Hikmət Hacıyev: “Bu şəxsin adı “arzuolunmaz şəxslər”in siyahısına daxil ediləcək”

Son illər Azərbaycanla münasibətlərində problemlər yaranan və vaxtaşırı Bakıya ünvanlı tələblərlə çıxış edən “Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatı ölkəmizə qarşı həqarət edib. Belə ki, qurumu mətbu orqanı olan “Amnesty Press”in əməkdaşı qeyri-qanuni olaraq Azərbaycanın işğal altındakı ərazilərinə gəlib. Musavat.com bununla bağlı erməni mətbuatına istinadən məlumat verir ki, təmas xəttindəki Talış kəndinə qədər gəlib çıxan jurnalist geri dönəndən sonra xüsusi reportaj hazırlayıb.

İzabella Rozenqrin adlı jurnalist işğal zonasındakı mülki əhali və separatçı rejimin təmsilçiləri ilə görüşdüyünü yazıb. Həmçinin o, Azərbaycan əsgərinin atəşindən qorunmaq üçün tikilən 3 metrlik beton divardan da bəhs edib.

Taliş kəndinin yaşlı sakini Vilem Petrosyan jurnalistə 2016-cı ilin aprel döyüşlərindəki təəssüratlarını bölüşüb. “Mən şokda idim, öz hisslərimi sözlə ifadə edə bilmirəm”-deyən erməni evlərini tərk etdikləri zaman göz yaşları içində boğulmasından bəhs edib, bununla da hiyləgərcəsinə Azərbaycan tərəfini günahkar çıxartmağa çalışıb.

Dağlıq Qarabağdakı separatçı rejimin “məsləhətçisi” Tiqran Abramyan isə deyib ki, Qarabağda “heç kəs müharibə istəmir”. Ancaq ardınca o, Azərbaycanı “ermənifobiya”da günahlandırmağa cəhd göstərib, həmçinin Bakının müharibə istədiyini iddia edib. 

Ermənilərin bu kimi iddiaları irəli sürməsi ilk deyil, sonuncu da olmayacaq. Diqqətçəkən “Amnesty İnternational”a yaxın jurnalistin işğal zonasına icazəsiz gəlməsidir. Normalda həmin jurnalist Ermənistan ordusunun atəşi altında yaşayan Azərbaycan əhalisi ilə də görüşməli, iki ay əvvəl qətlə yetirilən 2 yaşlı Zəhranın və nənəsinin məhz tülkü kimi göz yaşı tökən ermənilər tərəfindən öldürülməsindən yazmalı idi.

Bəs, rəsmi Bakı təkilat təmsilçisinin qanunsuz səfərinə hansı reaksiyanı verəcək? Rəsmi etiraz olacaqmı?


XİN-in mətbuat katibi Hikmət Hacıyev Musavat.com-a bildirib ki, “Amnesty İnternational”-ın dərgisində verilmiş yazı Azərbaycan işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət edir, birtərəfli xarakter daşıyır və obyektiv jurnalist prinsiplərindən kənardır: “Elementar jurnalist etikası onu tələb edir ki, münaqişə məsələləri ilə əlaqədar olan materiallarda hər iki tərəfin mövqeyi işıqlandırılsın. Gördüyünüz kimi, bu yazıda yalnız birtərəfli qaydada Ermənistan tərəfinin təbliğatı aparılır”.

H.Hacıyev qeyd edib ki, özlüyündə bu səfər də qeyri-qanuni xarakter daşıyır: Azərbaycan ərazisində xarici KİV nümayəndələrinin akkreditasiyasını nəzərdə tutan qaydaların, sərhəd haqqında qanunun və digər müvafiq sənədlərin pozulması ilə müşayiət olunur. Ümumiyyətlə, “Amnesty İnternational” təşkilatının Azərbaycana münasibəti, qərəzli mövqeyi hər kəsə bəllidir. İstisna deyil k, daha dəqiq araşdırma aparılacaq və bu şəxsin adı “arzuolunmaz şəxslər”in siyahısına daxil ediləcək".

Qaynarinfo.Az

Mənbə: Musavat.com