Hüseynbala Səlimov

Bəzən bizim özümüzün subyektiv gözləntilərimizlə və ya umacaqlarımızla siyasi proseslərin tempi bir qədər uyğunsuzluq təşkil edir. Belə hallarda özümüzdən çıxır, cəmi Dünyanı, onun siyasət və təhlükəsizlik institutlarını o ki var qınayır, yamanlayır və qarasınca deyinirik...

Əslindəsə qlobal siyasi proseslər hər an və həmişə gedir. Bir çox hallarda onlar ona görə nəticəsiz görünür ki, özümüz nəsə edə bilmirik və özümüzün sosial-siyasi kreativliyimiz yetərincə olmur.

Məsələn, başqa post-sovet ölkələri bu otuz ildə çox əlləşib-vuruşub cəmi bircə dəfə inqilab etdilərsə, Ukraynada düz iki dəfə rəngli inqilab oldu. 

Fəqət, dəfələrlə belə məqama diqqət yetirməyə çalışmışam ki, Ukraynadakı inqilabların kreativlik dərəcəsi çox aşağıdır - əgər bir ölkədə təkcə Vladimir Leninin heykəllərini götürmək üçün iki dəfə “inqilab” etmək lazım gəldisə, bunun özü artıq çox şey deyir, çox mətləblərdən xəbər verir.

Bəli, indi hamı bu fikirdədir ki, ukraynalılar onlardan asılı nə vardısa etdilər, Rusiyaya “əlvida!” deyib üzlərini Qərbə - Avropa tutdular. Gəl, ABŞ-ın və Avropanın cavabı buna nə oldu? Tam dəstək verdilərmi onlar Ukraynaya?

Burada yekdil bir fikir yoxdur. Ukraynalılar daha çox bu fikirdədir ki, Qərb onları növbəti dəfə aldatdı. Qərblilər özləri isə iddia edirlər ki, indi Ukraynaya nə qədər dəstək vermək mümkündürsə, onlar bunu ediblər və bu gün də etməkdədirlər.

Beləcə, mübahisəli vəziyyət yaranıb. Qərbi onda qınamaq olar ki, vədlərinə rəğmən Kiyevi NATO-ya və Avropa Birliyinə tam hüquqlu üzv etməyə tələsmirlər. Amma Qərb institutlarını da başa düşmək və necə deyərlər, onların halına yanmaq mümkündür. Onlar Rusiyanın təzyiq və təqiblərini nəzərə alaraq mümkün qədər risqsiz variantlar seçməyə və Kiyevi Qərbə inteqrasiya etməyin ağrısız variantlarını seçməyə hazırlaşır və hətta bu xüsusda konkret təkliflərlə çıxış edirlər. 

Düzdür, heç də həmişə arzuolunan nəticələr alınmır. Amma nə etmək olar? Məsələn, Barak Obamanın vaxtında Ukrayna üçün hətta xüsusi təhlükəsizlik statusu müəyyən etməyə çalışdılar. Mahiyyəti də bu idi ki, Ukrayna hətta Alyansa üzv olmadan da onun müəyyən imtiyazlarından və üstünlüklərindən istifadə edə bilərdi. 

Hazırda da səylər davam etdirilir. Rusiyaya məhz Ukraynaya görə sərt sanksiyalar tətbiq edilir, ABŞ-ın yüksək çinli məmurlarının bu ölkəyə səfərləri davam edir. 

Hətta bu yaxınlarda deyildi ki, Ukraynanın müstəqillik gününə nəzərdə tutulmuş hərbi paradı ABŞ-ın müdafiə naziri “qəbul” edəcək. Amma bu prosesdə bizi qane etməyən əsas amil nədir? 

Təəssüf ki, Qərbin Ukraynadakı, Gürcüstandakı və Moldovadakı proseslərə reaksiyası vəziyyətə daha adekvatdır. Onlar bu ölkələrdəki münaqişələrdə Rusiyanın rolunu daha düzgün qiymətləndirirlər. 

Amma bunu Dağlıq Qarabağ münaqişəsi haqqında heç demək olmur. Düzdür, bunun başqa bir səbəbi var. Rəsmi Bakı özü də Rusiya ilə həddindən artıq ehtiyatla davranır. Bakı hətta bu münaqişədə Rusiyanın roluna işarə etməyə belə cəsarət etmir, əksinə Rusiyanı özünün strateji tərəfdaşı və ya dostu kimi təqdim edir. 

Belə bir halda ABŞ və digər Qərb ölkələri nə etməlidir? Təbii ki, onlar da özləri üçün əlavə problem yaratmaq istəmir və deyirlər ki, Rusiya ilə münasibətləriniz yaxşıdırsa biz də bunu təqdir edirik və elə münaqişənin çözülməsini də bu ölkənin öhdəsinə buraxırıq.

Sözsüz ki,  Dağlıq Qarabağ münaqişəsinin yeganə özəlliyi heç də rəsmi Bakının Rusiya ilə həddindən artıq ehtiyatla davranması deyil. Təəssüf ki, ən azı bu gün üçün bizim Dağlıq Qarabağ münaqişəsini Abxaziya, Cənubi Osetiya və ya Dnestryanı münaqişə ilə bərabər tutmur və ona “əlahiddə” bir münaqişə kimi yanaşırlar. 

Məsələ bundadır ki, Ermənistan bir çox ölkələrdəki güclü erməni diasporunun sayəsində həmin ölkələrin, necə deyər, saqqızını oğurlaya bilibdir. ABŞ və Avropa ölkələri yarıcan, könülsüz halda Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini deyir, amma eyni zamanda Dağlıq Qarabağdakı kiçik “erməni xalqı”nın da “hüquq”larını müdafiə etməyi heç bir halda yaddan çıxarmırlar...

Məsələnin də qəlizliyi elə bundadır. Bizim mövqeyimizi birmənalı şəkildə dəstəkləyən tərəfdaşlarımız olduqca azdır. Ölkələrdən bunlar yalnız və yalnız Türkiyə və Pakistandır. Təşkilatlardan isə yalnız İƏT-in adını çəkmək olur...

Ona görə də hara üz tutmaq məsələsi hələ də mübahisəli olaraq qalmaqdadır. Sadəcə, bir məsələ var ki, bütün hallarda Qərbin Qarabağla bağlı tələbləri daha mülayim olmağı vəd edir. 

Ən azı Qərbdə anlayırlar ki, bu gün dünyanın 5 mindən artıq xalqına müstəqillik vermək heç də ən optimal yol deyildir. Bunun əvəzində ölkələri demokratikləşdirmək və dövlət - vətəndaş münasibətlərini 21-ci əsrin tələblərinə və məntiqinə uyğun səviyyəyə çatdırmaq daha düzgün  yol olardı. 

Təbii, bu da heç də həmişə ən uğurlu siyasi resept, bütün situasiyalar üçün yararlı universal açar sayılmır. Ona görə ki, hətta ən demokratik və liberal ölkələrdə belə etnik separatizm meyllərinə yetərincə təsadüf edilir və hətta adam çaşıb da qalır ki, axı bu adamlara daha nə lazımdır?...

Məsələn, indi belə məlum olur ki, şotlandlıları Böyük Britaniyanın nə yüksək həyat səviyyəsi, nə də ki, Birlikdəki yüksək demoktariya qane etmir. 

Eyni sözləri Fransadakı, Kanadadakı və yaxud da ki, elə İspaniyadakı milli-etnik separatizm ocaqları haqqında demək olar. Ona görə də bircə çıxış yolu qalır. Bu da güclü dövlət və millət olmaqdır, çünki yiyəsiz evi talan etmək istəyənlər həmişə çox olur...

Qaynarinfo.Az