Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook” hər gün spam, fırıldaqçılıq və ya ədavət salan nəşrlərə görə 1 milyondan çox hesabı bloklayır.

"Qaynarinfo" ICTnews-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkənin təhlükəsizlik xidmətinin direktoru Aleks Stamos məlumat verib.

O etiraf edib ki, istifadəçilər arasında əlaqələrin sayını nəzərə alaraq şirkət bütün təhlükələri aradan qaldıra bilmir. Bəzən isə “Facebook”un qaydalarını pozmayan nəşrlər və videoçarxlar sosial şəbəkədən silinir.

“Facebook”un nümayəndəsi, həmçinin xatırladıb ki, sosial şəbəkə 100-dən çox ölkənin qanunvericiliyini nəzərə alaraq işləməyə məcburdur.

Xatırladaq ki, Avropa Birliyi bir neçə dəfə ABŞ şirkətini ekstremist məzmunla zəif mübarizədə ittiham edib. Məsələn, 2016-cı ilin dekabrında Avropa Komissiyası “Facebook”, “Microsoft” və başqa şirkətlərdən ədavət salan məzmunla aktiv mübarizə aparmağı tələb edib.

Qeyd edilirdi ki, əks təqdirdə Avropa Birliyi tərəfindən qəbul ediləcək qanunverici aktlar şirkətləri öz üzərinə götürülmüş öhdəlikləri icra etməyə məcbur edəcək.

Qaynarinfo.Az