Dünya birjalarında neftin qiyməti 5 həftəlik minimumu test etdikdən sonra kəskin artım nümayiş etdirir.

"Qaynarinfo" Apa-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,17 dollar və ya 2,55% artaraq 47,13 dollar təşkil edib. Ötən gün isə WTI markalı neft 1% ucuzlaşaraq iyulun 24-də qeydə alınan minimumu yeniləyib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,34 dollar və ya 2,63% artaraq 52,20 dollar olub.

"Harvi" qasırğasının Meksika körfəzində və ABŞ-ın neft sənayesinin mərkəzi sayılan Texas və Luiziana ştatlarında fəsadlar törətməsi neftin qiymətini təzyiq altında saxlayıb. Texas ştatında sutka ərzində 5,6 mln. barrel, Luiziana ştatında isə 3,3 mln. barrel neft hasil olunur. "Harvi" qasırğasının törətdiyi fəsadlar nəticəsində sutkalıq neft emalının həcmi 2 mln. barreldən çox azalıb.

Ötən gün ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin açıqladığı hesabatdan isə məlum olur ki, ötən həftə ərzində ABŞ-da xam neft ehtiyatının həcmi 5,4 mln. barrel azalıb. Beləliklə, artıq ardıcıl 9 həftə ard-arda ehtiyatlarda azalma müşahidə olunur. Lakin bu məlumatlar "Harvi" qasırğasının Meksika körfəzinə yaxınlaşmasından öncə dərc olunub.

Qaynarinfo.Az