Lalə Niftalıyeva

Gecə xəlvətcə bizə Lütfi Zadə gəlmiş idi,

Gizlədib üz-gözünü qəlbi qubar gəlmiş idi...

Başınızı çox ağrıtmadan bir-başa mətləbə keçmək istəyirəm. Yazanlar məni daha yaxşı başa düşə bilər ki, giriş qədər çətin heç nə yoxdur. Hadisə baş verib, sən də artıq nə yazacağını bilirsən, amma hardan başlayasan sözə? 

Elə o gün yenə darçınlı kofe hazırlayıb evin damına qalxmışdım ki, bir film izləyib, istirahət edim. Qonşumuzdan gizli olsa da, sizdən gizlətməyə bilərəm. Nə də olsa, çox səmimiyik. Canına dua etdiyim bir qonşumun "wi-fi" parolunu o məlum proqramlarla sındırmışam. Ona görə də damda daha yaxşı tutur. Həm də təmiz havada kofe içib, film izləyən bir xanım qədər maraqlı nə ola bilər? 

Neçə gündü "Facebook"da divarım Lütfi Zadə ilə bağlı xəbərlərlə doludur. Bilənlər bilir, bilməyənlərə də balaca bir izahat verim. Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə 1921-ci ilin 4 fevral tarixində Bakı şəhərində anadan olub. 1944-cü ildə Tehran universitetini elektrik mühəndisliyi ixtisası üzrə bitirib.

Lütfi Zadə 1944-cü ildən 1959-cu ilə qədər Massaçussets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində magistr, doktorluq elmi dərəcələrini alıb. 1959-cu ildən Berkli Universitetində professor, 1963-cü ildən isə “Elektrik mühəndisliyi və kompüter elmləri” kafedrasına rəhbərlik edib. Hazırda Lütfi Zadə həmin universitetdə ömürlük professor və Soft Computing İnstitutunun direktoru kimi fəaliyyət göstərir.

Lütfi Zadənin ən böyük nəzəriyyəsi qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradıb.

Elə xəbərlər də alimin vəsiyyəti ilə bağlıdı. Deyilənə görə, kişi vəsiyyət edib ki, öləndə məni Azərbaycanda dəfn edin. Elə bunları düşünə-düşünə film axtarışına başlamışdım ki, bir də gördüm kimsə hövlnak şəkildə mətbəxdən dama çıxan qapını açıb içəri daxil oldu. Ərəblər kimi başında əmmamə, əynində uzun köynək olan yaşlı kişi qarşımda dayanıb. Yerimdən dik atıldım. "Nə baş verir? Siz kimsiniz? Burda nə işiniz var axı?" Əlini dodağına aparıb mənə, sakit ol işarəsi verdi. Yan-yörəsinə baxıb xırıltılı və çox yavaş səslə "Burda bizi görə biləcək kimsə var?", deyə soruşdu. Qorxudan səsim çıxmadığı üçün başımla "yox" işarəsi verdim. 

Qoca nəfəsini dərib əyləşdi:

"Gözümün içinə baxıb, əşi narahat olma. Ərəb deyiləm. Sadəcə ölümüm yaxınlaşır deyə, Azərbaycanda yaman məşhurlaşmışam". 

Barmağımı dişlədim, boy bu ki, gündəmi çalxalayan Lütfi Zadədir. 

Salamsız-kəlamsız:

- Sizin burda nə işiniz var?

Başını ehmallıca qaldırıb, gözünə çökmüş kədərli baxışlarını üzümə dikdi:

- Gəlmişəm bura ki, görüm vəsiyyətim necə qarşılanacaq? Amma çox məyus olmuşam. Əli qələm tuta bilməyənlər özlərini atıb ortalığa ki, bəs bu kişi bizim üçün nə edib? Ay başınıza dönüm, mən sizin üçün niyə nəsə edim ki? Mən alim adamam. Başımı salıb elmi kəşflərimlə məşğul olmalıyam da. Yoxsa mənim adımla azmı lovğalanmısınız? Sonra da deyirlər niyə Azərbaycanı bəyənmirsən? Ay qızım, bir özün fikirləş, səncə mən Azərbaycanda hansısa nəzəriyyəni kəşf edə bilərdim? 

Yenə səsimi çıxarmadan başımı "xeyr" anlamında yellədim. O da bir müddət sakitcə dayanıb, nar ağacını izləməyə başladı. Elə özü də 2-3 dəqiqə çəkən sükutu pozdu:

- Çox bekar adamlarsınız. Mənim vəsiyyətimi müzakirə etməyə sərf etdiyiniz enerjini özünüzə sərf etsəydiniz, çox demirəm "şortik geyinmək" məsələsi yerinə, 150 balla riyaziyyat fakültəsinə daxil olub, 4 il ərzində universitetin yolunu tanımayan, sonra da məktəbdə müəllimlik edən düşüncələri müzakirə edərdiniz. Hələ təsəvvür edirəm ki, universitetlərin birində professoram. Müəllim yoldaşlardan biri gəlib cibimə filan qədər pul qoyur ki, ay müəllim, mənim bu dissertasiya işimi yaz, qoy mən də bir ad yiyəsi olum. Sonra deyirsiniz ki... Eh... Əziz və hörmətli həmvətənlərimə demək istəyirəm ki, heç bir elm adamının milliyəti olmur. Niyə məni dar çərçivələrə sığışdırmağa çalışırsınız ki? Mən elm üçün faydalı oluramsa, heç narahat olmayın, ondan sizə də pay düşür. 

Dinlədiyim yerdə heç bilmirəm, bu cümlə niyə mənim dilimdə çıxdı:

- Vallah, mən heç nəyə münasibət bildirməmişəm. Niyə məni danlayırsınız axı?

Vallah da, billah da düz deyirəm. Mən ki, varam, çox humanist adamam. İndi adam istəyir onu burda dəfn etsinlər, lap yaxşı, etsinlər də. Narazı olan adamlardan heç kimin həyətindən torpaq istəmir ki. Bu boyda qırğına nə ehtiyac var axı? Elə bu sualları öz-özümə verirdim ki, gördüm Lütfi Zadə müəllim mənə baxıb, fikrə gedib. Köksünü ötürüb, dedi:

- Bilirəm ki, sən bu damda olan hər kəsdən yazırsan. Dedim elə məndən də yazasan. Ona görə sənə danışıram. Yoxsa, mənim heç kimlə işim yoxdur. Hələ ölməmişəm, bu həngaməni çıxarmısınız, nəşimi Azərbaycana gətirsələr, qorxuram məni daş-qalaq edəsiniz. Şair yaxşı deyib ki "Gəzməyə qərib ölkə, Ölməyə vətən yaxşı". Amma görürəm sizin yerinizi dar edirəm...

Əzizlərim, elə sizin tərəfinizi saxlamaq üçün həyəcanla etiraz etməyə hazırlaşırdım ki, bir də gördüm əlimdə tutduğum kofe üstümə dağıldı. Başımı qaldırıb baxdım ki, nə Lütfi Zadə var, nə də internet. Burda deyiblər: "Qonşunun ipinin üstünə odun yığmaq olmaz". 

Qaynarinfo.Az