizin bizdən tələb elədiyi də elə budur. Həmçinin, burada yaşayan qonşularla da heç bir problemimiz yoxdur. Uzun illərdir tanışıq və narazılıq etmirlər, çünki bizim sülhsevər olduğumuzu, onlara hörmətlə yanaşdığımızı bilirlər".

İbadətgahda istifadə edilən əsas dil rus dili olsa da, R.Əliyev burada əvvəllər Azərbaycan dilində seminarlar təşkil etdiyini, lakin son dövrlərdə işi ilə əlaqədar buna vaxt ayıra bilmədiyini deyir.

Görüşümüzün sonunda Ramil bəy məni həyətdə yerləşən kiçik mağaza ilə tanış etdi. Mağazada Hindistandan gətirilən geyimlər, aksesuarlar, boyunbağı və qolbaqlar, dini kitablar və buhur satılır. Buradakı kitabların əksəriyyəti uzun müddət əvvəl tərcümə edilib. Dini icmanın İsveçdə mətbəəsi yerləşir, lakin R.Əliyev Azərbaycandakı kitab çapının çox zəif olduğunu qeyd edir.

Görüşümüzün sonunda mənə özləri tərəfindən hazırlanan “raffaello” şirniyyatı və çilçıraqa bənzəyən, yandıraraq evə xoş ətir saçmaq üçün istifadə edilən buhur hədiyyə edildi.

***

2 mərtəbəli tikilidə demək olar ki, hər ay müxtəlif festivallar və ayinlər təşkil edilir. Müxtəlif yaş qruplarından olan insanlar buraya gəlir və iştirak edirlər. İcmada 4 gün davam edən festivalın son 2 gününə qatıldım. 1-ci gün həyətə girən zaman gülümsəyək tanımadığı şəxsi belə salamlayan çox sayda insanla qarşılaşdım. Həyətdə özümə yer tapıb oturan zaman icma üzvlərindən biri yaxınlaşdı və kim olduğumla maraqlandı, daha sonra isə öz ideyalarından, insanın sevgi və xoşbəxtlik axtarışından danışdı:

"Bizim fəlsəfədə insan bədən və ruhdan ibarətdir. Dünyəvi varlığımıza verilən rəsmi adımızdan əlavə ruhumuzun da adı var. İnsanın məqsədi xidmət etməkdir, bunun üçün yaranmışıq, biz ailəmizə, yaradana xidmət edirik. Lakin insanın dünyəvi varlığa xidməti onu təmin edə bilməz, tam məmnun olmaq üçün Tanrıya xidmət etməli, onu sevməliyik, yaradanı sevmiriksə, insanları da sevə bilmərik. Əsas məqsədimiz Tanrıya yaxınlaşmaq, özümüzü dərk etmək, kamilliyə çatmaqdır. Xoşbəxtliyi kənarda axtarırıq, lakin o bizim daxilimizdədir".

Festivalın 3-cü, mənim isə orada keçirdiyim ilk gün insanlar Prabhupadanın tələbəsi olmuş alman əsilli dini rəhbərin başçılığı ilə “Hare Krişna, Krişna Hare” deyərək çalıb-oxudular və rəqs etdilər. Etiraf edim ki, burada foto çəkmək çətin oldu. Məbəd üzvlərinin sualla dolu baxışları, narahat olduqlarını biruzə verən şəxslər və “Bizi çəkmə, kompleksimiz var” deyən yeniyetmə qızlar məni daha çox müşahidə etməyə məcbur etdi. Daha sonra isə tərcüməçinin köməyi ilə bu şəxsin ingilis dilində oxuduğu moizəyə qulaq asıb paylanılan kağızdakı mətni bir yerdə oxumağa başladılar.

Festivalın sonuncu gününün daha maraqlı, pozitiv və şən keçdiyini vurğulamaq lazımdır. Həyətdə yerləşən və insanlara şirniyyatların paylandığı kiçik kafedə xidmət göstərən xanımla söhbət etdim:

- Şəklinizi çəkmək olar?

- Mənim? Mənim nəyimi çəkəcəksən? Çirkinəm mən.

- Yox, niyə axı, çirkin deyilsiniz, əksinə, gözəlsiniz.

- Qocalmışam artıq. Yaxşı, çək (Gülümsəyir və utanır)

2 şəkil çəkirəm.

- Baxım... Oyy, burada çox çirkin düşmüşəm.. Həə, bu yenə normaldır.

Həyətə çıxmağa hazırlaşan zaman isə mənə yaxınlaşaraq qulağıma “Mənim 63 yaşım” var deyir. Ona həqiqəti deyirəm:

- Çox gözəl və cavan görünürsünüz.


Şəkil çəkdirdiyini gördüyüm gənc xanım isə gözləmədiyim halda təklifimlə razılaşır və şəklini çəkməyimə icazə verir. Çəkirəm:

-  Çox yaxşı alındı bu şəkil, mənə göndərə bilərsiniz?

- Əlbəttə.

Xanım günün sonunda mənə yaxınlaşaraq “Yadınızdan çıxmasın ha, şəkilləri bu gün mütləq göndərin”  deyir.

Qeyd edim ki, xanımın kontaktını götürdüm, o gün alınmasa da, növbəti gün şəkillərini göndərdim.


Həyətdə bardaş quran bir qrup gəncin xüsusi avazla çalıb-oxuduqları mahnı insana xüsusilə xoş təsir bağışlayırdı. İfa edilən mahnıda əsasən “Hare Krişna” sözləri təkrar edilsə də, bu insanı bezdirmir, gülümsəməyə məcbur edirdi.


Saat 17.00-20.00 arası davam edən mədəni tədbirlərin sonunda məbəd üzvləri olduqca gözəl rəqs və dini məzmunlu tamaşalar nümayiş etdirdilər.

Festivalda “Yeni ulduz” yarışmasının iştirakçısı müğənni Rinat Alimovun ifasına qulaq asa və aktyor Samir Ələsgərovun iştirak etdiyi tamaşanı izləyə bildim.

Diqqətimi çəkən əsas məqamlardan biri də burada müxtəlif ölkələrdən gələn insanların çoxluğu idi. Rusiyadan festivalda iştirak üçün gələn insanlardan tutmuş, Bakını ziyarətə gələn, lakin maraq üçün buraya baş çəkən ərəb turistə qədər...

Sonra isə nəhəng tort gətirildi və nanə çayı ilə birlikdə hamıya paylanıldı, hətta hörmət əlaməti olduğunu deyərək kobud dillə desək pəhrizimi pozmağa və yeməyə məcbur edildim. Həyatımda ilk vegeterian tortunun dadına baxdım, çox ləzzətli idi... Və məni maraqla və gülümsəyərək qarşılayan insanlar eyni hisslərlə yola saldılar:

- Yenə gəlin...

Gülşən Mehdiyeva

Qaynarinfo.Az