Hüseynbala Səlimov

Başqasının söhbətinə qulaq vermək elə də yaxşı iş deyil. Amma dayanacaqda gözləyərkən, avtobusda gedərkən, hətta tərəvəz dükanında tərəzinin qarşısında növbə tutarkən istər-istəməz insanların nə danışdığını eşitməli olursan. 

Lap bu günlərin söhbətidir. Avtobusda iki kişi biri-birilə söhbət edirdi və mən də onların arxasında oturmuşdum. Bir cümlə diqqətmi yamanca çəkdi: “Əşi, bura ölkə döyül, lap “bratski moqila”dır”... Bəli, elə beləcə də dedi: “bratski moqila”... 

Biz azərbaycanlılar rus sözlərinin və ifadələrinin qol-budağını sındırmağı sevirik. Özü də tək biz yox. Yadıma gəlir, sovetlər vaxtında mərkəzi qəzetlərin birində belə bir yazı getmişdi ki, ay aman, SSRİ-də artıq ən azı 15 rus dili var!

Elə hazırda ingilislər də deyirlər ki, əsl ingilis dilindən savayı minimum daha üç ingilis dili var; amerikalıların, hindistanlıların və bir də çinlilərin danışdığı dil.

“Ancaq məni heyrətlərə qərq edən” bu da deyildir. Rus dili rusların, ingilis dili isə ingilislərin problemidir. Məni Azərbaycan maraqlandırır...

Doğrudanmı, ölkə elə həqiqətən də “bratski moqila”dır? Demirəm ki, hər şey qaydasındadır. Amma mən bu məsələyə həmişə bir azacıq fəlsəfi prizmadan baxmışam. Düşünmüşəm ki, hər şeyin yerbəyer olması və ya ölkənin əsl normal ölkəyə çevrilməsi üçün zaman lazımdır.

Düzdür, bu zaman qısa da ola bilərdi. Qabaqcıl, öndə gedən xalqlar həmişə başqalarının səhvlərindən öyrənirlər. Ona görə də yolları daha qısa olur. Biz bunu edə bilmirik və başqalarının keçdiyi yolu bircə-bircə, addım-addım keçirik. 

Ona görə də bizə çox vaxt lazım gələcək. Bundan təbii ki, təəssüflənməyə dəyər, amma tamam haldan da çıxmaq yaramaz... Bir daha deyirəm ki, yol qısa ola bilərdi. Amma bunu istəmədik və yaxud da bacarmadıq. 

Cəmi iki detal deyəcəm. Nə qədər təəccüblü olsa da, 92-93-cü illərin hakimiyyəti də demokratiyanın “yalnız onlardan sonra” olacağını deyirdi. Beləcə, hətta bizim “demokrat”larımız da demokratiyanı təxirə salmağa, ona “özlərindən sonra” vaxt ayırmağa qərar verdilər. Ona görə də bu gün baş verən proseslərə təəccüblənməyə dəyməz - bəli, gözümüzü bərəldərək baxdığımız, guya tanımadığımız elə biz özümüzük və bu ölkə də bizim ölkəmizdir.

Başqa bir detalsa bizim müxalifətçilərin müxalifətçilik dövrü ilə bağlıdır. Bir ara istədik bir liberal proqram qəbul etdirək onalara ki, ölkədə bu dəyərlər azacıq da olsa, impuls alsın və bunun hakimiyyətdəkilərə də bir təsiri olsun. Amma necə deyərlər, daş atıb başlarını tutdular, “ölərik, gəl ki, buna imkan vermərik!” dedilər.

Ona görə də bəzi məsələləri bir azacıq sakit qəbul etmək lazımdır; özümüz belə istədik, özümüz belə seçdik... Səbəbi çox ola bilər. Bəlkə də həyatımıza görə məsuliyyəti üzərimizə götürməyə qorxduq və yaxud da totalitar dövlətin çöküşü ilə onun yerində yaranamış böyük bir boşluq qorxutdu bizi... Bilmirəm, bircə onu bilirəm ki, bacarmadıq. Təbii ki, bizim ilk “demokratlar”ın da suçu oldu bu məsələdə - onlara baxıb hamı “Əcaba, demokratiya budurmu?” deyə soruşdu...

Qərəz, çox səbəb ola bilər. Deyirlər ki, ictimai proseslərdə determinizm olmur. Amma baxıb görürsən ki, təsadüfi bir şey də yoxdur. Hələ 90-cı illərin əvvəlində kimsə demirdi ki, bəs Özbəkistanda demokratiya olacaq və yaxud da Türkmənistanda hüquqi dövlət qurulacaq! 

Amma gəl ki, demək olar, hamı bu fikirdəydi ki, bunlar Baltik ölkələrində baş verə bilər. Eləcə də oldu - Özbəkistan əsl özbək “dövləti” oldu, Estoniyada isə avropalılara layiq quruluş bərqərar oldu... 

Elə bu səbəbdən də üzümüzdəki süni sual işarəsini silək: bizim etinasızlığımızın və ya tənbəlliyimizin qarşılığında bugünkü azadlıqlar da çoxdur. 

Hətta onlar da bizə “artıqlıq edir”, çünki onlardan belə yetərincə faydalanmağı bacarmırıq və yaxud da bunu istəmirik. Məhz bu səbəbdən də (lap elə bir tamaşada deyildiyi kimi!) bəndəniz bütün hallarada nikbindir - ölkədə demokratiya hələ ki, kiçik azlığı düşündürür, böyük əksəriyyətsə kartofu və yaxud da soğanı ucuz alıb baha satmağın yolunu arayır. Ona görə də deyə biləcəyimiz bir söz, verə biləcəyimiz bir təsəlli  var: “Demokratiya - gediləsi uzun yoldur...”...

Qaynarinfo.Az